Şənbə , Avqust 20 2022
Ana səhifə / Müsahibə / Əliyevin Putinə açıq mesajları: “Bu birbaşa vasitəçiyə qarşı olan iraddır”

Əliyevin Putinə açıq mesajları: “Bu birbaşa vasitəçiyə qarşı olan iraddır”

Azərbaycanın sabiq XİN rəhbəri, politoloq Tofiq Zülfüqarovun “Yeni Sabah”a müsahibəsi:

– Prezident İlham Əliyev hökumətin sonuncu iclasında Rusiya və Ermənistana açıq mesaj göndərdi və söylədi ki, bizim qırmızı xətlərimiz var. Azərbaycanın qırmızı xətləri nələrdir?

– Söhbət burada ondan gedir ki, biz diqqətlə bu çıxışa fikir versək, görərik ki, orada Ermənistan tərəfindən 10 noyabrda üzərinə götürülən öhdəliklərdən söz açılıb. Xüsusən də qeyd olunub ki, bu, Ermənistan üçün kapitulyasiyaya oxşayan bir sənəd idi, lakin Ermənistan bu öhdəliklərin icrasından mütəmadi şəkildə qaçır, həyata keçirmək istəmir. 

Burada bir fikir də səslənir ki, bu məsələdə üç tərəf iştirak edib, amma bir tərəf – Rusiya orada vasitəçi idi və qarantiya vermişdi ki, bu öhdəliklər icra olunacaq. Xüsusən də orada qeyd olunub ki, üç rayonun – Kəlbəcər, Laçın və Ağdamın Azərbaycana qaytarılmasından sonra hansısa müsbət fəaliyyətlər olacaq, lakin biz bunu görmədik. Bu da birbaşa vasitəçiyə qarşı olan iraddır.

Yadınızdadırsa, bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bölgəyə səfərindən sonra Azərbaycan tərəfi öz iradlarını vasitəçiyə bildirmişdi ki, Ermənistan sülhə tərəf heç bir addım atmaq niyyətində deyil və onlar Qarabağ siyasətini yeni şəraitdə davam etdirmək niyyətindədirlər. Təbii ki, bu da Azərbaycan üçün qırmızı xətt adlanır. Çünki 30 il ərzində Azərbaycanın məqsədi ondan ibarət idi ki, ölkənin ərazi bütövlüyü və suverenliyi qorunsun. İndi isə Ermənistan açıq şəkildə öz ərazi iddiaları və anneksiya (ilhaqetmə – red.) fəaliyyətini davam etdirməkdədir. Təbii ki, Azərbaycan da bunu qəbul etmir. Düşünürəm ki, Tbilisidə baş verən görüş heç də sıradan danışıqlar prosesindən ibarət deyildi. Sadəcə olaraq Azərbaycan birbaşa XİN rəhbəri vasitəsilə bu mesajları Ermənistan tərəfinə çatdırdı və Prezidentin dediyi kimi, biz cavabı gözləyirik.

 – Prezident İlham Əliyevin ərazidə yerləşən qanunsuz erməni silahlı birləşmələri ilə bağlı səsləndirdiyi fikirlərə bələdsiniz. Sonda dövlət başçısı bir ifadə işlətdi: “etmirlərsə, işimizi bilək”. Bu “iş” nədən ibarət ola bilər?

– Baxın, biz Azərbaycanın mövqeyinə və onun dinamikasına fikir versək, görəcəyik ki, 10 noyabrdan sonra Azərbaycan çox sürətlə öz hərbi qələbəsini həmin ərazilərdə təsbit etdi. Azad olunmuş ərazilərdə dövlətin necə işlər gördüyünün şahidiyik. Faktiki olaraq Azərbaycan həmin bölgədə güclənir. 1 il 8 ay ərzində də Azərbaycan öz imkanlarını ərazidə maksimal həddə çatdırıb. Hərbi hissələr, yollar, hava limanları və digər hərbi-mülki obyektlər tikilib. 

Təbii ki, mövqeyi güclənən Azərbaycan indi digər öhdəliklərin həyata keçirilməsini daha sərt şəkildə tələb edir. Bu, çox məntiqli və taktiki baxımdan çox düzgün bir siyasi davranışdır. İndi vaxtı gəlib ki, Azərbaycan bu məsələlərdə daha da sərt və hələ də həllini tapmamış mövzuların həllini tələb etsin.

Burada bir neçə amil var: Rusiyanın bölgədə zəifləməsi; Rusiyanın böyük siyasi imkanlarının Ukraynada cəmlənməsi və ardıcıl şəkildə Cənubi Qafqazdakı imkanlarının azaldılması; Türkiyənin və Türkiyə-Azərbaycan müttəfiqliyinin bölgədə güclənməsi və Ermənistanın zəifləməsi prosesi göz qabağıdadır. 

Bu amillərin hamısından istifadə edərkən də indiki mərhələdə lazımi addımlar atılır. İndi bu lazımi addımların nəticəsində hərbi əməliyyatların bərpası, yaxud sadəcə təzyiq siyasətinin həyata keçirilməsi və s. üslublardan istifadə olunacaq.

 – Rusiya hərbi-siyasi rəhbərliyindən bu mesajlara qarşı bir cavab gözlənilirmi?

– Hesab edirəm ki, indiki mərhələdə Rusiyada çox mürəkkəb proseslər gedir. Həm daxili siyasi elitanın içində, həm də xariclə əlaqədar bu proseslərin şahidiyik.

Ümumiyyətlə, hadisələr onu göstərir ki, indi Rusiyanın həm iqtisadi fəallığı, həm də siyasi fəallığı qərbə tərəf deyil, əksinə, cənub və şərqə tərəf yönəlib.

Söhbət ondan gedir ki, sanksiyalar nəticəsində Rusiya qərb istiqamətində tam bloklanıb və orada heç bir perspektivi yoxdur. Təbii ki, Azərbaycanla iqtisadi və kommunikasiya əməkdaşlığının, o cümlədən Azərbaycan vasitəsilə Türkiyə, İran və Hindistanla əlaqələrindəki siyasi fəallıq Azərbaycansız mümkün deyil. Azərbaycan bu faktoru nəzərə alaraq, başa düşür ki, indi həll olunmamış məsələlərin gündəmə gətirilməsi və onların icrasının tələb edilməsi üçün potensialımız hazırda mövcuddur. Bu, çox incə bir siyasətdir və biz başa düşməliyik ki, burada ölçülmüş və ağıllı addımlar atılmalıdır.

Həmçinin oxuyun

“Sumqayıtda doğulan Qubadlı sakini nə inək görüb, nə də qoyun…”

İqtisadçı ekspert, ReAl Partiyasının icraçı katibi Natiq Cəfərlinin “Yeni Sabah”a müsahibəsi: – Yaxın perspektivdə Azərbaycan …