Şənbə , Avqust 24 2019
Ana səhifə / Müsahibə / “18 yaşlı əsgərlərlə müharibəni udmaq olmaz…”

“18 yaşlı əsgərlərlə müharibəni udmaq olmaz…”

“Bu dəfə heç kimin sözünə baxmadan torpaqlarımızı azad etməliyik…”

“Qarabağda baş verənlər böyük dövlətlərin oyunlarıdır. Çünki Ermənistanın elə bir gücü, qüdrəti yoxdur ki, bu cür təxribatlara əl ata bilsin. Bunun arxasında duran ermənilərin “dayıları”dır, onları qızışdırıb bu təxribatları törədirlər. Ancaq hər dəfə də layiqli cavablarını alırlar. Buna baxmayaraq quduz it kimi geri çəkilib yenidən hücuma keçirlər. Hesab edirəm ki, bu təxribatlara uymaq lazım deyil. Hələ 90-cı illərdə yalandan başqa istiqamətlərə atəş açırdılar ki, biz həmin istiqamətlərə qüvvələrimizi yerləşdirək və bundan sonra bütün qüvvələrini cəmləyərək tamam başqa istiqamətdən hücuma keçib, istədiklərinə nail olurdular. Təəssüflər olsun ki, o zaman bizim silah-sursat, avadanlıq cəhətdən imkanımız yox idi ki, onların əsl məqsdlərini bilək. Ancaq indiki halda Azərbaycanın ən müasir müharibə silahları, avadanlıqları var və onların bütün məkrli planlarını qabaqcadan bilmək olur. Layiqli cavablarını da alırlar”.
Bu sözləri Moderator.az-a açıqlamasında Azərbaycanın sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev son günlər cəbhə xəttində baş verən insident haqqında danışarkən deyib.
Tacəddin Mehdiyev daha sonra rəsmi qurumlardan itkilərimizlə bağlı dəqiq məlumat tələb edilməsinin doğru olmadığını bildirib: 
“Bəzi jurnalistlər yazır ki, həlak olanların kimliyi haqqında rəsmi açıqlama verilsin. Qeyd edim ki, bu, qətiyyən yolverilməzdir. Onsuz da onların valideynlərinə xəbər veriləcək, dövlət tərəfindən dəfn olunacaqlar, ailələrinə lazımi köməklik də ediləcək. Böyük vətən müharibəsini yada salaq, o zaman bir diviziya, bir polk məhv olurdu, ancaq onu açıqlamırdılar. İndi bu işə sanki oyuncaq kimi baxırlar, ağıllarına gələn rəqəmlər yazırlar. Bilmək lazımdır ki, bu müharibədir, itki də vermək olar, ancaq bunu şişirtmək, xalqda ümidsizlik yaratmaq qətiyyən yolverilməzdir. Aprel döyüşləri göstərdi ki, xalqda öz torpaqlarını azad etmək üçün böyük ruh yüksəkliyi var. Həmin ruh yüksəliyinə xələl gətirmək olmaz”.
Sabiq nazir onu da qeyd edib ki, növbəti döyüş başayacağı təqdirdə dayanmadan torpaqlarımızı azad etməliyik:
“Ermənilərə layiqli cavablarını vermək vaxtı çoxdan yetişib. Hesab edirəm ki, ermənilərin məkrli fikirləri davam edərsə, aprel döyüşlərindən də daha ciddi döyüşlər keçirmək lazımdır. Və bu dəfə heç kimin sözünə baxmadan dayanmaq lazım deyil, bütün Azərbaycan torpaqlarını azad etmək lazımdır. Yox əgər bizimkilər indi erməni təxribatlarına uyub Dağlıq Qarabağa girsə, nəticəsi yaxşı olmayacaq. Çünki ermənilər onu gözləyirlər ki, biz ya Qazax, ya Tovuz, ya da Gədəbəy tərəfdən erməni mövqelərinə hücum edərək tarazlığı pozaq və onlar da kollektiv qoşunlarını bizimlə vuruşmağa cəlb etsinlər. Biz heç bir təxribata getmədən ilk növbədə Laçın və Kəlbəcər də daxil olmaqla itirilmiş torpaqlarımızı geri qaytardıqdan sonra Dağlıq Qarabağ məsələsinə baxa bilərik. İkinci aprel döyüşləri başlayarsa, qətiyyən dayanmaq lazım deyil, öz torpaqlarımızı azad etməliyik və bu qısa müddətli olmalıdır. Düşmən xəbər yayana, cavab gözləyənə qədər biz qısa müddətdə torpaqlarımızı azad etməliyik.
Zaman keçdikcə insanların erməniyə nifrəti daha da artır. Bu qədər insan erməniyə görə öz doğma yurdlarından qaçqın düşüb. Qaçqın vəziyyətində yaşamaqları onları məcbur edir ki, müharibə etsinlər və öz torpaqlarına qayıtsınlar. Həm də ki, biz bu binamusluğu nə qədər qəbul etməliyik axı, düşmən öz layiqli cavabını almalıdır. Hər kəs yaxşı bilir ki, erməni ancaq hiyləgərliklə, məkrli dayılarının səbəbinə bu gün qələbə çalmış tərəfdir, yoxsa onlarda mərdlik, igidlik yoxdur. Azərbaycan əsgəri hər cəhətdən düşməndən qat-qat üstündür”.
T.Mehdiyev sonda onu da qeyd edib ki, müharibədə qələbə qazanmaq üçün güclü hazırlıq aparılmalıdır:
“Müharibəni qələbə ilə başa vurmaq üçün görülməsi gərəkən işlər barədə Konsepsiya hazırlamışam. Və iki il bundan əvvəl həmin Konsepsiyanı Prezident Aparatına göndərmişəm. Ancaq bu günə qədər də mənim məktubuma cavab gəlməyib. Əgər həmin Konsepsiyada yazıdqlarım cəfəngiyyatdırsa, desinlər ki, sən cəfəngiyyat yazmısan. Yox əgər dövlət əhəmiyyətli məsələləri qaldırmışamsa, heç olmazsa mənə cavab verilməliydi ki, Konsepsiyanı müzakirə etdik, fikirlərinizə görə çox sağ olun. İndi bunu deməkdə məqsədim odur ki, Azərbaycanın müharibəni qələbə ilə başa vurması üçün güclü hazırlıq aparılmalıdır. Güclü zabitlər, döyüşçülər hazırlanmalı, hərbi sursatların ehtiyat hissələri hazırlanmalıdır. Və əsas da 18 yaşlı əsgərlərlə müharibəni udmaq olmaz, müharibədə ancaq güclü hazırlıqlar hesabına qısa müddətdə qələbə qazanmaq olar”.

Həmçinin oxuyun

İqbal Məmmədovun oğlundan “dərin fəlsəfi” müsahibə – Video

Millət vəkili İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlının bir müddət əvvəl Türkiyə KİV-lərindən birinə verdiyi müsahibənin …

Bir cavab yazın