Çərşənbə , Sentyabr 27 2023
Ana səhifə / Müsahibə / Abituriyentlər necə seçim etməlidirlər? – “Balım buna düşür” prinsipi ilə…”

Abituriyentlər necə seçim etməlidirlər? – “Balım buna düşür” prinsipi ilə…”

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil tədqiqatçısı Elmin Nurinin Yenisabah.az-a müsahibəsi:

– Elmin bəy, qəbul imtahanları sona çatıb. İndi abituriyentlərin qarşısında “düzgün ixtisas seçmək” kimi əhəmiyyətli bir məsələ durur və son 3 günləri qalıb. Abituriyentlər nələrə diqqət etməlidir?

– Hazırda Universitetlərə qəbulun ixtisas seçimi mərhələləri həyata keçirilir və bu həddindən artıq vacib, diqqət və məsuliyyət tələb edən bir prosesdir. İxtisas seçimi kiminə çox asan, sadə bir proses kimi görünə bilər, bu isə kökündən yanlışdır. Çünki burada çox vacib olan meyarlar – məntiqi yanaşmalar, müəyyən statistik dataların nəzərə alınması kimi şərtlər var. Təbii ki, baldan asılı olaraq kodlaşdırmanın asanlıq və çətinlik dərəcəsi də dəyişmiş olur.

550 və daha artıq bal yığan abituriyentlə, 200-220 bal yığan abituriyentin ixtisas seçiminin aparılması prosesi eyni deyil. Birində risk daha güclüdür.

– Deməli, yüksək bal toplayan abituriyentlər kodlaşdırmada risk altında deyil?

– Xeyr! Yüksək bal yığanlar da arxayın olmamalıdır. Çünki dəfələrlə şahidi olmuşuq ki, 500-dən artıq bal yığanlar istədiyi ixtisasa düşə bilməyiblər və öz tələbəlik həyatlarından məmnun qalmayıblar.

– Bəs nə etmək lazımdır?

– Burada bəzi əsas prinsiplər var: müəyyən bir statistik dataların öyrənilməsi və düzgün müqayisənin aparılması. Məsələn, götürək Bakı Dövlət Universitetinin Coğrafiya müəllimliyi ixtisasını. Bu ixtisas seçilərkən bu il həmin ixtisas üçün keçid balı üçün ayrılmış plan yeri nəzərə alınmalı və  2-ci qrupa imtahan verənlərin bu ilki və keçən ilki göstəriciləri analiz edilməlidir. Bunlar ixtisas seçimi ilə məşğul olan şəxslər tərəfindən aparılır. Amma bunlardan da əvvəl abituriyentin ixtisasa nə dərəcədə istəkli olub-olmaması ilə də bağlıdır. Çünki 4 illik təhsil prosesinə həmin abituriyent qoşulacaq. Onun məmnunluğu və tələbə kimi xoşbəxtliyindən çox şey asılıdır. Ona görə də, əsas meyarlara fikir vermədən abituriyent öz fikrini müəyyən ixtisas, universitet üzərində diqtə etməlidir. Məhz onun diqtəsindən sonra istər valideyn, istərsə də ixtisas seçimi ilə məşğul olan şəxs öz fikirlərini, analizlərini təqdim etməlidir.

– Bir qrup gənc ixtisas seçimində valideynlərin fikirlərini əsas götürürlər. Valideynlər onları arzusunda olduğu, ancaq yiyələnə bilmədikləri ixtisaslara yönəldirlər. Bu gələcəkdə hansı fəsadlar yarada bilər?

– Düzgün ixtisas seçiminin birinci qaydası odur ki, abituriyentin istəyi və fikri nəzərə alınsın. Məhz bu istək nəzərə alındıqdan sonra ikinci mərhələyə – statistik meyarların incələnməsinə başlanılmalıdır.

Məsələn, abituriyent deyir ki, mən Bakı Dövlət Universitetində Coğrafiya müəllimliyi ixtisasını oxumaq istəyirəm, buna həvəsim var. Daha sonra statistik məlumatlar ixtisasla tutuşdurulmalıdır, müəyyən paralellik aparılmalıdır. Həmin statistik meyarlar abituriyentin yığdığı ballamüqayisə edilməlidir. Bu zaman ikinci mərhələ tamamlanır. Üçüncü mərhələdə düzgün ardıcıllığın və sıralamanın düzülməsidir. İxtisas seçimin ən çətin mərhələsi məhz elə üçüncü mərhələdir. İldən ilə plan yerləridə artırılır, elə buna görə də bir çox abituriyent tələbə adını qazanır. Amma abituriyent özü istədiyi yerə düşə bilməyəndə nəticədən məmnun olmur.

Bəzən elə olur ki, abituriyent topladığı balla daha yaxşı ixtisası qazana biləcəyi halda, qazanmır. Məsələn abituriyentin balı imkan verir ki, o, BDU-nun Hüquq fakültəsinə qəbul olsun, amma kodlaşdırmanı elə aparırlar ki, o, kitabxanaçılıq və informasiya fakültəsinə düşür. Təbii ki, həmin tələbə heç vaxt tələbəlik həyatından məmnun olmayacaq.  

– Onda belə  çıxır ki, hər adama ixtisas seçimini həvalə etmək olmaz…

– İxtisas seçimi zamanı düzgün insanlara müraciət etmək lazımdır. Bizdə ixtisas seçimi ilə məşğul olan şəxslər yarım saata, uzağı 40 dəqiqəyə, hətta 20 dəqiqəyə kodlaşdırmanı edib abituriyenti yola salırlar. Düşünürlər ki, təki mənim kodlaşdırdığım şəxs tələbə adını qazansın. Ən vacib detallar nəzərə alınmalıdır.  Seçilmiş hər bir ixtisasla  abituriyentin ürəyi və göstəricisi arasında paralellik aparılmalıdır. 15 xanada olan yerlər boş-boşuna yazılmamalıdır. Seçimə “balım buna düşür” prinsipi ilə yanaşmaq olmaz!  

Bəzən valideynlər övladlarının fikrini heçə sayaraq öz istədikləri ixtisasın yazılmasını tələb edirlər. Bəzən onlar bu işlə məşğul olan mütəxəssisə də mane olaraq məsələyə qarışırlar, elə buna görə də məntiqi ardıcıllıq pozulur”.

Həmçinin oxuyun

Separatçıların aqibəti belə olacaq?

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik: – …