Bazar , Oktyabr 25 2020
Ana səhifə / Media / Zabrat qəsəbəsinin bitməyən kanalizasiya problemi – FOTOLAR

Zabrat qəsəbəsinin bitməyən kanalizasiya problemi – FOTOLAR

Zabrat qəsəbəsi, Oktyabr küçəsində yerləşən yataqxanada yaşayan məcburi köçkünlər, ərazidə kanalizasiya sisteminin bərbad vəziyyətdə olmasından şikayətlənirlər. Məcburi köçkünlərin sözlərinə görə, küçədə kanalizasiya sistemi olmadığı üçün yay aylarında pis qoxudan, qışda isə yığılan tullantı və yağış sularından xeyli əziyyət çəkirlər. 
Musavat.com-un əməkdaşı olaraq şikayətlə bağlı daha detallı məlumat əldə etmək üçün deyilən əraziyə yollandıq. Müşahidə etdik ki, küçədə nəinki piyadalar, hətta avtomobillər də çox çətin hərəkət edir. Yol uzun müddətdir ki, təmir olunmadığı üçün keçilməz vəziyyətdədir.
Ümumiyyətlə öncə qeyd edək ki, Zabrat-2 qəsəbəsində məcburi köçkünlərin yaşadığı bir neçə yataqxana var. Demək olar ki, bu yataqxanaların hamısının kanalizasiya sistemi bərbad, yolları isə olduqca yararsız vəziyyətdədir. Bundan əlavə Oktyabr küçəsi boyunca yerli əhali də kanalizasiya sisteminin olmamasından əziyyət çəkirlər. Sakinlər suyu nasoslar vasitəsi ilə çəkib kənara vururlar ki, bu da əlavə problemlərə yol açır. Belə ki, həyətlərdən su çəkilsə də, küçələr keçilməz vəziyyətə düşür.
Yuxarıda qeyd etdiyimiz ünvanda yerləşən yataqxanada yaşayan Füzuli rayonundan olan məcburi köçkün Faiq bildirdi ki, burada illərdir, əziyyət çəkirlər: “Bu binada 50-yə yaxın ailə yaşayır. Ailələrdə uşaqlar da, qocalar da var. Qış aylarında biz bir yerə gedib, gələ bilmirik. Kanalizasiya işləmir, bura da çökəkdədir. Bundan əlavə isə yol da asfalt olmadığı üçün su gəlib yığılır, yolun ortasına. Qış aylarında su o qədər artır ki, küçənin bir başından baxanda, yol gölə oxşayır. Bu “göl”dən də keçmək üçün gərək ki, dizə qədər çəkmə geyinəsən. Dəfələrlə aidiyyətı qurumlara müraciət etsək də, baxan yoxdur”.
Sakinlər bildirdilər ki, əslində küçənin kanalizasiya xətti var, ancaq işləmir. Yataqxanada qalan Namiq adlı şəxs bildirdi: “Bir su nasosumuz var, onu atırıq kanalizasiya quyusunun içinə, oradan suyu vururuq, xətlərə. Həmin nasos da demək olar ki, hər ay xarab olur. Məcbur qalıb, özümüz düzəltdiririk. Ötən ay 250 manat verib yeni nasos almışıq. İndi yenə də xarab olub. Məcburuq ki, pul yığaq yenisini alaq. İndiki şəraitdə də hər ay nasosa pul vermək büdcəmizə uyğun deyil. Xahiş edirik ki, müvafiq qurumlar bizə yardım etsinlər. İndi gördüyünüz kimi, suyun əlindən buradan keçmək olmur. Bir də yay aylarında bura gəlin. İnanın ki, pis qoxu bütün ətrafa yayılır. Eyni zamanda həşəratların da əlindən tərpənmək olmur. Uşaqları çölə buraxa bilmirik ki, gedib xəstəlik tutacaqlar. Onsuz da durumumuz ağırdır, bir də bununla məşğul oluruq”.
 
Sakinlərin bütün bu şikayətləri ilə bağlı “Azərsu” ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı musavat.com-a bildirib ki, Oktyabr küçəsinin böyük bir hissəsində şəbəkə mövcud deyil: “Oradakı dəmir yolu deyilən ərazidə ümumiyyətlə, kanalizasiya şəbəkəsi mövcud deyil. Kənarda olanlar da primitiv şəbəkədir. Sizin sorğunuz əsasında əlaqə saxlayıb maraqlandım, bildirdilər ki, ərazinin bir hissəsində olan kanalizasiya sistemi işlək vəziyyətdədir. Lakin qeyd etdiyim kimi, Oktyabr küçəsində şəbəkə mövcud deyil”.
A.Cəbrayıllı ərazinin layihəyə salındığını bildirdi: “Bizim Bakı və Abşeron yarımadası üzrə “Master plan”ımız var. Bir neçə gün öncə də Nazirlər Kabinetində “Abşeron yarımadasının içməli su təchizatı, kanalizasiya sistemləri və yağış suları sistemlərinin Master Plan”ının təqdimatı keçirilib. Plana əsasən bizim, bütün qəsəbələr, yaşayış massivləri üzrə layihələrimiz var. Planlayırıq ki, Abşeron yarımadasında 7 kilometrdən artıq kanalizasiya şəbəkəsi qurmalıyıq. Zabratın Oktyabr küçəsi və digər problemli ərazilər də həmin layihədə yer alıb. Bütün bunlar bəlli olduğu kimi, dövlət investisiyaları hesabina həyata keçirilir. Maliyyə vəsaiti ayrıldıqca, biz də bu layihələri mərhələli şəkildə həyata keçirəcəyik”.








Həmçinin oxuyun

Azərbaycanla bağlı qərəzli xəbər yayan “Amerikanın səsi” üzr istədi

“Amerikanın səsi” radiostansiyası rəsmi feysbuk səhifəsində və saytında Azərbaycana qarşı daima qərəzli mövqeyi ilə fərqlənən …

Bir cavab yazın