Ana səhifə / Media / “Yaşadığımız evi başımıza uçururlar”

“Yaşadığımız evi başımıza uçururlar”

Bakının “Sovetski” məhəlləsində daha bir tarixi bina uçurulur. M.F.Axundzadə küçəsi, 45 ünvanındakı bir əsrdən çox yaşı olan tarixi bina buldozerlərlə dağıdılır. Bina sakini Faiq Əliyevin virtualaz.org-a bildirdiyinə görə, hazırda Yasamal rayon icra başçısı və digər nümayəndələr də ərazidədir:

“Evimizi başımıza uçururlar. İcra başçısı da buradadır. Deyirlər ki, get yenə jurnalistləri çağır, gəlib çəksinlər. Çox çətin vəziyyətdəyik. Artıq sayğacları söküb çıxarıblar. Borular partlayıb və evi tamamilə su basıb. Bu tarixi binadır və qəzalı vəziyyətdə də deyil, belə bir tikilini necə uçurmaq olar?”

Əlli ildən çoxdur bu evdə yaşayan F.Əliyevin sözlərinə görə, yaşadığı binanın qapı və pəncərəsi elə tikilən zaman necə qoyulubsa, o cür də qalıb. Üzərində şərq memarlığı üslübunda əl işləmələri olan bu bina Sovet dövründə Leninqradda çap olunmuş şərq üslübunda tikilən abidələrin siyahısına salınıb:

“Bu bina 1909-cu ildə tikilib və 2001-ci ildən Nazirlər Kabineti tərəfindən tarixi bina kimi qeydiyyata alınıb. Binanın üzərində əncir yarpağı, günəbaxan, nar, qızılgül təsviri var. Hamısı da əl işidir. Tarixi əhəmiyyətinə görə 4 balla qiymətləndirilib. Əvvəllər “Nijnaya Tazapirskaya” küçəsi adlanan küçədə tikilən bu tarixi bina iki qardaşa məxsus olub. Onların musavatçı olduğu bildirilir. 1920-ci ildə “Qırmızı ordu” Bakıya gələrkən buradan qaçıblar. Belə gözəl tarixi binanı dağıtmaq sadəcə vandallıqdır, bunun başqa adı yoxdur”.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın