Şənbə , May 21 2022
Ana səhifə / Müsahibə / Ərəstun Oruclu: “Təhlükəsizlik baxımından bizim bölgə Avropa Birliyi üçün son dərəcə önəmlidir”

Ərəstun Oruclu: “Təhlükəsizlik baxımından bizim bölgə Avropa Birliyi üçün son dərəcə önəmlidir”

“Şərq-Qərb” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Demokrat.az-a müsahibə verib. 

Həmin müsahibəni təqdim edirik: 

– Ərəstun müəllim, son zamanlar Avropa Birliyinin Cənubi Qafqaza marağı hiss olunur. Sizcə bu maraq nədən qaynaqlanır?

– Avropa Birliyinin Cənubi Qafqaz bölgəsinə marağı hər zaman olub. Təsadüfi deyil ki, üç Cənubi Qafqaz ölkəsinin üçü də Avropa Birliyinin əvvəllər Avropa Qonşuluq Siyasəti proqramı, sonra isə Şərq Tərəfdaşlığı proqramına üzv edilib.

– Sizcə, burada əsas maraqlar nələrdir?

– Burada maraqlar çox müxtəlifdir. Geosiyasi maraqlardan tutmuş nəqliyyat daşımalarına, enerji maraqlarına qədərdir. İlk növbədə də Cənubi Qafqazın özü Avropa Birliyinin və ya Avropanın bir şərq cinahı sayılır.Təhlükəsizlik baxımından da bizim bölgə Avropa Birliyi üçün son dərəcə önəmlidir.

– Sülh danışıqlarına da Avropa Birliyinin təşəbbüs göstərdiyinin şahidi oluruq. Bunu necə dəyərləndirirsiniz?

– Bu, ilk növbədə dediyim həmin o məsələlərdən irəli gəlir. Bilirik ki, Azərbaycanla Ermənistan arasında münaqişənin hərbi fazası bitib. Əvvəllər Azərbaycan torpaqlarının böyük bir hissəsi işğal altında idi və münaqişəni həll etmək mümkün deyildi. Amma işğal altında olan torpaqlarımızın 80 faizə qədəri azad edildikdən sonra münaqişənin həll olunması üçün yeni bir zəmin yaranıb. Avropa Birliyi bundan istifadə edərək sülh prosesinə dəstək olmağa çalışır. Bununla da, Cənubi Qafqazda müəyyən bir mənada partnyora, tərəfdaşa, hətta, deyərdim ki, bir gücə, iştirakçıya çevrilmək istəyir. Təbii ki, göstərilən təşəbbüslər də bununla əlaqədardır. Mən dəfələrlə qeyd etmişəm. Şərq-Qərb dəhlizi, yəni Çinlə Avropanı birləşdirən dəhlizin önəmli bir hissəsi Cənubi Qafqazdan keçir. Bundan başqa, Cənubi Qafqazdan keçərək Avropaya, Avropa Birliyinə istər neft, istərsə də qaz çatdıran boru infrastrukturu məhz Azərbaycandan keçir. Gələcəkdə buna Qazaxıstanın neftinin, Türkmənistanın qazının, İranın həm neftinin, həm qazının qoşulma bilmə ehtimalı var. Bu da Rusiya neftindən və  qazından asılılığın aradan qaldırılması üçün alternativ bir yol kimi nəzərdə keçirilir. Bütün bunları reallaşdırmaq üçün əlbəttə ki, ilk növbədə bölgədə sabitliyə və sülhə nail olmaq lazımdır. Avropa Birliyinin də əsas məqsədi budur.  

Həmçinin oxuyun

“Qubad birbaşa siyasətlə məşğuldur, qardaşımla mövqelərimiz üst-üstə düşmür”

Milli Məclisin deputatı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Modern.az-a geniş müsahibə verib. …