Çərşənbə axşamı , Avqust 9 2022
Ana səhifə / Müsahibə / “Adam indi ora gedəndə vahimələnir, sanki qeyri-adi yerdədir”

“Adam indi ora gedəndə vahimələnir, sanki qeyri-adi yerdədir”

Azərbaycanın Xalq artisti, məşhur kinoaktyor Rasim Balayev “Yeni Müsavat”ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

 – Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməyinizdən artıq 2 ay ötür. Bu müddət ərzində qurumda hansı dəyişiklik və yeniliklər oldu?

 – Müəyyən işlər görürük, gənclərə diqqət edirik. Mənə qədər də müxtəlif tədbirlər keçirilib, istər animasiya, istərsə də kiçik film sahəsində işlər görülüb, onlar tanıdılıb, maddi və mənəvi köməkliklər edilib. Amma bizim ümumilikdə işimiz filmlərdən, çəkilişlərdən asılıdır. Əgər kino olmasa, bu qurumun anlamı olmur. Bizim əsas məqsədimiz, amalımız odur ki,  Azərbaycanda milli kino yenidən dirçəlsin.

 – Nəsə bir işıq ucu varmı?

– İşıq ucu deyəndə ki, bu işlə bilavasitə məşğul olan insanlar, qurumlar var. Yəni Mədəniyyət Nazirliyinin kino şöbəsi, həmçinin Prezidentin sərəncamı ilə yaradılmış Kino Agentliyi bu işlə məşğuldur. Nazirlər Kabinetinə tapşırıq verilib ki, agentliyin hələlik strukturu təşkil olunsun. Ümidimiz də onadır ki, 2 aya bu məsələ həll olunsun. Bildiyiniz kimi, Prezidentin kino çəkilişinə ayırdığı pulları həmin agentlik idarə edir və hansı filmə nə qədər pul ayırmağı onlar bilir. Bir ittifaq kimi bu məsələyə qarışmaqla bağlı bizim səlahiyyətimiz yoxdur.

– Quruma sədr olmaq sizə çətin deyil? Yeni təyinat olanda fikirlər səslənirdi ki, sədr seçilməyinizə o qədər də həvəsli deyilsiniz. Bəs indi peşmanlıq hissi varmı?

 – Yox, mənim üçün niyə çətin olsun ki? Artıq 20 ildir ki, bu qurumda birinci katib işləmişəm. Yəni buradakı iş-gücləri əvvəldən bilirdim, ona görə də mənim üçün heç də çətin deyil. Çətinlik ondan ibarətdir ki, hazırda Azərbaycan kinosunda ürəkaçan bir şey yoxdur. Vaxtilə kinostudiyada 1200 adam işləyirdisə, indi 4-5 adam var. Studiyanın bütün zalları bağlı, koridorları səssiz, insan nəfəsi dəyməyən yerə çevrilib. Adam gedəndə qorxur, vahimələnir, sanki qeyri-adi bir yerdir. Axı vaxtilə orada qızğın işlər gedib, bədii, sənədli filmlər çəkilib, dublyajlar olunub. Hətta “Mozalan” da çəkilirdi. Bu gün isə onların heç biri yoxdur və mənzərə çox ürəkağrıdıcıdır…

– Yeni çəkiləcək kinolarla bağlı sizə təkliflər gəlibmi?

– Hələ ki yox. Yəni hazırda kino çəkilişi ilə bağlı nəsə yenilik yoxdur. Olsun ki, təkliflər də verilsin.

 – Bəziləri qeyd edir ki, milli kinomuzun tənəzzülə uğramasının əsas səbbələrindən biri maliyyə ilə bağlıdır. Belədirmi?

 – Xeyr. Maliyyə yalnız şərtidir. Amma elə maliyyə deyə-deyə qalmışıq. Xatırlayıram ki, 90-cı illərdə ümumiyyətlə film çəkilmədi, demək olar ki, həmin struktur dağıldı. Sonradan tək-tük filmlər çəkildi, amma onlar da nəzərəçarpan olmayıb. Olanı da bir dəfə televiziya ekranında göstərirlər, vəssalam.

Kino sahəsində peşəkarlıq problemi var. Zamanında kurslar təşkil edilirdi, hər il bizləri Moskvaya göndərirdilər, ən məşhur rejissor və aktyorlar, operator və ssenaristlər yeni kadrlar yetişdirirdilər. Lakin sonra əlaqə kəsildi və yeni nəsil yetişmədi. Hesab edirəm ki, bu haqda ölçü götürülməlidir. Əgər bunlar olmasa, Azərbaycan kinosu əmələ gələ bilməz.

– Zamanında “Babək”, “Nəsimi” kimi sanballı filmlərə çəkilən bir sənətkar kimi yəqin ki, o cür filmlər üçün çox darıxırsınız…

– Əlbəttə. O cür filmlər indi də lazımdır. Biz yenicə 44 günlük Vətən müharibəsi yaşamışıq, ondan əvvəl də Birinci Qarabağ müharibəsi olub. Gərəkdir ki, bu mövzuda, həmçinin qəhrəmanlarımız, tarixi şəxsiyyətlərimiz haqqında o cür sanballı filmlər çəkilsin. Lakin dediyim kimi, hələ ki ortada heç nə yoxdur. Bizim də ümidlə gözləməkdən başqa çarəmiz yoxdur.

– Bir müddət əvvəl sağlamlığınızla bağlı problemlər var idi. İndi vəziyyət necədir?

– Şükür Allaha, hər şey yaşıma uyğundur, yəni yeni bir şey yoxdur. İndi bizim hamımızı narahat edən milli kinomuzun vəziyyətidir…

Həmçinin oxuyun

“Deyirlər ki, jurnalist vətənpərvər yox, xəbərpərvər olmalıdır”

Bir müddət əvvəl “Yeni Müsavat”ın baş redaktoru Azər Ayxan bəyanat yayaraq “Yeni Müsavat” Media Qrupu …