Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Yanan bazarda son vəziyyət: Banklar sahibkarların əmlakını əlindən alır FOTOLAR

Yanan bazarda son vəziyyət: Banklar sahibkarların əmlakını əlindən alır FOTOLAR

Nizami rayonunda, “maşın bazarı” kimi tanınan ərazidə baş verən yanğından 3 aya yaxın zaman keçsə də, yeni obyektlərin tikintisi başa çatmayıb. Külli miqdarda zərər görən sahibkarlar isə gözləməkdədir. Onlar səbirsizliklə yeni mağazaların tikilib istifadəyə veriləcəyini gözləyirlər. Xatırlayırsızsa yanğından sonra bazar rəhbərliyi yenidən tikinti aparsa da, Xətai Rayon İcra Hakimiyyəti tikintini qanunsuz sayaraq, uçurmuşdu.

Musavat.com-un müxbiri adıçəkilən yerdə olub, bazardakı son durumla maraqlanıb, sahibkarların gileyini dinləyib.

Bazarın yanan hissəsində yeni mağazalar tikilib. Lakin bununla belə tikinti işlərini bitmiş saymaq olmaz. Mağazaların hörgü işləri yekunlaşsa da, təhlükəsizliyin təmini, malların yerləşdirilməsi üçün piştaxtaların qoyulması və sairə işlər tamamlanmayıb. Yanğın zamanı obyektlərin önü bərbad duruma düşdüyündən həmin ərazi də təmir olunmalıdır. Malları yanan sahibkarlar isə məcburən bazarın gözdən kənar yerlərində yerləşiblər.

Sahibkarların əsas problemi isə, bankların borc müqabilində onların əmlakını əllərindən almasıdır.

Bildiyiniz kimi hadisə zamanı 40-a yaxın mağaza yanmış, sahibkarlara külli miqdarda zərər dəymişdi. Yanğının sürətlə yayılması nəticəsində ehtiyat hissələri mağazalarındakı mallar tamamilə yanaraq kül olmuşdu. Bu hadisə üzündən sahibkarlara külli miqdarda zərər dəydi. Həmi sahibkarların bir çoxu banklardan yüzminlərlə vəsait götürərək iş qurmuşdular. İndi banklar həmin şəxslərdən borclarını ödəməyi tələb edir. Sahibkarların əllərində isə nə mağaza var, nə də mal.

Yanğından zərər çəkən, sahibkarlardan biri banka borcu olanların vəziyyətinin çətin olduğunu dilə gətirdi: “Yanğın zamanı mağazadakı bütün mallarım külə döndü. 117 min manat zərərə uğradım. Mənim kimi onlarla sahibkar bu vəziyyətdədir. Xoşbətlikdən mənim öz mayam idi. İllərdir ki, burada işləyə-işləyə artırmışdım. Bir göz qırpımında havaya sovruldu. Yeni obyekt tikilənə kimi dost-tanışa xahiş eliyib, mal götürüb satırıq. Gündəlik dolanışığımızı çıxarırıq. Elə adamlar var ki, onlar banklardan külli miqdarda pul götürüb, iş qururdu.Yəni satdığı mallar onun deyildi. İndi çarəsiz durumda qalıblar. Eşidirik ki, həmin banklar sahibkarların evini, maşınını əlindən alır. İntihar həddinə çatanlar belə var. Yanğından sonra camaatı sakitləşdirmək üçün 20 min manat kompensasiya veriləcəyi deyilirdi. Hamısı yalan imiş… Yeni mağazaların nə zaman tikilib, təhvil veriləcəyi isə sual altındadır. Gördüyünüz kimi hələ ki, işlər dayanıb”.

Yanan bazarda əsas problemlərdən biri icarə haqlarının fantastik dərəcə də baha olmasıdır. Satıcılarla söhbət zamanı bəlli oldu ki, burada ən kiçik obyekt 1000 manata, bir qədər böyük, təqribən 15-20 kvadratmetr obyekt isə 2000-3000 manatadır. Qiymətlərin fərqli olması isə obyektin yerindən asılıdır.

Bildirdilir ki, yalnız yeni tikilən obyektlərin icarə haqlarında 200 manat endirim olunacaq, yəni aylığı 800 manatdan hesablanacaq.

İcarə haqlarının bu qədər baha olmasını isə satıcılar belə izah etdi: “Bura ölkədə ehtiyat hissələri satışı həyata keçirən ən böyük bazardır. Təqribən 300-ə yaxın irili-xırdalı obyekt var. Hansı satıcını dindirsən icarə haqqının baha olduğunu deyəcək. Amma heç kim qorxusundan danışmır ki, bazardan uzaqlaşdırarlar. Bir dəfə satıcılar yığışıb, icarə haqlarınının endirilməsini xahiş etdik. Ancaq heç bir faydası olmadı. Bazar rəhbərliyi təyin etdiyi qiymət dəyişməz olaraq qalır. Başa düşmür ki, bazar 5 il əvvəlki bazar deyil. İcarə haqqını ödədikdən sonra bizə cüzi miqdarda qazanc qalır. Demək olar ki, bazar rəhbərinin cibinə işləyirik. Heç olmasa vəziyyətimizi nəzər alsınlar. Ehtiyyat hissələri bahalaşıb. Beş manata olan detal indi 10 manat olub. Alıcılıq səviyyəsi çox aşağıdır. Xahiş edirik, səsimizi aidiyyatı orqanlar eşitsin, bir tədbir görülsün”.

Onu da qeyd edək ki, sahibkarlar yanğının baş verməsində bazar rəhbəri Rasim Salmanovun günahlandırılır. Onlar bazardakı təhlükəsizlik tədbirlərinin aşağı səviyyədə olmasının yanğının sürətlə yayılmasına səbəb olduğunu deyirlər.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın