Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Müsahibə / “Alimlər çoxdan xəbərdarlıq edirdilər, neft əsri qurtarmaq üzrədir” – Eldar Namazov

“Alimlər çoxdan xəbərdarlıq edirdilər, neft əsri qurtarmaq üzrədir” – Eldar Namazov

Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazov dünya gündəmini zəbt edən əsas iki məsələ – koronavirus bəlasının yaratdığı vəziyyət və neftin qiymətinin dramatik həddə ucuzlaşmasının meydana gətirdiyi durumla bağlı Musavat.com-un suallarını cavablandırıb.

– Eldar bəy, koronavirusun yayılmasından artıq xeyli vaxt keçir. Bütün dünyanı bürüyən bu pandemiya bəşəriyyəti, dünyanı hansı duruma gətirib çıxardı, koronavirus iqtisadi, siyasi baxımdan necə bir mənzərəni yaratmaqdadır?

– Dünya hələlik bu prosesin içindədir. Proses başa çatmayıb. Aydındır ki, bu pandemiya dünya iqtisadiyyatına da çox böyük zərbə vurdu. Artıq dünyada çox ciddi dəyişikliklər baş verir və proses davam edəcək. Hələ bəlli deyil ki, bir dalğa ilə pandemiya qurtaracaqmı. Bunun ikinci dalğasının qışda başlayacağını bəzi alimlər güman edirlər. Yəni proses başa çatmadığından son təhlili edib qiymət vermək bir az çətindir. Amma bəlli olan odur ki, bu pandemiya dünyada çox şeyi dəyişir və dəyişəcək. Həm dünya iqtisadiyyatında, həm dünya geopolitikasında, beynəlxalq təşkilatlar, beynəlxalq münasibətlər sistemində çox şey dəyişəcək. Elə beynəlxalq təşkilatlar var ki, artıq onların gələcəyi böyük sual altındadır. Bu, Ümumdünya Səhiyyə Təşkilatına aiddir. Hətta mən deyərdim ki, BMT-yə də aiddir. Ona görə ki, qlobal bir problem olan pandemiya ilə bağlı dünyanın bu aparıcı beynəlxalq təşkilatlarının heç bir ciddi rolu olmadı. Bunun da səbəbləri var. Ona görə ki, çoxdandır qeyd olunurdu ki, BMT bugünkü şəkildə dünyada mövcud olan güclərin balansını əks etdirmir. O, keçən əsrin 50-ci illərində yaradılmış status-kvonu əks etdirir. Dünyanın böyük siyasi, iqtisadi çəkiyə malik ölkələri olan, məsələn, Hindistan kimi, Almaniya, Yaponiya kimi dövlətlər BMT Təhlükəsizlik Şurasının daimi üzvləri deyillər. Buna görə də bir müddət öncə artıq BMT-dən kənarda yeni bir formatlar axtarmağa başladılar ki, dünyada mövcud olan güclərin balansını əks etdirən bir təşkilat qursunlar və “Böyük 20-lik” meydana gəldi. Biz indi görürük ki, bu format müəyyən bir fəallıq göstərir. Həm pandemiya ilə, həm neftin qiymətinin ucuzlaşması ilə bağlı “Böyük 20-lik”in həm fəallığı göz önündədir, həm də qərarları proseslərə ciddi təsir edir. Ona görə də güman etmək olar ki, bu pandemiyadan sonra BMT-nin taleyi də həll olunacaq. Ya bu təşkilat özündə ciddi islahatlar həyata keçirməlidir, ya da dəyişməlidir. Ola bilsin, “Böyük 20-lik” formatı BMT-nin Təhlükəsizlik Şurasının formatına çevrilə bilər. Buna bənzər başqa proseslər də gedir.

Avropa Birliyi ilə bağlı da ciddi proseslər gözlənilir. Ümumiyyətlə, qloballaşmanın fatihəsi verilib. Hər kəs qeyd edir ki, pandemiyadan sonra qloballaşma prosesinə son qoyulacaq və dünyada yeni münasibətlər sistemi formalaşacaq. O cümlədən regional liderlik baxımından dəyişikliklər olacaq. Bəzi ölkələr var ki, onların regional liderlik ambisiyaları özünü doğrultmağa başladı. Məsələn, Türkiyə kimi dövlət həm bir müddət əvvəl Suriyada dünya tarixində ilk dəfə olaraq dronlar hərbi əməliyyatını keçirməklə dünyanı heyran etmişdi. Hamı bu cür əməliyyatı ABŞ-dan, NATO-dan gözləyirdi. Ancaq bu ilk addımı atan Türkiyə oldu. İndi də Türkiyənin həm iqtisadi sistemi indiki ciddi zərbələrə tab gətirə bilir, həm dövlət sistemi çağırışlara adekvat cavab verir. Hiss olunur ki, Türkiyənin regional ambisiyaları özünü doğruldur. Başqa ölkələr var ki, onlar da bizim bölgədə liderlik uğrunda mübarizə aparırdılar, ancaq pandemiyanın zərbəsi altında az qala çökürlər. Onların bu basqıya nə iqtisadiyyatı, nə dövlət qurumları tab gətirir. Bütün bunlar da göstərir ki, dünya siyasətində çox şeylər dəyişəcək. Yeni beynəlxalq qurumlardan başlayaraq, yeni güclərin balansı formalaşacaq. Ancaq biz bu prosesin demək olar ki, bəlkə ortalarındayıq – pik nöqtəsinə yaxınlaşmamışıq. Ona görə bu proses bir müddət davam edəcək. Bundan sonra yeni durumun nədən ibarət olduğunu daha dəqiq görə və təhlil edə biləcəyik.

“Ümumdünya Səhiyyə Təşkilatının və BMT-nin gələcəyi sual altındadır”

– Almaniya və ABŞ başda olmaqla, bir sıra dövlətlər Çini koronavirusa görə ittiham eləməyə başlayıblar. Artıq Almaniya Çinə qarşı 150 milyard dollar təzminat davası qaldırıb. Bu tendensiya daha böyük miqyas ala bilərmi? Ümumiyyətlə, bu proses Çinə nə vəd edir? Bəzi iddialar da var ki, koronavirus məsələsi Qərbin Çini sıradan çıxarması üçün qurulan plandır. Bu barədə düşüncələriniz necədir?

– Burada iki məsələni bir-birindən ayıraq. Birincisi, koronavirusun meydana gəlməsi. Bu mövzuda çoxlu müzakirələr gedir, iddialar səslənir. Bəziləri hesab edirlər ki, bu virusu Çin alimləri yaradıblar və bu virusun ətrafında müəyyən eksperimentlər keçiriblər, yoluxma da bu zaman baş verib. Bu məsələ ilə bağlı mənim bir neçə qeydim var. Birincisi, koronavirusu bioloji silah kimi təqdim etmək düzgün deyil. Ona görə ki, bundan qat-qat güclü bioloji silahlar var. Elə viruslar var ki, onlarda ölüm 50 faizə çatır. Koronavirusun ölüm faizi isə o qədər yüksək deyil və bu virus daha çox yaşlı, səhhətində problem olan insanlara mənfi təsir edir. Odur ki, koronavirus bioloji silah kimi çox zəif virusdur və onu bioloji silah adlandırmaq yanlışdır. Ola bilsin ki, bu virus hansısa xəstəliklərə dərman tapmaq üçün aparılan eksperimentlərə görə hazırlanıb. Ancaq səhlənkarlıq nəticəsində yoluxma baş verdi və bu proses klinikanın laboratoriyasından kənara çıxdı. Çox tanınmış fransalı alim, Nobel mükafatı laureatı bu yaxınlarda bəyan edərək dedi ki, onlar, sadəcə, dərman axtarırdılar, işin gedişində səhlənkarlıqdan qəza baş verib və yoluxma olub. İndi bir çox dövlətlər buna görə bəyan edir ki, Çin cəzalanmalıdır. Hesab edirəm ki, burada mübahisəli məsələlər hələ çoxdur. Bunu sübut eləmək və buna görə Çini cəzalandırmaq beynəlxalq hüquq normaları baxımından o qədər ağılabatan deyil.

Ancaq məsələnin ikinci tərəfi var. Hər hansı səbəbdən Çində koronavirus yoluxması baş verəndən sonra bir ay bunu dünyadan gizlədir. Həmin o bir ay ərzində Uhan şəhərindən milyonlarla insan dünyanın bütün qitələrinə gedib-gəlirdilər. Beləliklə də dünyanın xəbəri olmadan bütün dünya koronavirusa yoluxurdu. Hətta Çində koronavirusun insandan insana sürətlə yoluxan təhlükəli virus olduğunu deyən həkimi Çin hökuməti cəzalandırdı və təkzib verməyə məcbur elədilər. Bax, buna görə Çin məsuliyyət daşıyır. Çünki bu, cinayətdir. Buna görə Çin öz cəzasını almalıdır. 21-ci əsrdə bu, birinci epidemiya deyil və sonuncu epidemiya da olmayacaq. Son 20 ildə bu, altıncı epidemiyadır. Buna qədər olan virusların bir çoxunda ölüm faizi daha çox idi. Ancaq həmin epidemiyalar çox da yayılmadılar. Koronavirusda ölüm faizi az olsa da çox sürətli və geniş yayılır. Ən təhlükəli bir də odur ki, koronavirus epidemiyası, ola bilsin, son xəbərdarlıqdır. Bir müddət sonra 7-ci, 8-ci yeni epidemiya virus daha böyük təhlükəni özündə əks etdirə bilər. Yəni bu dəfə ölüm faizi 50-60 faiz, yayılma sürəti isə koronavirus kimi ola bilər. O zaman bəşəriyyət “olum və ya ölüm” dilemması qarşısında qalar. Ona görə də indi Çinə qarşı çox ciddi tədbirlər görülməlidir ki, hər bir ölkə üçün dərs olsun. Hər bir ölkə bəri başdan öz işini bilməlidir ki, belə bir hal başlayan kimi uzağı 24 saat ərzində bütün dünyanı xəbərdar etmək lazımdır. Nəzərə almaq lazımdır ki, 20 ildə baş verən epidemiyaların 3-ü Çində meydana gəlib. Güman edirəm ki, Çinin cəzalandırılması prosesi artıq başlayıb və get-gedə daha da çox ölkələr prosesə qoşulur.

“Koronavirus epidemiyası ola bilsin son xəbərdarlıqdır”

– Bilirsiniz ki, hazırda dünyanı silkələyən daha bir hadisə neftin qiymətinin kəskin şəkildə düşməsidir. Koronavirusla yanaşı bu proses dünya düzəninə necə təsir edəcək?

