Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Yazıçıdan Yevlaxın icra başçısına müraciət

Yazıçıdan Yevlaxın icra başçısına müraciət

Azinforum.az yazıçı Azad Qaradərəlinin “Mahir Mehdi adda, şeir nam-nişanında bir söz adamı var…” yazısını təqdim edir.

Mahirlə nə bir stəkan çay içmişəm, nə də çörək kəsmişəm. Amma milyon dəfə söz kəsmişəm onunla. Onun mənim sözümü kəsib-qanatdığından xəbərim yox. Amma mən onun sözünün başını çox kəsmişəm, qanından qanıma qatmışam, nəfəsimi gııtmışam…

Bu yazı, əslində vəzifə sahiblərinə ünvanlanıb deyə, yuxarıdakı giriş gərək ayrı cür yazılaydı. Haşa! Mahir kimi sözü qanla, canla, ürfanla dolu olan bir şairdən ayrı cür yazılmaz ki!..

Mahir gözəl şairdir, bunun o yan-bu yanı yox, fəqət, o manevr imkanlarından məhrumdur. Yəni, şeirini yazmaqla işini bitmiş sayır, oxucuya, yazıçıya, vəzifə sahibinə deməz ki, bunu mən yazmışam, oxu…

Nə yazıq ki, indi yazıçı gərək bir balaca zirək olsun. Ordan vurub, burdan çıxsın, nazilib iynənin ulduzundan keçsin, əyilib… Yox, qardaş, yox atam balası, bizim dəftərimizdə əvvəlkilər var bəlkə, amma bu ƏYİLMƏK ki var, o bizə yaddır. Biz, yəni Mahir Mehdi, mən, sən, o… Biz azıq, amma varıq, söz libasındayıq, dimdik gəzərik, ac-acına qalarıq, amma əzmimizi, qürurumuzu xərcləmərik… ömrümüzü xərcləsək belə…

Hə, Mahirdən danışacaqdım axı. Mahir Mehdi bu gün Azərbaycanda yaşayan çox az nadir söz adamlarındandır ki, 100 il sonraya qalacaq. İnanın, 100 il sonra bu gün guruldayan yazıçıların heç mində biri tarixdə qalmayacaq. Amma Mahir Mehdi qalacaq. Çünki tarix çox amansızdır. O ancaq nadir istedadlıları xəlbirindən ələyinə salır… orda da kim qala-qala…

Eheyyyy! Vəzifə və var sahibləri! 100 il sonraya qalmaq istəmirsinizmi? Baxın, Nizamiylə 900 ilə yaxındır kimlər qala bilib?.. Füzuli ilə, Nəsimi ilə, Vaqiflə… Bu biri Vaqifin – Vaqif Səmədoğlunun yanı tünlükdür indi, amma 100 il sonraya onun yanında Mahir Mehdi kimi bir-iki şair qalacaq vallah…

İndi üzümü ölkənin VƏZİFƏ VƏ KƏRƏM sahiblərinə tuturam!

Yevlaxın İCRA BAŞÇISINA (Yevlax şəhəri icra hakimiyyətinin başçısı Qoca Səmədovdur-red.) tuturam üzümü!

Mən belə müraciətləri yazmaağa öyrəncəli olmasam da, sözün xatirinə, ədəbiyyatımızın gələcəyi xatirinə sizə müraciət edirəm! Azərbaycanda, konkret Yevlax şəhərində bir görkəmli şair yaşayır – MAHİR MEHDİ adında.

O üç ildir işsizdir. Demirik ki, ona vəzifə verin, ona bir yazı-pozu işi verin ki, ayın başında yaşadığı komaya çörək ala bilsin və o gözəl şeirlərindən yenə də yaza bilsin!

Vallah sonra gec olar!

Və iş sorağıyla “Xəbər gözləyən” şairin bir şeiri ilə bu ağır yazını bitirirəm:

Xəbərlərin xəbəri

Xəbərlər gözləyirəm,
Olmadığım şəhərlərdən,
Yad ünvanlardan,
Yazmadığım şeirlərdən,
Çəkdirmədiyim fotolardan,
Fərq eləməz, xoş, ya da bəd,
Təki, gəlsin, xəbər olsun,
Günlərin dolsun ağzınacan,
İtirim, sayını-hesabını,
Təki, gəlsin, dəyişsin, pozsun,
Rəqəmlərin, sözlərin bu yorucu sırasını…
Bəzən boş çıxır,
Xəbərin içində xəbər olmur,
Ya da ağızlara düşür yolda,
Güclə yetişir biri
Bəzən özü yox,
Gəlir xəbərlərin (qara) xəbəri…

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın