Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Yanan binanın sakinləri pula görə hələ də narazıdır

Yanan binanın sakinləri pula görə hələ də narazıdır

“Prezidentin sərəncamı qismən yerinə yetirilsə də bu günə kimi tam həllini tapmayıb. Hadisədən 6 ay keçməsinə baxmayaraq bir qrup avtomobil və qeyri-yaşayış sahiblərinə dəymiş zərər hələ də ödənilməyib. Komissiyanın bütün üzvlərinə etdiyimiz müraciətlər cavabsız qalıb”.

Bunu “Azadlıq” radiosuna bu il mayın 19-da Binəqədidə 16 mərtəbəli binanın yanması nəticəsində əmlaklarına zərər dəymiş bir qrup sakin deyir.

Onların sözlərinə görə, həm yanğın zamanı, həm də yanğın söndürülərkən zərər çəkmiş obyektlərinin təmiri hələ də başa çatmayıb. Sıradan çıxmış avtomobilləri isə bazar qiymətindən aşağı dəyərləndirilib.

Tofiq Mustafayev deyir, ona məxsus “Opel Astra” markalı avtomobilin bazar qiyməti 6250 manat olsa da komissiya 4 min manat hesablayıb. Əmlakının aşağı dəyərlə qiymətləndirilməsinə etiraz etsə də faydası olmayıb: “Tək mənim maşınım deyil. Ülvi Hüseynovun “Peugeot-406” markalı avtomobilinin bazar qiyməti 10 min olsa da komissiya 6 min 500 manat hesablayıb. Yəni tamamilə istifadəyə yararsız hala düşmüş maşınların dəyəri çox aşağı qiymətləndirilib. Biz də bununla razılaşmırıq”.

Yanan bina təmirdən sonra

Başqa sakin Mirhəsən Seyidovun “Şəmkir 1001 xirdavat” mağazasına dəymiş zərər 2000 manat hesablanıb.

O da bu hesablamayla razı deyil. O, hələ də qapıları qıfıllı qalan mağazanın bu günədək yığılıb qalmış icarə haqlarını da hökumətdən tələb edir. 6 aylıq icarəhaqqı isə 3 min manat civarındadır.

Binanın yaxınlığında mağaza işlədən Elman Əliyev deyir ki, mağazanın 6 aylıq icarə haqqı 1200 manatdır. Üstünə yanğının və suyun vurdugu 3 min manatı da gələndə 4 min 200 manat edir. Komissiya isə bu məbləğin heç yarısını da hesablamayıb.

Eyni şikayətlə Yusif Mahmudov, Qəribağa Rizvanov və əmlakı zərər çəkmiş daha bir neçə sakin də müraciət edib.

Hüquqşünas Fuad Hüseynov deyir, əgər sakinlər prezidentin sərəncamına əsaslanırlarsa, həmin sərəncamda binanın həyətindəki avtomobillərə və əmlaklara dəymiş ziyana görə kompensasiya ödənilməsi göstərilməyib: “Sonrakı araşdırmalar zamanı ortaya çıxıb ki, həm də binanın ətrafındakı əmlaklar zərər çəkib. Bundan sonra komissiya əmlaklarına ziyan dəymiş sakinlərə də dəymiş məbləğin ödənilməsini qərara alıb Bu səbəbdən də sakinlər məhkəməyə müraciət etməli olsalar, iddialarında prezidentin sərəncamını əsas götürməməlidirlər. Yanğın zamanı dəymiş zərərin ödənilməsi iddiası ilə müraciət etməlidirlər. Cavabdeh tərəf kimi Binəqədi Rayon İcra Hakimiyyətini və Bakı Şəhər İcra Hakimiyyətini göstərməlidirlər”.

3 ay əvvəl Binəqədi Rayon İcra Hakimiyyətində sakinləri qəbul edən baş nazirin müavini Abid Şərifov yanğın zamanı zərər çəkmiş 10 avtomobilin, 4 qeyri-yaşayış sahəsinin sahibini dinləyib. Avtomobil sahiblərinin hər birinə ekspertiza tərəfindən müəyyən edilmiş məbləğdə kompensasiyanın ödənilməsi barədə Nazirlər Kabinetinin müvafiq sərəncam layihəsi hazırladığını bildirib. Qeyri-yaşayış sahələrinin sahiblərinə də vəd olunub ki, zərər çəkmiş sahələr yüksək səviyyədə təmir olunacaq. Lakin bu yaxınlarda komissiya avtomobillərə görə ayrılmış kompensasiyaların məbləğlərini açıqlayanda sakinlərdə narazılıq yaranıb.

Sakinlər növbəti həftə məhkəməyə müraciət edəcəklərini deyirlər.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın