Çərşənbə , Mart 3 2021
Ana səhifə / Müsahibə / Əli Məsimli: “Qiymət artımları ilə bağlı izahatlar yarımçıq, əsaslandırmalar qüsurludur”

Əli Məsimli: “Qiymət artımları ilə bağlı izahatlar yarımçıq, əsaslandırmalar qüsurludur”

Azərbaycanda dövlət tərəfindən tənzimlənən qiymətlərin artırılması cəmiyyətdə həmişə narazılığa səbəb olur. Qiymət artımını zəruri edən amillərlə bağlı rəsmi qurumların verdiyi açıqlamalar, bir qayda olaraq, iqnor edilir, cəmiyyət əksər hallarda haqlı olaraq onları yetərli qəbul etmir. Yanvar ayında Tarif Şurası benzin, dizel yanacağı və içməli su tariflərinin  artırılması barədə qərarlar qəbul edib və bu, ciddi təpkilərlə qarşılanıb.  Bir çox müstəqil ekspertlər qiymətlərin dövlət tənzimlənməsindən imtina olunmasını təklif edirlər. Bu, mümkündürmü? Dünyada Tarif Şurası kimi qurumların fəaliyyəti necə tənzimlənir? Bu və ya digər suallarımıza iqtisadçı-alim, millət vəkili Əli Məsimlidən cavab aldıq. Onunla müsahibəni təqdim edirik:

– Əli bəy, Azərbaycanda Tarif Şurasının parlament qarşısında hesabat verməsi tələb olunur. Bu, nə qədər realdır?

– Nazirlər Kabinetinin 31 yanvar 2002-ci il tarixli 17 saylı qərarı ilə yaradılmış Tarif (qiymət) Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin xidmət haqlarının, yığımların dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanıdır. Hakimiyyətin qanunverici qolu olan Milli Məclisin fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq maddələri və digər normativ-hüquqi aktlar əsasında tənzimlənir. Konstitusiyanın həmin maddələrinin heç birində, eləcə də digər normativ hüquqi aktlarda Tarif Şurasının parlament qarşısında hesabat verməsi məsələsi birbaşa nəzərdə tutulmayıb. Məsələyə son günlər suyun qiymətinin 2 dəfə qaldırılması ilə bağlı geniş müzakirələr kontekstindən yanaşdıqda isə Tarif Şurasının hansısa məhsul və xidmətin qiymətini qaldırmaq barədə qərar qəbul etdikdən sonra Milli Məclisdə həmin qərarın ləğv edilməsinin hüququ bazası yoxdur.

Bununla belə, bir anlığa təsəvvür edək ki, lap olsa belə, hazırkı reallıqlar şəraitində Tarif Şurasının qəbul etdiyi qərarın Milli Məclisdə geriyə dəyişdirilməsi real görünmür. Təbii ki, tənqidi çıxışlar olar, amma bu halda da realda qiymətlə bağlı heç nə əsaslı surətdə dəyişməyəcək, dəyişən yalnız o olacaq ki, benzinin, dizel yanacağının, qazın, elektrik enerjisinin, suyun və s. qiyməti tənzimlənən məhsul və xidmətlərin qiymətlərinin qaldırılması barədə qərarlar qəbul edən Tarif Şurası kənarda duracaq. Deməli, qınaqlardan da kənarda qalacaq, ona yönəlməli ictimai qınaq və narazılıq isə parlamentə yönələcək. Ona görə də bu məsələnin hüquqi, nə də ki, hazırkı reallıqların məntiqindən doğan əsası yoxdur. Bir sıra ölkələrdə olduğu kimi, Parlament Nəzarəti haqda qanun qəbul edilib, belə məsələlər də ora salınsa, onda hüquqi əsas yarana bilər. Beynəlxalq praktikada isə antimonopol qanunvericiliyin tələblərinə uyğun surətdə təbii inhisarların fəaliyyəti müəyyən dərəcədə tənzimlənir ki, bu, qiymət məsələsində sui-istifadə hallarını da əhatə edir.

– Tarif Şurasını hesabatlı etməyin parlamentdənkənar hansı yolu var?

– Tarif Şurası Nazirlər Kabineti tərəfindən yaradılıbsa, bu qurumun əsasnaməsində konkret əksini tapmasa da, məntiqlə onun haqqında əsasnamənin konkret maddələrinə əməl edilməsinin vəziyyətinə görə, xüsusən də Tarif Şurası qərar qəbul edərkən onun əhalinin alıcılıq qabiliyyəti baxımından optimallığını müəyyənləşdirməsinə cavabdehliyi baxımından  Nazirlər Kabinetinə də hesabatlı olmalıdır. Nazirlər Kabineti isə hər il öz fəaliyyəti ilə bağlı Milli Məclis qarşısında hesabatla çıxış edir. Həmin hesabatın qiymət və tarif siyasətinə həsr olunmuş yarımbölməsində Tarif Şurasının fəaliyyəti barədə də, məsələn, 2019-cu ildə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin, təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi, yəni təbii qazın aşağı tariflə illik istehlak həcminin 1700 kub metrdən 2200 kubmetrə qaldırılması və sair bu kimi hesabat xarakterli məlumatlar var. Tarif Şurasını hesabatlı etməyin yollarından biri də şəffaflıq, ictimai nəzarətin və bu istiqamətdə effekt verən digər məlum tədbirlərin davamlı olaraq həyata keçirilməsinin işlək mexanizminin tətbiqidir.

– Ümumiyyətlə, qiymətlərin dövlət tərəfindən tənzimlənməsindən nə qədər çox ölkədə istifadə olunur?

– Belə bir fikir geniş yayılıb ki, inkişaf etmiş ölkələrdə qiymətlər yalnız tələb və təklifin təsiri altında tamamilə sərbəst şəkildə formalaşır. Ümumiyyətlə götürdükdə, bazar iqtisadiyyatı şəraitində məhsul və xidmətlərin əksəriyyətinin qiyməti bazar münasibətlərinin fundamental qanunu olan tələb-təklif prinsipləri əsasında sərbəst şəkildə formalaşır. Amma bu, məsələnin yalnız bir tərəfidir. Bununla yanaşı, dövlətin həm ümumiyyətlə iqtisadi həyata, həm də qiymətyaranma prosesinə fəal müdaxiləsi müasir dövlət-inhisarçı kapitalizminin xüsusiyyətlərindən biridir. Qiymət tənzimlənməsi həm, məsələn, Avropa Birliyi kimi beynəlxalq qurumlar, həm də ayrı-ayrı ölkələr daxilində, o cümlədən həm Almaniya, Fransa, Yaponiya və sair kimi inkişaf etmiş dövlət sektoru olan ölkələrdə və həm də dövlət sektorunun əhəmiyyətsiz bir yer tutduğu ABŞ kimi ölkələrdə belə həyata keçirilir. Təbii inhisarlar və məhdud sayda, həm də ölkələrdən asılı olaraq dairəsi müxtəlif olan bir sıra məhsul və xidmətlərin qiymətləri inhisarlarla bağlı müvafiq qanunların tələbləri əsasında tənzimlənir.

– Bizdə qiymətlərin dövlət tənzimlənməsi təcrübəsindən imtina edilməsi mümkündürmü?

– Belə ifadə etmək mümkünsə, adətən bazar iqtisadiyyatı ilə “dövlət iqtisadiyyatı”nın nisbəti bazar iqtisadiyyatının xeyrinə dəyişdikcə tənzimlənən qiymətlərin dairəsi də məhdudlaşır. Və beynəlxalq praktikadan misal çəkdiyimiz kimi, yalnız antiinhisar qanunvericiliyinin tələblərinə uyğun və bir də bir sıra həyati əhəmiyyət kəsb edən məhsullar üzrə tənzimləmə qalır. Amma bütün ölkələrdə məhsulların bir hissəsinin qiyməti müxtəlif iqtisadi və qanunvericiliyin tələblərinə uyğun surətdə adekvat üsullarla tənzimlənir.

– Sizcə, tariflərin artırılmasına verilən əsaslandırmaları yetərli, əsaslı hesab etmək üçün nələr edilməlidir?

– Bu ilin yanvarında benzinin və dizel yanacağının qiymətləri qaldırılan zamanda olduğu kimi, fevralda suyun qiyməti qaldırılanda da aidiyyəti orqanların qiymət artımı barəsindəki əsaslandırmalarını yetərli və qaneedici hesab etmək olmaz. Əsaslandırmalar qüsurludur. Qiymətlər artırılan zaman verilən izahatlar yarımçıq və bir sıra cəhətlərinə görə məntiqsiz olduğuna görə, qiymətlərin qaldırılması ilə yanaşı, bu artımların yetərincə əsaslandırıla bilməməsi də ictimaiyyətdə əlavə qınaq və narazılıq yaradır. Həm də ölkədə orta illik rəsmi inflyasiya 3 faizin altında olduğu vaxtda, pandemiya və müharibədən sonrakı vəziyyətdə suyun qiymətinin birdən-birə iki dəfə artırılması heç bir məntiqə sığmır. Aidiyyəti orqanın irəli sürdüyü əsaslandırmalar cəmiyyəti heç cür inandıra bilməz ki, əhalinin gəlirlərinin aşağı düşdüyü bir şəraitdə doğrudan da məhz indi suyun qiymətini birdən-birə iki dəfə qaldırmağa ehtiyac var idi. Ehtimal oluna bilər ki, bu yalnız yeni idarəetməyə keçid perspektivləri ilə bağlı məsələdir.

Bəzən bu cür yüksək templi qiymət artımlarına haqq qazandırmaq üçün müqayisələr edilir ki, bizdə benzinin və sairin qiyməti Avropadan və ya hansısa yüksək inkişaf etmiş bir ölkədəkindən 1,5-2-dəfə ucuzdur. Bu halda cəmiyyət də haqlı olaraq sual edir ki, bəs Azərbaycanda maaşlar Avropadan neçə dəfə aşağıdır? Ona görə də qiymətləri qaldıran orqanlar bu artımın həqiqi səbəblərini reallığa əsaslanaraq izah edə bilsələr, təbii ki, narazılıq olsa belə, cəmiyyətdə bu qədər güclü qıcıq yaratmazdı.

Tariflərin artırılması üçün verilən əsaslandırmaları yetərli, əsaslı hesab etmək üçün xalqla açıq, səmimi danışmaq, real vəziyyəti demək gərəkir. Həmin vəziyyətdən çıxmaqdan ötrü gerçəkdən nələrin ediləcəyini xalqa doğrudan-doğruya izah etmək lazımdır və hər bir qurum verilən sözləri yerinə yetirməlidir ki, növbəti dəfə sözlərinə inanan tapılsın…

Adətən tənzimlənən qiymətlərin artırılması aidiyyəti sahədə məhsulun keyfiyyətinin yüksəldilməsi və dövlət büdcəsindən asılılığın azaldılması ilə izah edilir. Təbii ki, əməl edilsə, bunların hər ikisi çox vacibdir. İndiki səmərəsiz idaretmə, ictimaiyyət üçün qapalı şəraitdə fəaliyyət olduğu kimi qalacaqsa, şəffaflıq və hesabatlılıq yetərli səviyyədə olmayacaqsa, büdcədən milyardlarla vəsait “Azərsu” ASC-yə, kommunal sektora, dövlət şirkətlərinə yönəldilməkdə davam edəcək və deməli, belə şəraitdə qiymət artımı da heç bir əsaslı arqumentlər olmadan bir neçə ildən bir baş verməkdə davam edəcək.

Məntiqlə yanaşdıqda benzinin, dizel yanacağının, onların ardınca isə suyun qiymətinin artırılması son siyahı kimi görünmür. Sözügüdən məhsulların qiymətlərinin artırılması zəncirvari reaksiya prinsipi ilə digər mal və xidmətlərin qiymətlərinin artırılmasına təsir göstərir. Bu, təbii qiymət artımıdır. Bununla yanaşı, aidiyyəti orqanlar süni qiymət artımına qarşı mübarizə aparacaqlarını bildirsələr də, hələlik heç bir nəticəyə nail olunmayıb, xeyli məhsulların qiymətləri nəzərəçarpan dərəcə də artıb. Bir də ki, hər şeyi öz adıyla adlandırsaq, enerjidaşıyıcılarının yanvardakı qiymət artımlarından sonra supermarketlərin elə həmin gündən başlayaraq tələm-tələsik qiymətlərin xeyli artırılmasına getməsi istisna olmaqla, süni qiymət artımının törədicisi sahibkar yox, əvvəlki illərlə müqayisədə əhalinin alıcılıq qabiliyyətinin hazırkı durumu nəzərə alınmadan suyun tarifini 2 dəfə artıran “Azərsu” və Tarif Şurasının timsalında elə dövlət qurumlarının özüdür.

II Qarabağ müharibəsi keyfiyyətcə yeni situasiya yaradıb. Xalqımız, hər bir vətəndaş ümid və gözləntilər mərhələsini yaşayır. Belə şəraitdə bütün həssas məsələlərə, o cümlədən qiymət məsələlərinə real vəziyyəti obyektiv qiymətləndirməklə ölçülü-biçili yanaşmaq lazımdır.

Aztəminatlı təbəqənin güzəranının bundan sonra da pisləşməsinin qarşısını almaqdan ötrü sosial müdafiə tədbirlərinin gücləndirilməsi üçün əlavə addımların atılmasına ciddi ehtiyac var.

“Azərsu” ASC və sair qurumlarda təsərrüfatsızlığın, israfçılığın və s. bu kimi halların qarşısını almaqdan ötrü belə sahələrin idarəeməyə verilməsini və beynəlxalq praktikada özünü doğruldan idarəetmə üsullarına keçilməsini vacib hesab edirik. Eyni zamanda həm ümumiyyətlə, həm də dövlət şirkətlərinə büdcədən ayrılan vəsaitlərdən səmərəli istifadə olunması üçün maliyyə inzibatçılığının keyfiyyəti yüksəldilməli, maliyyə intizamı gücləndirilməli, nəzarət mexanizmləri sistemi təkmilləşdirilməlidir. Musavat.com

Həmçinin oxuyun

“Ay alçaq, yaşayırdın da!“ – Rasim Balayev

Xalq artisti Rasim Balayevin müsahibəsi: – Rasim müəllim, Sovet vaxtı ermənilərlə birgə yaşamısınız, onlar sizin …