Bazar ertəsi , Yanvar 30 2023
Ana səhifə / Müsahibə / Əli Məsimli: “Baş nazir olanda ”Aspirantlar evi”ndə yaşamağım çox müzakirə olundu”

Əli Məsimli: “Baş nazir olanda ”Aspirantlar evi”ndə yaşamağım çox müzakirə olundu”

Yanvarın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimlinin 70 yaşı tamam oldu. Prezident İlham Əliyev Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Əli Məsimlinin “Şöhrət” ordeni ilə təltif edilməsi barədə sərəncam imzaladı. Deputat “Yeni Müsavat”a müsahibəsində əvvəlcə aldığı ilk yüksək mükafatın təəssüratlarını bölüşdü:

– 70 illik yubileyiniz ərəfəsində “Şöhrət” ordeninə layiq görüldünüz, ilk təltifiniz idi, səhv etmirəmsə…

– Bəli, “Şöhrət” ordeninə layiq görülməyim ilk təltifimdir. Aydındır ki, deputatlar da daxil olmaqla, ictimai-siyasi xadimlərin, vəzifə adamlarının bir hissəsi yubiley yaşlarında müəyyən səviyyələrdə təltif olunurlar. Amma birdən-birə çox yüksək bir mükafata – “Şöhrət” ordeninə layiq görülməyim xoş sürpriz oldu. İctimai-siyasi fəaliyyətimə verdiyi yüksək dəyərə görə cənab Prezidentə təşəkkürümü bildirirəm. Azərbaycan 44 günlük Vətən müharibəsindən daha böyük hədəflərə çatmağa qadir güclü dövlət kimi regionda yeni situasiya yaradıb. Bu, tariximizin çox möhtəşəm, şərəfli bir səhifəsidir. Amma bu, təkcə ölkəmiz üçün deyil, yaşadığımız regionda dayanıqlı sülh və tərəqqi üçün də çox böyük önəm daşıyır. Azərbaycanın haqq etdiyi həmin hədəflərə doğru çox şərəfli tarixi missiyasını həyata keçirmək yolunda cənab Prezidentə  uğurlar arzulayıram.

– 30 il əvvəl təqribən 70 gün baş nazir səlahiyyətlərini icra etmisiniz. 70 yaşınızda həmin 70 günlük baş nazirliyi necə xatırlayırsınız? O zaman hökumət başçısı olmaq asan idi, yoxsa indi?

– Baş nazir səlahiyyətlərini icra edən zaman Azərbaycan da daxil olmaqla, postsovet məkanına aid olan yeni müstəqil dövlətlərin hamısı mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan bazar münasibətlərinə keçid istiqamətində ilk addımlarını atırdılar. Bu yol böyük sosial-iqtisadi itkilərlə müşahidə olunan çox ağır və çətin bir yol oldu. Belə bir çətin və ağır məqamda Azərbaycan həm də Ermənistanın öz havadarlarının bilavasitə iştirakı və dəstəyi ilə ölkəmizə qarşı həyat keçirdiyi işğalın qarşısını almaq üçün ölüm-dirim mübarizəsi aparırdı. Hər səhər baş nazirin stolunun üstünə müxtəlif yönlü məlumatlar qoyulurdu. Gün ərzində əlavə məlumatlar da daxil olurdu. Onların içərisində müsbətə doğru məlumat görəndə müharibədə qələbəyə və müstəqilliyimizə real məzmun veriləcəyinə inamla yaşamaq hissi elə artırdı ki, onun sözlə ifadə olması çox çətindir… Təbii ki, hökumət başçısı olmağın bütün mərhələlərdə öz çətinlikləri var. Amma o vaxt hökumət başçısı olmaq indikindən çox çətin idi. Mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan bazar münasibətlərinə keçid bütün postsovet məkanında olduğu kimi, Azərbaycanda da köhnənin dağıldığı və yeninin qurulmadığı bir şəraitdə daha çox Beynəlxalq Valyuta Fondunun reseptləri əsasında həyata keçirilirdi. Həmin reseptləri tam bir kənara qoymaq mümkünsüz idi. Amma Müstəqil İqtisadçılar Birliyinin rəhbəri kimi hələ baş nazir olmazdan əvvəl hazırladığımız “Böhrana qarşı Tədbirlər Proqramı” bizə imkan verirdi ki, BVF-nin reseptlərinə müəyyən korrektələr etməklə tətbiq edək və ondan fərqli sənədlər də ortaya qoyaq. Həmin sənədlər içərisində manatın ABŞ dollarına nisbətdə kursu ilə bağlı sənəd öz mükəmməlliyinə görə xarici ekspertlər tərəfindən yüksək qiymətləndirilmişdi. Digər bir sənəd isə beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib, Mərkəzi Asiya ölkələrində də tətbiq edilmək üçün yararlı bir sənəd kimi götürülmüşdü və sair… Təbii ki, postsovet məkanını əhatə edən bütün ölkələrdə transformasiya böhranının 1992-1995-ci illəri əhatə edən dövründə söhbət istehsalın aşağı düşməsindən və inflyasiyanın qarşısının tamamilə alınmasından yox, həmin yüksək templərin aşağı salınmasından, maliyyə böhranının bir qədər səngidilməsindən və mülkiyyət münasibətlərinin transformasiyasından gedirdi.

