Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Yağışda maşını suya düşənlərin diqqətinə – Dəymiş ziyanı onlardan tələb edin!

Yağışda maşını suya düşənlərin diqqətinə – Dəymiş ziyanı onlardan tələb edin!

Dəymiş maddi və mənəvi ziyanın ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilərsiniz
Sürəkli yağışlardan sonra Bakı şəhərinin küçə və prospektlərində, habelə bəzi başqa yollarda yaranan gölməçələr səbəbindən xeyli avtomobil sahiblərinə ciddi ziyan dəyib. Ümumiyyətlə, yol təsərrüfatında mövcud olan müxtəlif xarakterli qüsurlar səbəbindən nəqliyyat vasitələrinə tez-tez kifayət qədər sanballı ziyan dəyir. Lakin əksər zərərçəkənlər belə halda nə edəcəklərini bilmirlər və məruz qaldıqları zərəri özləri aradan qaldırırlar. Belə yanaşma yol təsərrüfatına görə cavabdeh qurumların məsuliyyətsizliyini bir az da artırır.
Amma qanunvericilik bu tipli problemlər səbəbindən zərərə məruz qalmış avtomobil sahiblərinə hüquq verir ki, məruz qaldıqları zərərin əvəzini yol təsərrüfatına, yollarda hərəkətin təşkilinə görə məsul olan qurumlardan tələb etsinlər.
Qanunvericiliyin konkret normalarına baxaq. “Yol hərəkəti haqqında” Qanunun 6-cı maddəsinin 1-ci hissəsinin 5-ci bəndi yol hərəkəti sahəsində fiziki şəxslərin hüquqlarından birinin  yolların hərəkət təhlükəsizliyi tələblərinə uyğunsuzluğu nəticəsində baş vermiş yol-nəqliyyat hadisələri zamanı səhhətinə, eləcə də nəqliyyat vasitəsinə dəymiş zərərin ödənilməsini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada tələb etmək olduğunu təsbit edir. Deməli, hər kəs bu hüququndan istifadə edərək gölməçəyə, qapağı açıq lyuka, yoldakı dərin çalaya düşdükdə, yaxud qabarma yerinə toxunduqda və s. bu kimi hallarda avtomobilinə dəymiş ziyanın əvəzini buna görə məsul qurumdan tələb edə bilər.
Yollardan istifadə edən fiziki və ya hüquqi şəxs bu xidmətin istehlakçısıdır. Yolların tikilməsi, onların lazımi qaydada saxlanılması, yollarda hərəkətin qanunauyğun təşkili, yollarda mövcud olan müxtəlif maneələrin aradan qaldırılması cəmiyyətə göstərilən xidmətdir. Bu xidmət qanunvericiliklə müəyyən olunan qaydada, qanunvericiliyin təsbit etdiyi tələb və şərtlərə uyğun təşkil edilməli və göstərilməlidir. Bu xidmətin istehlakı zamanı onun keyfiyyətsizliyi səbəbindən fiziki və ya hüquqi şəxslərə zərər dəyərsə, istehlakçı hüquqları pozulmuş olacaqdır. Yenə də qanuna müraciət edək. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsi Azərbaycan Respublikası ərazisində istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüququnun olduğunu təsbit edir. Həmin Qanunun 12-ci maddəsində isə deyilir ki, istehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir.
Göründüyü kimi, qanunlar yolun bərbad olmasına görə təkcə dəymiş faktiki maddi ziyanın əvəzinin yox, həm də mənəvi ziyanın həmin xidməti belə qüsurlu şəkildə göstərən subyektdən tələb etmək hüququnun olduğunu təsbit edir.
Bir şeyi də xatırladaq ki, ölkəmizdə əsas magistral yollar, o cümlədən Bakı şəhərinin əksər küçə və prospektləri “Azəravtoyol” ASC-nin balansındadır. Bu qurum haqqında Azərbaycan Respublikası Prezidentinin 9 mart 2016-cı il tarixli 826 saylı Fərmanının 2-ci bəndində konkret olaraq müəyyən edilir ki, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərir. Deməli, bu xidmətin lazımi qaydada göstərilməməsinə görə məsul subyekt də elə ASC-dir. Yerli əhəmiyyətli digər yollar isə müvafiq rayonun icra hakimiyyətinin balansındadır.
Ona görə də gölməçələrdə və ya yolların başqa problemli yerlərində ziyana düşmüş hər bir nəqliyyat vasitəsi sahibi izah etdiyimiz qanunvericiliyi rəhbər tutaraq, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Özü də yolun bərbad vəziyyətə düşməsinin günahkarı tamam başqa subyekt (məsələn, “Azərsu” ASC, hansısa yol tikən özəl təşkilat və s.) olsa da, bu xidməti göstərən “Azəravtoyol” ASC və ya müvafiq rayonun icra hakimiyyəti olduğuna görə iddialar ona qarşı yönəlməlidir. Zərəçəkən şəxs sadəcə yolun sahibini müəyyən edərək iddiasını ona qarşı yönəltməli və uyğun rayonun məhkəməsinə müraciət etməlidir. (Avtosfer.az)

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın