Cümə , Oktyabr 7 2022
Ana səhifə / Müsahibə / “Əliyevin son iki ildə onun xarici siyasəti qüsursuzdur” – Zərdüşt Əlizadə

“Əliyevin son iki ildə onun xarici siyasəti qüsursuzdur” – Zərdüşt Əlizadə

Ötən həftə Avropa İttifaqının(Aİ) təşəbbüsü ilə Brüsseldə baş tutan Azərbaycan və Ermənistan liderlərinin görüşündə sülh sazişinin hazırlanması, iki ölkə arasında sərhədlərin dəqiqləşdirilməsi üçün addımların atılması razılaşdırıldı. Uzaq olmayan dövr üçün Azərbaycan və Ermənistan xarici işlər nazirləri birlikdə sülh sazişinin ilkin variantını hazırlamalı və müzakirə üçün dövlət başçılarına təqdim etməlidir.

Lakin Brüssel görüşü ərəfəsində Rusiyadan verilən açıqlamalar göstərdi ki, Moskva Avropada keçirilən müzakirələri xoş qarşılamır və vasitəçilik missiyasının məhz onun inhisarında qalmasında maraqlıdır. Odur ki, Brüsseldə əldə olunan razılaşmaların icra edilib-edilməyəcəyinə dair suallar yaranır.

AzPolitika.info bu mövzunu politoloq Zərdüşt Əlizadə ilə müzakirə edib.

– Zərdüşt bəy, Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin sayca dördüncü görüşü baş tutub, tərəflər noyabrın sonuna qədər eyni formatda bir daha görüşəcəklər. Son Brüssel görüşünü necə qiymətləndirirsiniz?

– Bir neçə səbəbdən görüşü müsbət qiymətləndirirəm. Birinci səbəb odur ki, görüşdə vasitəçi və təşkilatçı kimi Aİ çıxış edir. Aİ-nın burada təşkilat kimi maddi, iqtisadi və siyasi marağı yoxdur. Aİ istəyir ki, Cənubi Qafqazda sülh olsun və buradakı insanlar Avropaya qaçmasınlar. Bəli, onlar bunu istəyirlər. Bu da qanuni və dəyərli istəkdir. Bu istək naminə Şarl Mişel iki ölkə arasında vasitəçilik edir. Deyir ki, sözdə hamı Avropa məkanına hörmət və rəğbətini bildirir. Üstəlik, Avropa məkanının meyarları, qayda-qanunu var. Bunun əsasında oturub danışın. Belə şəraitdə Azərbaycan və Ermənistan liderləri oturub danışdılar.

İkinci müsbət amil ondan ibarətdir ki, Ermənistan rəhbərliyi erməni xalqının şüuruna hakim kəsilən saxta və zərərli fikirlərin əsarətindən qurtula bilməsə də, Azərbaycan tərəfi bir neçə dəfə silahlı əməliyyat keçirərək ermənilərə gerçəkliyi anladıb. Bunun nəticəsində Ermənistan ondan tələb olunan bir neçə əməli həyata keçirib. Məsələn, Ermənistandan orduya göndərilən əsgərləri Qarabağdan geri çağırıb və evə buraxıb. Həmçinin, Ermənistan onu deməyə məcbur oldu ki, üçtərəfli razılaşmada üç il müddət qoyulan yeni Laçın yolunun açılmasına razıyam. Üstəlik, danışıqların bərpasına da razılaşdı.

Üçüncüsü, Rusiyanın vəziyyəti ağırlaşdığı üçün İrəvan anlayır ki, Rusiya artıq ona həyan ola bilməyəcək. Ona görə də gerçəkliklə barışmaq lazımdır.

Dördüncü amil Ermənistan daxilində gedən proseslərdir. Paşinyanı devirmək istəyən erməni müxalifətinin, hansı ki, onlar Rusiya xüsusi xidmət orqanlarına bağlıdır, arzuları puç oldu, mitinqlər vasitəsilə Paşinyana real təhlükə yarada bilmədilər. Belə şəraitdə Paşinyan anladı ki, hərəkət sərbəstliyini təmin edib. Ona görə Brüssel görüşünə gəldi, müzakirələrdə iştirak etdi, müəyyən məsələlərdə razılaşdı.

– Sizcə, Brüsseldə əldə edilən razılaşmalar problemin birdəfəlik həlli baxımından nə dərəcədə əhəmiyyətə malikdir?

– Biz həm Şarl Mişelin bəyanatına, həm Azərbaycan tərəfinin şərhlərinə, həm də Ermənistan mediasında çıxan yazılara baxmalıyıq. Məsələn, Azərbaycanda hakimiyyət daxilində gedən prosesləri bilən və hakimiyyətə yaxın şərhçilər qeyd edirlər ki, Brüsseldə müsbət nəticələr əldə edilib və bu müsbət nəticələr onunla ölçülmür ki, Nikol görüşdən çox qayğılı çıxmışdı. Yox. Şarl Mişelin bəyanatından aydın olur ki, tərəflər sülh sazişinin üzərində işə başlanmasını razılaşdırıblar.

Qeyd edim ki, bu, əsla mürəkkəb məsələ deyil. Dünyada 200 ölkə var və onların çoxunun bir-birilə sülh sazişi mövcuddur. Sülh sazişi standart sənəddir, orada ayrıca nəyisə icad etmək lazım deyil. Sazişin girişi – preambula hissəsi olur. Bu hissədə tərəflər bir-birinin salamatlığını istəyir, daha sonra bir-birinin sərhədlərini tanıyır və onun toxunulmazlığını təsdiq edir. Vəssalam. Bundan sonra başqa detallar gəlir. Yəni ki, bu, standart sənəddir. Brüsseldə tərəf ölkələrin liderləri xarici işlər nazirlərinə tapşırıblar ki, bununla məşğul olsunlar. Nazirlər də bundan sonra yenidən “Hərb və sülh” romanını yazmayacaq, hazır qəlibi müzakirə edəcəklər.

Məsələn, deyirlər ki, Paraqvayla Ekvador arasındakı sülh sazişi bizə yaramır, çünki onların arasında filan məsələ var. Həmin maddəni də götürürlər. Amma bizim aramızda Qarabağ məsələsi var. Azərbaycan tərəfi deyir ki, Qarabağ məsələsinin Ermənistana aidiyyatı yoxdur, mənim ərazimdir, oradakı erməni əhalisi də mənim əhalimdir, özüm bilərəm onlarla necə dil taparam. Ermənistan da məcbur olub, Azərbaycanın bu mövqeyini qəbul edəcək. Yəni, sülh sazişində Qarabağ ermənilərinin “statusu”, “öz müqəddəratını təyin etməsi” kimi məsələlər olmayacaq. Amma yol, ticarət, gediş-gəliş beynəlxalq standartlara uyğun olmalıdır. Ötən dəfəki görüş zamanı demişdilər ki, dövlətlərin ərazilərindən keçən yollarda suverenlik qorunur. Yəni, Laçın dəhlizində suverenlik Azərbaycanın, Zəngəzur dəhlizində Ermənistanın işidir.

Daha bir məqam odur ki, bütün yollar açılmalıdır. Eləcə də delimitasiya və demarkasiya istiqamətində işlər davam etməlidir. Növbəti görüş yeri də Brüssel olacaq. Yəni, delimitasiya ilə məşğul olan Azərbaycan və Ermənistan nümayəndələri Brüsselə gedəcəklər, oranın şokaladını yeyəcəklər, pivəsini içəcəklər, gəzəcəklər və mədəni adamlar kimi əyləşib ciddi şəkildə delimitasiya məsələsini müzakirə edəcəklər. Əlbəttə, məndən olsaydı görüş yeri kimi Tiflisi seçərdim. Amma Brüsseli seçiblər və bunun da siyasi mahiyyəti var.

Mən hesab edirəm ki, görüş çox müsbət və əhəmiyyətli olub. Son nəticədə Nikol Paşinyan, qanının qara və ya ağ olmasından asılı olmayaraq, bu məsələni həll etməlidir. Çünki münaqişənin qalması erməni xalqına daha böyük zərbə vurur. Yollar açılanda Ermənistan pul qazanacaq, öz mallarını ora-bura aparacaq, şimal və cənub dəhlizlərinə inteqrasiya edəcək. Bir sözlə, blokadadan çıxacaq. Bu, Ermənistan üçün xeyirlidir. Üstəlik, Ermənistan və Azərbaycan arasında yollar açılırsa, ticarət başlayırsa və bu, hər iki tərəfə gəlir gətirirsə, bunun nəyi pisdir? Ağıllı adamlar adətən yumurta verən toyuğu kəsmirlər.

– İndiyə qədər olan görüşlərdə də müəyyən razılaşmalar əldə edilib, amma sonradan onların həyata keçirilməsini erməni tərəfi bilərəkdən müxtəlif bəhanələrlə uzadıb. Sizcə, bu dəfə necə olacaq?

– Niyə nəticəsi yoxdur? Əgər ümumi ab-hava dəyişirsə, tərəflər bir-birinə xoş sözlər deyirsə, dövlətlərarası münasibətlərdə hərbi atışma yoxdursa və mübarizə yalnız söz müstəvisində davam edirsə, bunun özü müsbət nəticədir.

– Amma o da faktdır ki, ermənilər Laçından çıxmaq, alternativ yola keçmək istəmirdilər…

– Bəli, onlara başa saldılar ki, vaxtından əvvəl çıxmaq lazımdır. İndi düşünürəm ki, əməli addımların atılması realdır. Vaxt keçdikcə və rus sülhməramlıların Qarabağdan çıxma tarixi yaxınlaşdıqca, məncə, danışıqların səmərəsi və sürəti artacaq.

