Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Müsahibə / Afət Telmanqızının həyat yoldaşı: “Bu cür xanımla həyatı bölüşmək çox asan olur”

Afət Telmanqızının həyat yoldaşı: “Bu cür xanımla həyatı bölüşmək çox asan olur”

“Namizədlərin həyat yoldaşları” rubrikasına davam edir. Budəfəki həmsöhbətimiz telejurnalist Afət Telmanqızının həyat yoldaşıdır.

Afət Telmanqızı 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəddir. Onun həyat yoldaşı Ülfət Məhərrəmov Tovuz rayonunda anadan olub. İqtisad Universitetinin bakalavr və magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. Neft Akademiyasında 2-ci ali təhsil alıb. Hazırda “Azəriqaz” İB-da böyük mühəndisdir.

Ü.Məhərrəmov namizəd həyat yoldaşına dəstəyini bizimlə söhbətində də ifadə edib.

– Ülfət bəy, Afət Telmanqızı mediada öz dəst-xətti ilə seçilən, kifayət qədər məşhur simadır. Onun media cameəsində tanınması, üstəlik deputat seçilərsə, daha da məşhurlaşması sizi məmnun edirmi?

– Biz evlənməmişdən əvvəl də, o, üzdə olan insan idi. Yəni əvvəldən kiminlə evlənəcəyimi bilirdim. Onun daha da məşhurlaşması məni qane edir və hesab edirəm ki o, buna layiqdir.

– Ailə tənzimlənməsində ən böyük rolu qadınlar oynayır. Afət xanımın jurnalist olması onun gərgin iş rejimində çalışması deməkdir. Deputat seçildikdə isə daha çox işə diqqət ayırmalı olacaq. Sizin bu duruma münasibətiniz necə olar?  

– Biz evlənməmişdən əvvəl də onun iş qrafiki indiki kimi ağır idi. Yoldaşımın işə daha çox vaxt ayıracağından, xəbərdar idim. Yəni qarşıda məni nə gözlədiyindən xəbərim var idi (gülür). Millət vəkili seçiləcəyi halda məsuliyyətinin daha da artacağı, işlərinin çox olacağı, qrafikinin sıx olacağı şübhəsizdir. Çünki mənim tanıdığım Afət Telmanqızı işində çox məsuliyyətlidir. Onun hər zaman yanındayam. Hər zaman dəstəyəm.

– Həyat yoldaşınız parlament seçkilərində iştirak edəcəyi haqqında sizinlə məsləhətləşibmi? Onun istəyini ilk dəfə eşidəndə necə qarşıladınız?

– Bəli, məsləhətləşib. Anlayışla qarşıladım. Dedim ki, çətin yola çıxırsan. Bu yolda hər zaman yanındayam.

– Afət xanım işğal altında olan torpaqlarımızdan namizədliyini irəli sürüb. Onun seçiciləri də məcburi köçkünlərdir. Bu, kampaniya üçün çətinlik yaradırmı? Sizcə, belə olan halda, necə bir təbliğat-təşviqat kampaniyası aparması daha məqsədəuyğundur?

– Həyat yoldaşımın işğal altında olan rayonlardan namizədliyini irəli sürməsi təsadüfi deyildi. Çünki doğmaları Zəngilan rayonundandır. Ata-ana yurdudur. O torpaqlarda doğmalarının məzarı var. Doğmalarının ruhu dolaşır. Təbliğat kampaniyası zamanı da əsas hədəfi işğal altında olan torpaqların azadlığı üçün Ali Baş Komandanın apardığı siyasəti dəstəkləməkdir.

– Afət xanım seçicilərlə görüşlərə getdikdə, onunla birlikdə iştirak edəcəksinizmi?

– Bəli imzatoplama kampaniyasından tutmuş, seçki gününə qədər yanındayam.

– Etiraf etməliyik ki, cəmiyyətimiz adətən, uğurlu kişilərin arxasında dayanan ağıllı qadınlar haqqında yazıları maraqla qarşılayır. Bu dəfə isə uğur qazanan bir xanımdır. Bu cür bir xanımla həyatı bölüşmək necə duyğudur?

– Bu cür xanımla həyatı bölüşmək çox asan olur. Səni anlayır, qərarlar verməkdə onun mövqeyi də önəmli rol oynayır. Modern.az 

Həmçinin oxuyun

“Artıq rəsmi olaraq Dağlıq Qarabağ adlanan ərazi bölgüsü yoxdur”- Tofiq Zülfüqarov

Terrorçu Ermənistanın törətdiyi cinayətlər səbəbindən Rusiya və Fransanın təşəbbüsü ilə əldə olunan hər iki humanitar …