Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Media / “Yeni il”də qəzetlər neçə gün bayram edəcək?

“Yeni il”də qəzetlər neçə gün bayram edəcək?

Əksər qəzetlər 4 gün işləməyəcək

Məlum olduğu kimi, Yeni il bayramı ilə əlaqədar 5 gün iş olmayacaq. Belə ki, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü, 1, 2 yanvar – Yeni il bayramı ilə əlaqədar qeyri-iş günüdür.

Ancaq 31 dekabr bazar gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 3 yanvar qeyri-iş günü olacaq.

Beləliklə, Yeni il bayramı ilə əlaqədar 5 gün ardıcıl (30 dekabr – şənbə günü, 31 dekabr, 1, 2, 3 yanvar) iş olmayacaq.

Bəs görəsən, ölkə mətbuatı neçə gün bayram edəcək və yeni ilin ilk qəzet nömrələri nə vaxtdan oxuculara təqdim ediləcək?

Sualımızı cavablandıran  “Yeni Müsavat” Media Qrupunun baş direktoru Ələsgər Süleymanov bildirdi ki,  “Yeni Müsavat” qəzetinin 2017-ci il üçün sonuncu nömrəsi dekabrın 30-da satışda olacaq. Növbəti ilin ilk nömrəsi isə yanvarın 5-də işıq üzü görəcək.

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də qeyd etdi ki, qəzetin çapında bayramla əlaqədar 5 günlük fasilə olacaq: “Biz rəsmi dövlət bayramı kimi elan olunmuş qrafikə uyğun işləyəcəyik. Kollektivimizlə bu məsələni müzakirə etmişik və qərarımız budur ki, rəsmi qrafikə uyğun olaraq yanvar ayının 4-də işimizi bərpa edək. Sonuncu iş günümüz isə ayın 29-da olacaq. Qəzetimizin bu il üçün sonuncu nömrəsi dekabr ayının 30-da,  gələn il üçün ilk nömrəsi isə yanvar ayının 5-də işıq üzü görəcək. Qəzetin çapında 5 günlük fasilə yaransa da, saytımız onlayn rejimdə bayram günlərində də fəaliyyət göstərəcək”.

“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə iş qrafiklərinin bir qədər fərqli olacağını açıqladı: “Biz hər il ənənəvi olaraq  Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il gününü xüsusi nömrə ilə qeyd edirik. Son illərdə cənab prezident xalqımıza ünvanlandığı təbrikləri öncədən verir və  biz artıq dekabrın 31-də işləməli olmuruq. Daha öncə isə dekabrın 31-də işləyirdik və yanvarın 1-də xüsusi bayram nömrəsi çıxırdı. İndi həm Dünya Azərbaycanlılarının Həmrəyliyi gününü və  həm də Yeni il gününü 31 dekabr nömrəsində qeyd edəcəyik. Hər bayrama müəyyən qədər yer ayıracağıq, önəmli rəsmi tədbirləri verəcəyik. Ancaq burada bir məsələ var ki, dekabrın31-də yayım firmaları işləmir və qəzet bəzən oxucularımıza çatmır. Ona görə də, ola bilər ki, 31 dekabr nömrəsi yanvarın 4-də oxuculara çatdırılsın. Yeni ildə isə yanvarın 4-də işə çıxacağıq, 2018-ci ilin ilk nömrəsi  ilə ayın 5-də oxucularımızla görüşəcəyik. Ümumilikdə, qəzetimizin çapında 4 günlük fasilə olacaq”.

Həmçinin oxuyun

“Gəncə və Bərdədə gördüyümüz səhnələr dəhşətli idi” – Fransalı jurnalist

Döyüş zonasından uzaqda yerləşən Bərdə bazarına kasetli bombalarla hücum edilmişdi. Bu, dəhşət idi, bomba heç …