– Həmin günlərlə bağlı ən maraqlı xatirələriniz hansıdır, bölüşə bilərsinizmi?

– Türkiyənin 8-ci prezidenti Turqut Özal 1993-cü ilin aprelində Bakıda olarkən mənimlə də ayrıca görüş keçirdi. Həyatımın çox vacib anı olmaqla yanaşı, həm də çox dərin məzmunlu məsələləri əhatə edən faydalı bir görüş oldu. Həmin görüş zamanı rəhmətlik Turqut Özalın dediyi bir fikir sizin bayaqkı sualın açılması baxımından da vacibdir. Turqut Özal dedi ki, müharibə şəraitində bazar münasibətlərinə keçid istiqamətində islahat həyat keçirmək çox çətin olduğundan, təbii ki, hər bir addımı atanda çox ölçüb-biçməli olursunuz. İzləyirəm və hiss edirəm ki, dünya təcrübəsində kommunizmdən kapitalizmə keçid təcrübəsi olmadığından, addım atanda ehtiyatlanırsız. Atdığınız addımlar bazar islahatlarına uyğundur. Həm də unutmayın ki, bu islahatlar yolunda sizin arxanızda Türkiyə və Turqut Özal dayanıb. Bilmirəm niyə, amma həm Türkiyədə olanda, həm də Bakıdakı görüşümüzdə təkcə mən yox, ətrafdakılar da hiss edirdi ki, Türkiyə iqtisadiyyatının transformasiyasında və qalxınmasında böyük rol oynamış bu dahi dövlət adamının mənə çox səmimi və isti münasibəti vardı… Sonradan rəhmətlik Əbülfəz Elçibəy də bir neçə dəfə öz çıxış və müsahibəlində Turqut Özalın mənə olan xüsusi münasibəti haqda fikirlərini bildirmişdi.

– AMEA-dan başlayan vəzifə yolçuluğu Prezident Aparatına, oradan Xarici İnvestisiyalar Komitəsinin sədrliyinə, Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin rəhbərliyinə, baş nazirliyə qədər davam edib. Hansı post daha yaddaqalan olub? Ümumən siz özünüzü vəzifə adamı hesab edirsinizmi?

– İnsan həyatını müxtəlif baxış bucaqlarından incələmək olar… Onların içərisində biri mənim üçün daha dərin mahiyyət yükü daşıyır: insanın bioloji yaşı həqiqəti tam əks etdirmir. İnsan bir ömürdə bir neçə ömür yaşaya bilir… Bu baxımdan insanın həyatı bir neçə ömrə bölünməklə xüsusi bölmələri, fəsilləri, paraqrafları və səhifələri olan bir kitaba bənzəyir. Həm də həmin kitabın ucadan oxunması mümkün olan və mümkün olmayan səhifələri var. AMEA-dan başlayan və Xarici İnvestisiyalar Komitəsinin sədrliyindən, Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin rəhbərliyinə, oradan isə həmin ağır post da – Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin miqyası o qədər böyük idi ki, bəzən onu obrazlı şəkildə dövlətin içində dövlət də adlandırırdılar – məndə qalmaqla, baş nazirliyə qədər davam edən vəzifə yolumun hər birində xeyli yaddaqalan məqamlar olub. Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin işçiləri arasında mən deyərdim ki, böyük biliyə və təcrübəyə malik kadrlar daha çox olduğundan, oradakı fəaliyyətim daha böyük intellektual yük daşıyırdı. Orada yaddaqalan məqamlardan birini qısaca belə təsvir etmək olar. Bir dəfə kollegiya iclasının səhəri günü həmin komitənin sədr müavinləri mənim onların bir sualına cavab verməyimi istədilər ki, biz sizi daha çox nəzəri cəhətdən güclü iqtisadçı kimi təsəvvür edirdik. Dünənki iclas zamanı praktiki əhəmiyyət kəsb edən təkliflərinizi hansı praktiki məqamlara əsaslanaraq irəli sürdünüz? Əvvəlcə zarafatla cavab verdim, sonra təkid edəndə dedim ki, sizlərin hər biri çoxtərəfli biliyə malik və həm də çox təcrübəli kadrlarsız. Konkret bir məsələ müzakirə olunanda, həmin məsələ ilə bağlı bütün qərarları nəinki məzmun və mahiyyətinə, tarixinə qədər, hətta nömrəsinə qədər belə əzbərdən deyə bilirsiniz. Amma bizim bir balaca fərqimiz var: problemin həllinə yönəlik 3 fundamental sualın – nəyi təkmilləşdirməli, niyə təkmilləşdirməli və hansı istiqamətlərdə təkmilləşdirməli sullarının birinci və ikincisinə 5-ə layiq ən yüksək səviyyədə cavab verirsiniz, amma hansı istiqamətdə təkmilləşdirməli sualına cavaba gələndə nədənsə çəkinirsiniz, ehtiyatlanırsız və sizə elə gəlir ki, həmin həlledici 3-cü sualın cavabını sizin əvəzinizə kimsə verməlidir. Mən də məhz elə bunu edirəm: sizin birinci və ikinci suallara verdiyiniz cavablar mənim üçün yetərli olur ki, belə fundamental bir bazaya əsaslanıb, 3-cü sualın cavabında sizi təəccübləndirə bilən səviyyədə təkliflərlə çıxış edə bilim. Nazirlər Kabinetində isə xeyli siyasiləşmiş fiqurlar olduğundan, mühit fərqli idi… Əsas işin ağırlığının çox hissəsi baş nazirin birinci müavini Vahid Əhmədov və bir neçə nəfər çox təcrübəli mütəxəssisin üzərində idi. Ona görə də verdiyiniz sualın “ümumən siz özünüzü vəzifə adamı hesab edirsinizmi” tərəfinə isə belə cavab verərdim: o baxır konkret situasiyaya, yəni öz işinin bilicisi olanlar, texnokratlar, intellektuallar arasında – bəli, öz sahəsində mükəmməl biliyə malik olmayan, yerində olmayanlar və primitiv siyasiləşmişlər arasında isə yox…

– Maraqlıdır ki, sizinlə bağlı müzakirələr zamanı uzun illər “baş nazir müavini və baş nazir əvəzi işləsə də, yataqxanada yaşadı”, deyənlərin bəziləri qınayıcı fikirlər söyləyirdi, “özünə gün ağlamadığınıza” görə, bəziləri də ideal məmur obrazı yaradırdılar. Bu fikirlər yəqin sizə də tanışdır. O günlərə qayıdanda nələr düşünürsünüz? Əsl məmur sizin kimi olmalı idi, yoxsa…

– İnsanın qiyməti və mahiyyəti daha çox onun fəaliyyətindədir. Amma həmişə belə olmur. Siz düz deyirsiz, baş nazir olanda mənim akademiyanın “Aspirantlar evi” adlanan yataqxanasında yaşamağım müxtəlif baxış bucaqlarından çox müzakirə olunan məsələlərdən idi. Hətta zarafatla buna görə Ginnesin Rekordlar Kitabına düşmək üçün müraciət etməyimi məsləhət edənlər də var idi. Amma müsbət yanaşanlar qınayanlardan xeyli çox idi. Yadımdadır ki, baş nazir olanda, bu qəbildən olan sualları cavablandıranda bildirmişdim ki, ölkədə müharibə gedir, mən rahat, isti kabinetdə oturub, orta statistik azərbaycanlıdan qat-qat artıq maaş alıram və bu durumumla bu an özümü qarlı-şaxtalı havada vətənin keşiyini çəkən hər bir əsgərdən çox aşağı hiss edirəm. Ona görə də həmin vaxtlar mənim yaşayış səviyyəm daxilimdən gələn səsin diktəsinin təbii nəticəsi idi. Sokrat demişkən, nə olursan-ol, amma ilk növbədə nəfsinin müəllimi və vicdanının şagirdi ol!

– 2005-ci ildən bəri Milli Məclisin deputatısınız və parlamentin fəal deputatlarından biri olaraq qanunvericilik təşəbbüsləriniz, əhalini narahat edən məsələlərlə bağlı çıxışlarınızla yaddaqalan fəaliyyətiniz olub. Deputat həmkarınız Vahid Əhmədovla birgə qanun layihələrinin təşəbbüskarısınız. Özünüz öz fəaliyyətinizdən razısınızmı?

(Davamı növbəti sayımızda)

Həmçinin oxuyun

“Həzi Aslanovun ölüm səhnəsini üç variantda çəkdilər…” – Ramiz Novruz

 İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun doğum günüdür. Əfsanəvi sərkərdənin 113 …