– Bunlar bir-biri ilə zəncirvari bağlıdır. Qərbdə bu cür duruma ideal fırtına deyillər. Yəni iki təhlükəli amil üst-üstə düşür və bir-birini daha gücləndirir. İndi dünya iqtisadiyyatının aldığı zərbə ideal fırtına anlayışına uyğundur. Alimlər, ekspertlər çoxdan xəbərdarlıq edirdilər ki, neft əsri qurtarmaq üzrədir. O mənada yox ki, daha neft istifadə edilməyəcək, neft istifadə olunacaq, sadəcə olaraq, neftə tələbat azalacaq, alternativ enerjiyə tələbat artacaq. Bəziləri bunu 2030-cu ildən sonraya gözləyirdilər. Aparıcı Avropa dövlətləri var ki, onlar artıq rəsmi dövlət proqramları qəbul ediblər ki, 2035-ci ildən benzinlə işləyən nəqliyyat vasitələrinin satışı qadağan olunacaq. Bu ölkələrdə yalnız elektor mobillər olmalıdır. Aparıcı Avropa ölkələri belə bir qərarlar qəbul edirlərsə, deməli, bu cür qərarlar da neftə tələbatı azaldacaq. Bu kimi proses yaxın 15 ildə baş verməli idi. Ancaq koronavirus və neft qiymətləri üzərində Rusiya ilə Səudiyyə Ərəbistanının savaşı bu prosesi tezləşdirdi. İndi dünya neft bazarına elə bir zərbə dəyib ki, bu bazarın neçə ildən sonra özünə gələ biləcəyi heç kimə bəlli deyil. Ola bilsin ki, neft bazarı aldığı zərbədən tam özünə gələ bilməsin, böhran uzansın və alternativ enerji üstün mövqeyə keçməyə başlasın. Hətta ola bilsin ki, biz artıq postneft dövrünə qədəm qoymuşuq.

“İranda çox ciddi böhranlı hadisələrə hazır olmalıyıq”

– Neftin dəyərdən düşməsi Rusiya və İranı çökdürə bilərmi?

– Təkcə Rusiya və İran yox, neft hasilatı ilə məşğul olan əksər dövlətlər təhlükə altındadır. Bizi təbii ki, ilk növbədə öz taleyimiz maraqlandırır. Azərbaycanın da iqtisadiyyatının əhəmiyyətli hissəsi neft gəlirlərinə bağlıdır. Ona görə də Azərbaycan bu təhlükəni aradan qaldırmaq üçün çox ciddi islahatlar keçirib, təcili addımlar atmalıdır. Neft gəlirlərini əvəz edə biləcək büdcəyə daxil olmaları müəyyənləşdirməliyik. Hesab edirəm ki, məhz tam şəffaflıq, inhisarçılığa, korrupsiyaya qarşı çox sərt mübarizə, həmçinin kölgə iqtisadiyyatına son qoymaq yolu ilə biz büdcəmizdəki itkiləri kompensasiya edə bilərik. Qısa müddətdə büdcəni bir neçə dəfə artırmaq yolu bundan ibarətdir. Şübhəsiz ki, biz qonşu ölkələrdə, ilk növbədə Rusiya və İranda gedən prosesləri ciddi izləməliyik. Çünki oradakı hər bir böhran bizə də təsir edə bilər. Xüsusilə postpandemiya dövründə İranda çox ciddi böhranlı hadisələrə hazır olmalıyıq.

– Azərbaycan dövlətinin, hökumətinin indiyə qədər koronavirusla mübarizə tədbirlərini necə qiymətləndirirsiniz?

– Hökumətin addımlarını çox yüksək qiymətləndirirəm. İstənilən işdə müəyyən çatışmazlıq ola bilir. Bu, təbiidir. Heç bir ölkə bu pandemiya ilə üz-üzə qalmağa tam hazır deyildi. Seytnot vəziyyətində təcili addımlar atılmağa başlandı və biz ölkəmizdə o addlımların effektini görürük. Azərbaycanda dövlətin ciddi tədbirləri nəticəsində həm yoluxma sayı yüksək deyil, həm də ölüm sayı çox azdır, artıq sağalan adamların sayı yoluxanların sayından çoxdur. Bütün bunlar onu göstərir ki, tədbirlər öz effektini verdi. Azərbaycan həkimlərinin fədakarlığını da qiymətləndirmək istəyirəm.

Həmçinin oxuyun

“Artıq rəsmi olaraq Dağlıq Qarabağ adlanan ərazi bölgüsü yoxdur”- Tofiq Zülfüqarov

Terrorçu Ermənistanın törətdiyi cinayətlər səbəbindən Rusiya və Fransanın təşəbbüsü ilə əldə olunan hər iki humanitar …