– Sizcə, Qarabağdakı ermənilər Azərbaycan daxilində sülh şəraitində yaşamağa hazırdırlarmı?

– Azərbaycanda küçələrdə gəzən, heç yerdə işləmək istəməyən insanlar sülhə hazırdırmı? Ümumiyyətlə, kimdir onlardan bu barədə soruşan? Qarabağda yaşayan ermənilərə də bu sualı verən kimdir ki, siz sülhə razısınız, ya yox? Onlar Xankəndində idarə olunan kütlədir. O kütləni idarə edən banda var – Araik Arutyunyan və ətrafı. Əsas onlardır. Bandaya da göstəriş əsasən ruslardan və nisbətən də İrəvandan gəlir. O bədbəxt Qarabağ ermənilərinə yaşamaq imkanı versələr və şərait yaratsalar, Azərbaycanda yaşayarlar. Yox, əgər alçaltsalar, təhqir etsələr, başlarını götürüb qaçıb gedəcəklər. Onlardan heç kim heç nə soruşmayacaq.

– Siz həm də deyirsiniz ki, onlara əsasən rusların, nisbətən də Ermənistanın təsiri var…

– Rusiyanın təsirini İlham Əliyev öz bacarıqlı diplomatiyası ilə neytrallaşdırır. Əliyevin ölkə daxilində siyasətini tənqid edirəm, amma etiraf edək ki, son iki ildə onun xarici siyasəti qüsursuzdur. O, bütün mənfi təsirləri neytrallaşdırıb. Qərbin də, Rusiyanın da, cənubun da təsirlərini neytrallaşdıra bilib. Bu, böyük bacarıq tələb edir.

– Ruslar münaqişənin bitməsində maraqlı deyilsə və Qarabağdakı ermənilərə təlimat Moskvadan gəlirsə, münaqişə necə köklü şəkildə həll oluna bilər?

– Maraqlı deyillər, amma hər şey nisbətdə götürülməlidir. Məsələn, 2015-ci ilin Rusiyası heç vaxt imkan verməzdi ki, 2020-ci ildə müharibə başlasın. Amma 2020-ci il müharibəsində Rusiya üzünü sağa çevirdi, biz də sol tərəfdən Ermənistanı çırpdıq. Niyə? Çünki 2018-ci ildə Nikol Paşinyan Ermənistanda hakimiyyətə gəlmişdi. Bunun da müəyyən təsiri oldu. İndi də Rusiya istəməzdi ki, Qarabağ münaqişəsi həll olunsun, amma ortada başqa amillər var.

– Hansı amilləri nəzərdə tutursunuz?

– Rusiyanın şimaldan yolu bağlanıb, Pribaltikadan keçən və limanlara çıxan yolu qapalıdır. Belarusdan və Ukraynadan keçən yolları da həmçinin. Qalıb Qara dənizə yolu. Bu da Türkiyənin nəzarəti altındadır. Çünki Mərmərə və Bosfor Türkiyənin mülkiyyətidir. Qalır Murmansk, Şimal dənizi və Sakit okean sahilləri. Rusiyanın da əsas ticarəti Avropa ölkələri və cənubladır. Sakit okean ölkələri ilə elə böyük ticarəti yoxdur. İndi Rusiya üçün bir yol qalır – Dağıstandan keçməklə Azərbaycana girmək və İrana keçməklə Hind okeanı limanlarına çıxmaq.

İkinci yol da Azərbaycandan keçir və iki yolla birləşir. Biri Bakı-Tbilisi-Qars, digəri Zəngəzur yolu vasitəsilə Türkiyə və oradan da Avropaya və Yaxın Şərqə. Bu yollar artıq rus iqtisadiyyatı üçün vacibdir. Ona görə də Rusiya seçim qarşısındadır – əvvəlki imkanı əlində saxlayaraq Cənubi Qafqazı münaqişə vasitəsilə idarə etməyi davam etdirsin, yoxsa gül kimi yollar açılsın, ticarət getsin, qazansın, vəziyyətini yaxşılaşdırsın. Bu iki imkandan birini seçməlidir.

Mən bildiyim qədər Rusiya ikincisini seçəcək. Qarabağ münaqişəsi isə yavaş-yavaş tarixin səhifələrinə yazılan misralara çevriləcək.

Həmçinin oxuyun

“Ölkədə qarşıqılıq yaranmasını arzulayan o qədər qüvvələr var ki…”

Qonşu İrandakı vəziyyət Azərbaycanda ciddi maraq və hətta, müəyyən narahatlıq doğurur. AYNA baş verənlər ətrafında …