Ana səhifə / Media / Yanan bazarda yeni tikilən obyektləri sökdülər – səbəb

Yanan bazarda yeni tikilən obyektləri sökdülər – səbəb

İcra Hakimiyyəti nümayəndələri tikintini qanunsuz sayıblar; yer sahibləri çıxılmaz durumda…

Nizami rayonunda, “maşın bazarı” kimi tanınan ərazidə baş verən yanğından artıq bir aydan çox vaxt keçir. Hadisə zamanı 40-a yaxın mağaza yanmış, sahibkarlara külli miqdarda zərər dəymişdi. Yanğının sürətlə yayılması nəticəsində ehtiyat hissələri mağazalarındakı mallar tamamilə yanaraq kül olmuşdu.
Baş verən hadisələrdən sonra yanğının qəsdən törədildiyini düşünənlər oldu. Bunun səbəbi öncədən  bazarın köçürülməsi ilə bağlı xəbərlərin yayılması idi. Lakin bazardakı satıcılar buna etirazlarını bildirib,  söküntüyə qarşı çıxmışdılar.
Yanan mağazaların sahibləri onlara dəyən ziyanın bazar rəhbərliyi tərəfindən ödənilməsini tələb etsələr də, bu, heç bir nəticə verməyib. Bazardakı şəraitsizlik və təhlükəsizlik tədbirlərinin aşağı səviyyədə olduğu üçün yanğında bazar müdiri Rasim Salmanov günahlandırılır.
Zərərçəkənlərin sığortalarının olmaması isə onları çıxılmaz hala salıb. Onların sözlərinə görə, hökumət hər sahibkara  20 min manat kompensasiya ödəyəcək. Ümidləri yalnız ona qalıb. 
Bütün bu hadisələrdən sonra bazar müdiri sahibkarlarla görüşüb və onlara bazarı yenidən təmir etdirib, təhvil verəcəyinə dair söz verib. Zərərçəkənlərin dediyinə görə, güzəşt olaraq bazar rəhbərliyi obyektləri bərpa edib sahibkarlara verdikdən sonra 4 aylıq icarə haqqını almayacaq. Lakin zərərçəkənlər bununla razılaşmayıb. Onlar yanğında dəyən on minlərlə manat məbləğində maddi zərərin bu cür kompensasiya olunmasına etiraz ediblər.
 
Bazarın hazırki durumunu öyrənmək üçün yenidən adıçəkilən əraziyə baş çəkib obyekt sahibləri ilə həmsöhbət olduq.
 

Qeyd edək ki, “Maşın bazarı” həmişəki qaydada fəaliyyət göstərir. Yanan mağazaların sahibləri isə  bazarda gözə dəymir. Lakin bəzi sahibkarlar kiçik piştaxtalar götürərək az miqdarda mal satır, gündəlik çörəkpulu qazanırlar. Yanan obyektlərin yerində isə kifayət qədər tikinti-təmir işləri aparılıb. Lakin hörgü işləri yekunlaşanda tikinti sökülüb. Sökülmənin səbəbini öyrənmək üçün satıcıların fikirlərini öyrəndik.
 
Adının çəkilməsini istəməyən ticarətçi tikintinin Xətai Rayon İcra Hakimiyyəti tərəfindən uçurulduğunu dedi: “Bazar müdiri söz verdiyi kimi, yanan mağazaların yerində yeni daşdan mağazalar tikdirməyə başladı. Tikinti işlərinin yekununda Xətai Rayon İcra Hakimiyyəti nümayəndələri gələrək tikintinin qanunsuz aparıldığını bildirdi. Bəhanələri ondan ibarət oldu ki, tikintinin sənədləri yoxdur və standartlara cavab vermir. Bu mağazalar əvvəlki dəmir konstruksiyadan quraşdırılmış mağazalardan dəfələrlə yaxşı idi. Ancaq icra nümayəndələri müxtəlif bəhanələrlə tikintini dayandırdılar. Bu gün eşitdik ki, sabahdan tikinti işləri yenidən başlamalıdır. Sökülənlər bərpa olunacaq. Kompensasiyalara gəlincə isə sahibkarların ümidləri hökumətdən alacaqları vəsaitə qalıb”.
Əlavə edək ki, mətbuatda yer alan iddialarda Rayon İcra Hakimiyyətinin bazarı köçürmək istəməsi və bu məqsədlə bazarın qəsdən yandırıla biləcəyi ehtimal edilir. Satıcılar isə deyilər ki, hətta İcra Hakimiyyətinin nümayəndələri bazar rəhbərliyinə yanmış mağazaları bərpa etdirməyə də imkan vermir.
 
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. 
musavat.com

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın