Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Müsahibə / “100 nəfərlə Koroğlu yüksəkliyini keçib düşməni məhv etdik” – “Murovdağ əməliyyatı”

“100 nəfərlə Koroğlu yüksəkliyini keçib düşməni məhv etdik” – “Murovdağ əməliyyatı”

Düz 23 il öncə -qarlı-şaxtalı qar günlərində yüzlərlə Azərbaycan oğlu 3 min metrdən çox yüksəklikdə Kəlbəcəri ermənilərdən azad etmək üçün keçiriləcək əməliyyata hazırlaşırdı. Qarabağ savaşları tarixinə “Murovdağ əməliyyatı” kimi düşmüş  öncə  çox uğurlu başlanan, təəssüf ki, sonda məğlubiyyətə düçar olan  bu döyüşlərin fəal iştirakçılarından biri Moderator.az-a o əməliyyatın gizlinlərindən danışdı…   
Onun ad-soyadının eşidəndə sovet məktəblisi həyatı yaşamış soydaşlarımızın yadına faşizmə qarşı müharibədə qəhrəmanlığı dillər əzbəri olmuş Gəray Əsədov düşəcək. Amma qonağımız mücərrəd “Böyük Vətən” uğrunda deyil, doğma Azərbaycanın ərazi bütövlüyü uğrundakı döyüşlərdə kifayət qədər fədakarlıqlar göstərmiş milli qəhrəmanlığa layiq oğullarımızdan biridir…
Tanıtım: Gəray Xəlil oğlu Əsədov -1968-ci ildə Bərdə rayonunda doğulub. 1986-1988-ci illərdə hərbi xidmət keçib. 1991-ci ildə Moskva Əmək və Sosial Münasibətlər Universitetinin hüquq fakültəsinə daxil olub. Lakin torpaqlarımızın işğal təhlükəsi altında olduğu bir vaxtda vətənə qayıdıb (həmin ali məktəbi ordu sıralarından tərxis olunduqdan sonra bitirib). 1991-ci ilin noyabrından Qarabağ döyüşlərində  iştirak edib. 1992-ci ilin aprelindən baş leytenant rütbəsi alıb. 1992-ci ilin iyununda tağım komandiri kimi Ağdərənin işğaldan azad edilməsi üçün aparılan döyüşlərdə yaralanıb. 1992-ci ilin payızında Laçın rayonunun kəndlərinin azad edilməsində iştirak edən 701 saylı hərbi hissənin 5 saylı taborunun qərargah rəisi təyin olunub.
 1993-cü ilin aprelindən 5 saylı taborun (“Bərdə batalyonu”) komandiri kimi hərbi əməliyyatlarda iştirakını davam etdirib və 1993-cü ilin avqustundan Ağdam istiqamətində vuruşub. 1993-cü ilin dekabrında Kəlbəcərdə məşhur “Meydançay” əməliyyatında fəal iştirak edib. Dəniz səviyyəsindən 3700 m hündürlükdə keçirilən bu döyüş əməliyyatı dünya hərb tarixində nadir rast gəlinən bir vuruşma kimi yadda qalıb. 1994-cü ilin yanvar-fevral aylarında keçirilmiş ikinci Murovdağ əməliyyatından sonra həbs edilib. 1 il 6 ay həbsdə qaldıqdan sonra günahsızlığı sübut edilərək azadlığa buraxılıb. 1995-ci ildən Füzuli-Xocavənd istiqamətində “N” saylı hərbi hissədə kəşfiyyat bölüyünün komandiri olub. 1999-cu ilin sonunda ordudan tərxis olunub. Hazırda Qarabağ Azadlıq Təşkliatı Bərdə rayon şöbəsinin sədri, “Vətənpərvərlər” dərnəyinin üzvüdür.  2015-ci ilin parlament seçkilərində  15 saylı Yasamal-1 seçki dairəsindən deputatlığa namizəd olub.
-Gəray bəy, 23 il ötsə də, “Murovdağ əməliyyatı”nın hələ də qaranlıq qalan məqamları çoxdur. Eyni zamanda  sonda məğlubiyyətlə nəticələnsə də, birinci Qarabağ savaşındakı belə əməliyyatlar  torpaqlarımızın azadlığı uğrunda növbəti döyüşlərə hazır olan gənc hərbçi nəsil üçün bir təcrübə məktəbidir. Zəhmət olmasa, əməliyyata hazırlıq mərhələsi və onun gedişi barədə ətraflı danışın.
 
 – Öncə  xatırladım ki, bir tabor komandiri kimi Murovdağ istiqamətində əməliyyat keçirməyi
Bəlkə də “Murovdağ əməliyyatını həmin vaxt – yayda keçirsəydik, uğurlu alınar və doğrudan da Kəlbəcəri azad edərdik. Onda  generaldan xahiş etdim ki, bizim taboru Ağdam istiqamətinə göndərin. Z.Rzayev bununla razılaşdı və avqustun 15-də biz Ağdama gəldik. 4 aydan sonra  Müdafiə Nazirliyi Baş Qərargah rəisi Nəcməddin Sadıqovun əmri ilə dekabrın 15-də yenidən Murov istiqamətinə qaytarıldıq…
Murovdağ əməliyyatının “Meydançay” adlanan ilk uğurlu mərhələsi dekabrın 29-da başlandı. Əməliyyat planını 701-ci briqadanın komandiri, polkovnik-leytenant Valeh Rəfiyevin rəhbərliyi ilə əməliyyat rəisi Qorxmaz Qarayev, kəşfiyyat rəisi Rəhman İsgəndərov, artilleriya rəisi Elsevər Əliyev, I taborun komandiri Qurban Qurbanov və mən – V taborun komandiri Gəray Əsədov birgə hazırladıq. Döyüş planına əsasən mən taborumla 3462 m-lik Koroğlu yüksəkliyini keçməklə Meydançaya çatıb pusqu qurmalı idim. Q.Qurbanovun taboru isə Ömər yüksəkliyindən hücuma keçməli idi… Bu, çox ağır, çətin və riskli bir tapşırıq idi. Təsəvvür edin ki, dəniz səviyyəsindən 2 min m yüksəklikdən sonra artıq oksigen  çatışmazlığı başlayır. 3 min metrdən sonra qışın oğlan çağında düşmən gülləsindən əlavə, qar uçqununun, donvurmanın da qurbanı ola bilərdik.
 Mən  və bölmə komandiri Rizvan Qasımov 100 nəfərlə 16 saat uçurumlarla hərəkət edib Meydançaya çatdıq və mövqe tutduq. Qurbanovun taboru isə dekabrın 30-u səhər tezdən hücuma keçdi. Düşməni son nəfərinədək məhv etdik, bizdən isə yalnız bir nəfər, kəlbəcərli Aydınov Rəfi Telman oğlu şəhid oldu. Sonra  daha 8 km irəlilədik və ermənilərin əlində olan Yanşaq kəndi yaxınlığında mövqe tutduq. Ertəsi gün “kombriq” V.Rəfiyev Meydançaya gəldi və bildirdi ki, yolda erməni meyitlərinin çoxluğundan avtomobil hərəkət edə bilmirdi… O, mənə əməliyyatın son dərəcə uğurlu olmasına görə təşəkkürünü bildirdi. Və təltif olunmam üçün MN-ə təqdimat yazacağını söylədi…
“Briqada komandiri məni həbs etməklə hədələdi…”
 
– Sonra  Kəlbəcərə doğru hücum davam etdimi?
– İki gün idi ki, biz dağlarda idik, su əvəzinə qar yeyirdik, hamımız möhkəm soyuqlamışdıq. Rəfiyev mənim “101 piket” deyilən yerdəki qərargahımda yerləşərək əməliyyata rəhbərlik edirdi. Gecə saat təxminən 3-də rabitə rəisi məni yuxudan oyatdı ki, komandir təcili səni çağırır… “Kombriq” bildirdi ki, hazırlaş, Yanşaq kəndini təcili almalıyıq. Mən təəccüblə dedim ki, cənab komandir, bizim tabor yenicə ağır döyüşdən qayıdıb. Bundan əvvəl də Ağdamda 4 ay gərgin döyüşlərdə olub. İndi də ac-susuz, soyuqlamış əsgərləri yenidən necə qarlı yüksəkliklərə çıxara bilərəm? Hacıkənddən Yanşağa getmək üçün 10 saat vaxt lazımdır. Ermənilər də taktiki baxımdan çox əlverişli mövqedədir. Belə küləki, qarlı-şaxtalı havada Meydançay dərəsi ilə Yanşağa getmək isə labüd və mənasız ölümə getmək deməkdir. Həm də Yanşağı almaq üçün əvvəlcə sol istiqamətdə 3054, 2918, 2668 və 2475 yüksəkliklərini götürmək lazımdr. Bütün bunların cavabında Rəfiyev bildirdi ki, başqa yolumuz yoxdur, baş prokuror Əli Ömərov və baş qərargah rəisi Nəcməddin Sadıqov zəng edərək Yanşaq kəndinin təcili götürülməsini əmr ediblər. Mən yenə də etiraz etdikdə, “kombriq” hətta məni həbslə hədələdi. Bildirdim ki, məni həbs etməklə iş bitmir, bəs qalan hərbçiləri necə labüd qırğına aparacaqsız. Rəfiyev qəlbində mənimlə razılaşırdı, amma ona güclü təzyiq var idi…
 
 
“Onlar Heydər Əliyevə yalandan məlumat vermişdilər ki, guya Kəlbəcərin Yanşaq kəndi ermənilərdən alınıb…”
 
– Yanşağa hücum etmək üçün briqada komandirinə kimlər və niyə təzyiq edirdi?
–  Bu təzyiqlərin səbəbi sonradan bizə aydın oldu… Digər batalyonlarla bir əməliyyat keçirməyə cəhd edilsə də, 10 nəfər itki verildi. Nəticədə Rəfiyev əməliyyatı təxirə salmağa məcbur olaraq 1994-cü il yanvarın 3-də müdafiə naziri M.Məmmədovla əlaqə saxladı. Və bütün komandir heyəti adından bildirdi ki, hazırkı iqlim və relyef şəraitində belə bir əməliyyat keçirib, Yanşağı almaq qeyri-mümkündür, gündə donvurmadan 20-30 əsgəri hospitala gəndəririk və s. Onda müdafiə naziri əmr verdi ki, Meydançayda müdafiə mövqeyi tutun, hücum qeyri-müəyyən müddətə təxirə salınır. Biz də elə etdik. Ancaq yanvarın 5-də komanda qərargah maşınında briqadanın müşavirəsi keçirilən zaman gözlənilmədən baş prokuror Əli Ömərov, MN-in baş qərargah rəisi Nəcməddin Sadıqov və baş nazirin müavini Əli Təhməzov daxil oldu. Birinci N.Sadıqov V.Rəfiyevə rusca dedi ki, “tı yeşyo zdes?!”(sən hələ burdasan?). Ə.Ömərov isə briqada komandirinə dedi ki, dünən Ağdamdakı “708”-in komandirini həbs etmişəm, “190”-nın komandiri İsa Qasımov haqda sanksiya vermişəm, hələlik hospitaldadı. İndi növbə səninkidi, hazırlaş. Biz “kişiyə” məruzə etmişik ki, artıq Yanşaq alınıb. Sən isə hələ burdasan?!..”  Keşmiş baş prokuror o vaxtkı mərhum prezident Heydər Əliyevi nəzərdə tuturmuş. Sən demə, bunlar Heydər Əliyevə yalan məlumat veribmişlər ki, guya Yanşağı azad ediblər.
Bəli, “Murovdağ əməliyyatı”nın ilk mərhələsinə birbaşa Əli Ömərovla Nəcməddin Sadıqov rəhbərlik edirdi. Ə.Ömərov bilməsə də, N.Sadıqov bir hərbçi kimi bilməli idi ki, bunun axırı faciədir, yəni qışın oğlan çağında 3700 m yüksəklikdə dünyanın heç bir ordusu uğurlu əməliyyat apara bilməz… Rəfiyev  bu barədə nəsə izahat vermək istədi. Ancaq N.Sadıqov onun sözünü kəsib qəti bildirdi ki, təcili əməliyyat keçirilməli və Yanşaq, ardınca da Kəlbəcər qısa müddətə alınmalıdır…
Bəs   bütün çətinliklərə rəğmən uğurla başlanan, Kəlbəcərin 22 kəndinin azad edilməsiylə nəticələnən “Murovdağ əməliyyatı” sonradan niyə məğlubiyyətə düçar oldu? Burada Əli Ömərov və Nəcməddin Sadıqovun komandanlığa təzyiqləri nə dərəcədə rol oynadı? Bəs o vaxtkı Baş nazir Surət Hüseynov və parlament sədri Rəsul Quliyev  cəbhədəki proseslərə nə cür təsir göstərirdi?
Müsahibənin ardı olacaq.
 
Sultan Laçın 

Həmçinin oxuyun

Eldar Namazov: “Artıq 5+2 formulu yox, 7+5 formulu gündəmə gəlir”

Azərbaycan dövləti on illərdir düşmənin tapdağı altında olan ərazilərimizi nə yolla olursa-olsun, qaytarmaqda israrlıdır və …

Bir cavab yazın