Ana səhifə / Müsahibə / 2017-nin qaynar yayı: artan xəbərdarlıqlar, düşmənin Türkiyə, Naxçıvan xofu…

2017-nin qaynar yayı: artan xəbərdarlıqlar, düşmənin Türkiyə, Naxçıvan xofu…

İnformasiya-psixoloji savaş gerçək savaşa keçmək üzrə; Sərksiyan rejimi qəliz seçimlə üz-üzə: öz xalqı ilə, yoxsa Azərbaycanla savaşa girmək? Rusiyalı siyasi şərhçi: “Erməni ordusu Azərbaycan ordusuna qarşı effektivliyini itirib…”

Dünən Azərbaycan ordusu növbəti, bu dəfə təkbaşına irimiqyaslı hərbi təlimlərə başlayıb. Xəbər verdiyimiz kimi, təlimə 23 min nəfərədək şəxsi heyət, 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəşi sistemi və minaatan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub.

Erməni tərəfi isə belə görünür, hələ də Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin Naxçıvanda təzəcə başa çatan taktiki təlimlərinin ağır təsiri altındadır. Buna işğalçı ölkənin Müdafiə Nazirliyinin həmin təlimlərlə bağlı yaydığı növbəti açıqlama şübhə yeri qoymur. Belə ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan Naxçıvan təlimləri ilə Azərbaycanın guya beynəlxalq öhdəlikləri pozduğunu iddia edib.
Lakin Bakının konkret hansı beynəlxalq razılaşmanın şərtlərini pozması barədə o, heç bir dəlil-sübut gətirə bilməyib. Gətirə də bilməzdi. Çünki belə razılaşma, öhdəlik, sadəcə, mövcud deyil. Əgər NATO üzvü Türkiyə alyans üzvü olmayan Qətərdə hərbi baza qura bilirsə, Azərbaycanla ortaq təlimlər keçirməyə də ona qarşı hər hansı hüquqi maneə ola bilməz.

Aydın məsələdir ki, işğalçı tərəf bu kimi bəyanatlarla iki qardaş ölkə arasında hərbi əməkdaşlığın dərinləşməsini əngəlləməyə, beynəlxalq birliyin diqqətini Azərbaycan ərazilərinin işğalından yayındırıb, özünə sərfəli səmtə yönəltməyə, paralel surətdə özünə qarşı qəzəbli olan daxili auditoriyanı sakitləşdirməyə səy edir.

Image result for Naxçıvanda hərbi təlimlər

Məsələnin ən absurd tərəfi isə odur ki, Ermənistan özü beynəlxalq qanunları pozub, qonşusunun 20% ərazisini işğal altında saxladığı halda, BMT-nin Qarabağa dair məlum qətnamələrini on illərdir qulaqardı elədiyi halda, beynəlxalq qanunlardan və öhdəliklərdən dəm vurur.

***

Bu kimi sərsəmləmələrə rəsmi Bakının reaksiyası da özünü çox gözlətməyib. Azərbaycanın Müdafiə Nazirliyi cəbhədəki son durumla bağlı daha bir açıqlama yayıb. Axar.az-ın sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, Ermənistan öz itkilərini gizlətməkdə davam edir.

Image result for Krabakh osce

“Düşmən tərəf rəsmi açıqladığı kimi 3 hərbi qulluqçusunu deyil, ağır yaralandığı bildirilən daha 2 əsgərini – Myasnik Ovanisyan və Vardan Harutyunyanı da itirib. Beləliklə də iyunun 16-da cəbhədə düşmənin 5 hərbi qulluqçusu məhv edilib. Bundan əlavə, ermənilərin daha bir neçə ağır yaralanmış hərbi qulluqçusu yerli hospitallara yerləşdirilib. Həmişə olduğu kimi, Ermənistan tərəfi ictimaiyyətin haqlı etirazından çəkinərək yenə də öz itkilərini gizlətməkdə davam edir” – açıqlamada vurğulanır.

Related image

Qeyd edək ki, öldürülənlərin əksəriyyəti Ermənistan vətəndaşlarıdır və onlar məcburi şəkildə Qarabağda “hərbi xidmətə” göndəriliblər. Bu da sizə beynəlxalq hüququn məhz Ermənistan tərəfdən pozulmasına dair növbəti əyani sübut: Ermənistan vətəndaşı olan hərbçilərin – çağırılmamış qonaqların Azərbaycan torpaqlarında nə ölümü?

***
Şübhə yox ki, ordusuna ciddi şəkildə çağırışçı problemi yaşayan Ermənistanın siyasi-hərbi rəhbərliyi sülhü deyil, müharibəni seçibsə, demək, onu da alacaq. Ancaq o zaman düşmən tərəf gənc vətəndaşlarının kütləvi ölümünə, böyük dağıntılara da hazır olmalıdır. Müharibə xəbərdarlıqları isə artmaqdadır və daha çox da əslinə qalsa, onlardan İrəvana pay düşür.

Image result for həmsədrlər apa

“ATƏT-in Minsk Qrupu Qarabağ konfliktinin həllini tələb edir, amma tərəflər müharibəyə hazırlaşır”. Bu sözləri nyus.am saytına açıqlamasında rusiyalı politoloq Aleksandr Xramçixin Qarabağdakı son hadisələri şərh edərkən söyləyib.

“Müharibə hələlik yoxdur. Müharibə olmadığı müddət ərzində tərəflər arasında bu cür toqquşmalar olacaq. Əgər tərəflərdən hansısa biri məğlubiyyətini elan etsə, yəni Qarabağdan könüllü əl çəksə, bu toqquşmalar dayanacaq. ATƏT-in Minsk Qrupu ölkələri tərəflərdən heç birinə sanksiya irəli sürməyəcək. Minsk Qrupu Qarabağ konfliktinin həllini tələb edir, amma tərəflər müharibəyə hazırlaşırlar”, – deyə o bildirib.

 

***

“Azərbaycan ordusu ilə rəqabətdə erməni ordusunun effektivliyinin azalması son illər Ermənistan hakimiyyəti üçün ciddi problemə çevrilib”.

Image result for Muxail Belyayev

Bunu isə rusiyalı şərhçi Muxail Belyayev deyib. Musavat.com xəbər verir ki, bu haqda o, “Vestnik Kavkaza” nəşrindəki məqaləsində yazıb.
Onun əminliyinə görə, məhz bu üzdən erməni tərəfi neçə vaxtdır cəbhə xətti boyu nəzarət-müşahidə kameralarının quraşdırılmasına israrla çalışır və müxtəlif monitorinq mexanizmləri ilə Azərbaycanın “əl-qolunu bağlamaq” istəyir ki, status-kvonu qeyri-müəyyən vaxtadək uzatsın.
“Aydındır ki, Bakı belə sövdələşməyə heç vaxt razı olmayacaq, nədən ki, bu, faktiki şəkildə öz ərazi bütövlüyünü təmin eləməkdən könüllü imtina demək olardı. Azərbaycanda hesab edirlər ki, təmas xəttində belə tədbirlər yalnız substansiv danışıqlara bağlı şəkildə və heç olmasa, işğal altındakı ərazilərin bir qismi azad ediləcəyi təqdirdə mümkündür”, – deyə şərhçi qeyd edib.

“2016-cı ilin aprelindəki qanlı döyüşlərə və nüfuzlu analitik mərkəzlərin Qarabağda yeni hərbi eskalasiya riski haqda daimi xəbərdarlıqlarına baxmayaraq, hazırda sülh danışıqları faktiki dondurulmuş vəziyyətdədir. Dünya və region dövlətlərinin əsas diqqəti Yaxın Şərqə yönəlib və Cənubi Qafqaz hazırda dünya siyasəti üçün prioritet mövzuların ilk beşliyində belə yoxdur. Özünün 1 iyun 2017-ci il üçün hesabatında isə Beynəlxalq Böhran Qrupu xəbərdarlıq edib ki, Qarabağda yeni müharibə əvvəlki on illiklərlə müqayisədə indi daha realdır. 2017-nin yayının çox qaynar keçməsi riski var” – Belyayev sonda əlavə edib.

***

Hələliksə, Azərbaycanla Ermənistan arasında daha çox informasiya müharibəsi, psixoloji savaş gedir. Lakin bu savaş uzun çəkə bilməz. Əgər təcavüzkarı ədalətli sülhə gətirmək üçün heç bir dinc vasitə, o sırada informasiya-psixoloji müharibə effekt verməyəcəksə, o halda yeganə bir yol qalacaq – həqiqi müharibə. Vətən müharibəsi…

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …

Bir cavab yazın