Ana səhifə / Müsahibə / “32 ildir müstəqil dövlətik, hələ də normal parlament formalaşdıra bilməmişik” – Afsəddin Nəbiyev

“32 ildir müstəqil dövlətik, hələ də normal parlament formalaşdıra bilməmişik” – Afsəddin Nəbiyev

Məlum olduğu kimi, Avropa Parlamenti növbəti dəfə Azərbaycanla bağlı qərəzli qətnamə qəbul edib. Əslində Avroparlament əksər sahələrdə Azərbaycana qarşı qərəzli mövqedən çıxış edib. Vaxtilə Avropa Parlamenti Cənub Qaz Dəhlizi layihəsinə qarşı çıxdı. AP-nin bir sıra deputatları bəyan edirdilər ki, bu dəhlizdəki kəməri qazla doldurmaq mümkün olmayacaq.

AP deputatları TAP-ın çəkilişini önləmək üçün İtaliyada ekoloji aksiyalara dəstək verirdi. Lakin zaman Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyi üçün vacibliyini, Azərbaycanın Avropa üçün əhəmiyyətini sübut etdi.

Bu və digər məsələlərlə bağlı AMİP-in sədr müavini Afsəddin Nəbiyevə bir sıra suallar ünvanladıq:

– Avropa Parlamentinin Azərbaycana qarşı davamlı qərəzli mövqedən çıxış etməsi nədən qaynaqlanır?

– Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyi əslində bizi təəccübləndirmədi. Son 30 ildə işğala məruz qalan Azərbaycan dövlətilə işğalçı Ermənistanın ədalətsiz şəkildə müqayisə olunması  Avroparlamentin əsl mahiyyətini ortaya qoymuş oldu. Qərəzli mövqenin arxasında əslində Ermənistana havadarlıq edən dövlətlər dayanır. Sözügedən dövlətlər bu mövqedən çıxış etməklə Azərbaycana təzyiq etməyə çalışırlar. Onlar bu alətlərdən istifadə etməklə Azərbaycanın haqlı davasından geri çəkiləcəyini düşünürlər. Ancaq yanılırlar, bu təzyiqlərlə Azərbaycana hər hansı bir təsir etmək mümkün deyil.

– Maraqlıdır ki, AP Azərbaycanla bağlı olan, amma Avropanın maraqlarına cavab verən iqtisadi layihələri də hədəf alır. Bunun kökündə nə dayanır?

– AP-nin hazırda iqtisadi layihələri hədəf almasının səbəblərinin tək Azərbaycanla bağlı olduğunu hesab etmirəm. Fikrimcə, bunun əsas səbəblərindən biri yeni dünya düzənində Avropanın sürətlə iqtisadi cəhətdən zəifləməsidir. Bu günlərdə Avropa liderlərinin əksəriyyəti belə bir iddia səsləndirməyə çalışırlar ki, üçqütblü “savaşın” təsirlərinə ən çox məruz qalan tərəf məhz Avropadır. Üçqütblü dedikdə, burada ABŞ, Çin və Rusiyadan söhbət gedir. Avropa liderləri iddia edirlər ki, ABŞ Rusiya-Ukrayna savaşında öz hərbi sənayesini  yeniləyir. Avropa dövlətlərini də bu prosesə qatmaqla bu dövlətləri tənəzzülə yaxınlaşdırır. Məhz bu baxımdan AP bu təzyiqləri “kompensasiya” etmək üçün öz üzərinə olan basqıları Azərbaycan kimi karbohidrogen ehtiyatlarının zənginliyi ilə seçilən dövlətlərə yönləndirir. Bunun heç bir məntiqi əsası yoxdur. Bunun kökündə dayanan əsas səbəblərdən biri də budur ki, Azərbaycan vasitəsilə daha çox iqtisadi layihələri həyata keçirsinlər. Əsas hədəf Transxəzər layihəsidir. Onun da gerçəkləşməsi məhz Avropa dövlətlərinin özlərindən asılıdır.

– AP qərarları hüquqi baxımdan məcburi deyil, tövsiyə xarakterlidir. Bu baxımdan qurumun qərarlarının Azərbaycan üçün hansısa mənfi təsirlərindən söhbət gedə bilərmi?

– Təbii ki, AP-nin qərarları tövsiyə və yaxud məsləhət xarakterlidir. Məsələnin əsl mahiyyəti ondan ibarətdir ki, bu qərarlar tövsiyə xarakterli olsa belə, bəs onda onilliklər ərzində Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti aparan, ərazilərimizi işğala məruz qoyan, soyqırımı törədən Ermənistana və digər işğalçı dövlətlərə nədən belə qərar və qətnamələr tətbiq olunmur? Bu sualın cavabı ondan ibarətdir ki, AP bu qərarları qəbul etməklə çoxüzlü siyasətini aparmaqla əsas mahiyyətini gizlətməklə, riyakar oyunları ilə gündəm yaratmağa çalışır. Ona görə də hər zaman vurğulayıram, beynəlxalq hüquq yalnız quru sözlərdən ibarətdir. Sən demə, əlinə silah alıb Azərbaycan ərazisinə soxularaq, dinc insanlarımızı qətl edən ermənilər demokratik “düşüncəyə” sahiblərmiş. Öldürülən,  təzyiqlərə məruz qalan dinc azərbaycanlılar qeyri-demokratiya şəraitində yaşayırlar. Bax, Avropanın “ədalət tərəzisi” bundan ibarətdir.

– Nə etmək lazımdır ki, Avroparlament ölkəmizə qarşı qərəzli olmasın? Bu məsələdə Azərbaycandan asılı olan nəsə varmı?

– Çox işlər görməliyik. Bütün bu işlər də görülməkdədir. Artıq bir neçə ildir ki, siyasi islahatlar həyata keçirilməkdədir. Deyə bilmərəm ki, hər şey çox yaxşıdır. Uzun illərdən qalmış bir çox problemlər hələ də qalmaqdadır. Biz hər zaman demişik, elə etməliyik ki, hansısa güclər Azərbaycanda demokratiyanı bizim üçün bəhanə etməsinlər. Düz 32 ildir müstəqil dövlətik, hələ də normal parlament formalaşdıra bilməmişik. Parlament fraksiyalarımız yoxdur. Məhkəmə islahatları ləngiyir. AP sərbəst toplaşmaq azadlığını hər zaman Azərbaycana qarşı siyasi təzyiq aləti kimi istifadə etməkdədir. Bütün bu siyasi islahatları dərinləşdirməklə  bu mövzunu birdəfəlik qapatmalıyıq. İnanıram ki, siyasi islahatlar dərinləşdikcə bu problemlər də həll olunacaq. Yaxın illərdə biz Azərbaycanda böyük müsbət dəyişikliklərlərin şahidi olacağıq. (Bakı-Xəbər)

Həmçinin oxuyun

“Övladım hərbi xidmətə bu vəziyyətdə getməmişdi axı” – Oğlu “Papanin”də olan ata

19 yaşlı oğlu Rəvan Səmədov Silahlı Qüvvələrin Baş Klinik Hospitalında (“Papanin” hospitalı) müalicə olunan Lənkəran …