Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Yüklə dolu maşınlar yenə niyə Rusiya sərhədində ilişib?

Yüklə dolu maşınlar yenə niyə Rusiya sərhədində ilişib?

“Rusiya gömrükçüləri həmin ölkənin bazarlarına satmağa apardığımız meyvə-tərəvəzlə dolu yük maşınlarımızı sərhəddə saxlayıblar. Bəhanə edirlər ki, guya biz Rusiya bazarlarına Azərbaycan məhsulu adıyla Türkiyə məhsulu aparırıq”.

İş adamları AzadlıqRadiosu-na danışırlar ki, 10 gündən çoxdur, “Samur” gömrük keçid məntəqəsindən Rusiya bazarlarına satmağa apardıqları kənd təsərrüfatı məhsulları ilə dolu, azı, 50 yük maşını sərhəddə qalıb. İşadamı Yusif Əliyev deyir, Rusiyaya Azərbaycana məxsus tonlarla kənd təsərrüfatı məhsulları aparır:

“Şəxsən özüm Zirə pomidoru vurmuşam. 100 min manatlıq məhsul bu dəqiqə zay olub getməkdədir. Öz məntəqəmizi keçmişəm, gəlib Rusiyanın buraxılış məntəqəsində ilişib qalmışam. Bir-iki gün də gözləsəm, 1 kilo da pomidor ələ gəlməyəcək. Hamı da mənim kimi narahatdır. Biri alma vurub, biri xiyar, biri göyərti… Hamısı xarab olur”.

“TÜRK MALIDIR” DEYİB BURAXMIRLAR

Digər sahibkar Elmidar Hüseynov:

“Bəzi dələduzlar həqiqətən də bu aralar Türkiyə məhsullarını Azərbaycan məhsulu adıyla Rusiyaya keçirəndə ilişiblər. İndi onların əməlinin altını biz çəkirik. Məhsulumuza “türk malıdır” deyib saxlayıblar neytral zonada…”

Sahibkarlar bildirirlər ki, səbəb təkcə bu deyil. Rusiyalı gömrükçülər və sərhədçilər həm də azərbaycanlı sahibkarların sənədlərində “səhvlər tuturlar”. Sahibkar Elmidar Hüseynov davam edir:

“İstəmirlər Rusiya bazarlarına məhsul çıxardaq. Sənədlərdəki əyri yazılan hərifə də ilişirlər ki, bu niyə əyri yazılıb. Qəsdən incidirlər. Deyirik, ‘bu öz sənədimiz, bu da apardığımız yükün, daha nə istəyirsiz?’ Deyirlər, ‘səsinizin tonunu aşağı eləyin, bura sizinçün Azərbaycan tərəf deyil’. Son bir neçə ayda qəsdən süni problemlər yaradırlar, istəmirlər məhsullarımızı bazarlarına çıxaraq”.

 

Sahibkarlar kənd təsərrüfatı məhsullarıyla dolu yük maşınlarının hələ də neytral zonada gözlədiyini bildirirlər.

Qeyri-iş günləri olduğundan rəsmi qurumlardan məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Yada salaq ki, ötən dekabrda Bakıda səfərdə olan Rusiya baş nazirinin müavini Dmitry Rogozin gözlənilmədən Azərbaycan-Rusiya sərhədinə gedib və özünün bildirdiyinə görə, məqsədi “sərhəddə buraxılış-keçid məntəqəsinin işini yoxlamaq” olub. D. Rogozin bundan sonra yük maşınlarının sərhədi heç bir ləngitmə olmadan keçəcəyini söyləmişdi.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın