Cümə , Yanvar 21 2022
Ana səhifə / Müsahibə / “12 illik təhsil sisteminə keçmək lazımdır” – Misir Mərdanov

“12 illik təhsil sisteminə keçmək lazımdır” – Misir Mərdanov

Azərbaycanın keçmiş təhsil naziri Misir Mərdanov “Yeni Sabah”ın suallarını cavablandırıb:

– Azərbaycanda 12 illik təhsil sisteminə keçilməsi ilə bağlı təkliflər var. Sizcə, bu təklif nə dərəcədə effektivdir?

– Mənə elə gəlir ki, biz hər hansı addımı atmazdan öncə Azərbaycanın tarixi ənənələrini və beynəlxalq təcrübəni nəzərə almalı, yalnız bundan sonra qərar qəbul etməliyik. Hələ mən təhsil naziri vəzifəsində işləyən vaxtlarda gələcəkdə 12 illik təhsil sisteminə keçmək haqqında söhbətlər gedirdi. Səhv etmirəmsə, sonra bu məsələ təsdiqləndi, belə qənaətə gəlindi ki, 12 illik təhsil sisteminə keçmək lazımdır. Dünyanın əksər ölkələrində tam orta təhsilin müddəti 12 ildən ibarətdir. Azərbaycanda da bu sistemə keçilsə, zənnimcə, səhv olmaz. Ancaq mütləq hazırlaşıb sonra qərar qəbul etmək lazımdır.

– Azərbaycanda hazırda məktəb direktoru vəzifəsi üzrə 500 vakant yer var. Buna səbəb son illərdə məktəb direktorlarının işə müsabiqə yolu ilə qəbul edilməsidir. Siz nə düşünürsünüz, direktor təyin edilməli, yoxsa müsabiqə yolu ilə seçilməlidir?

– Bu işə əlbəttə ki, təhsil nazirliyi rəhbərlik etməlidir. Bu, təhsil siyasətinin bir hissəsidir. Əgər kənd məktəbidirsə, yaxşı olardı ki, məktəbin direktoru həmin kəndin nüfuzlu, tanınmış müəllimlərindən biri olsun. Direktor o kənddə və məktəbdə sözü keçən şəxslər arasından seçilməlidir. Bu mənim şəxsi fikrimdir.

– Bəs şəhər məktəblərində necə?

– Şəhər məktəblərində çox yaxşı olar ki, kollektivin də, valideynlərin də fikri nəzərə alınsın. Bundan sonra imtahan edərlər, müsabiqə keçirərlər, ya yox, orasını deyə bilmərəm. Amma yaxşı olar ki, kollektivin içərisindən nüfuzlu bir adam seçilsin. Mən şəxsən məktəbə kənardan adam gəlməsinə yaxşı baxmıram.

– Uşaq bağçalarının yenidən nazirliyin balansına verməsini necə qiymətləndirirsiniz?

– Bu əla qərardır və çox düzgün addımdır. Çünki bağça, məktəbəqədər tərbiyə müəssisəsi təhsilin əsas pilləsidir. Onlar təhsilin fundamentidir. Bağçalar hökmən Təhsil Nazirliyinin tabeliyində olmalıdır.

Həmçinin oxuyun

İrəvanın təklifinə Bakının cavabı nə olacaq? – ŞƏRH

Ehtiyyatda olan mayor, hərbi ekspert Ədalət Verdiyevin “Yeni Sabah”a müsahibəsi. – Ermənistan tərəfi Rusiyanın vasitəçiliyi …