Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / “Yəqin İcra Hakimiyyəti gözləyir ki, buranı kimsə alsın, obyekt tiksin” – FOTOLAR

“Yəqin İcra Hakimiyyəti gözləyir ki, buranı kimsə alsın, obyekt tiksin” – FOTOLAR

“Yaxınlıqda uşaqlar üçün əyləncə mərkəzi var, 5 metr uzaqlıqda isə parkın halı bərbaddır”
Bu özləri Nəsimi rayon sakinləri musavat.com-un reportyoruna deyiblər. Məsələ burasındadır ki, Nəsimi rayonu, Azadlıq prospekti 97 ünvanında yerləşən park, uzun zamandır, baxımsız haldadır.
Parkın bir tərəfində müasir uşaq əyləncə mərkəzi yerləşir, digər tərəfi isə yaddan çıxıb. Görüntü belə bir mesaj verir – aidiyyəti qurumlar vaxt tapdıqca parka diqqət ayırırlar. Yaxın bir neçə ildə isə iş-güc çox olduğundan vaxtları yoxdur.
Çünki parkın bir hissəsi normal görünsə də, digər bir hissəsində oturmağa belə yer tapmaq mümkün deyil. Gördüklərimizdən belə anlaşılır ki, burada hansısa heykəl və ya abidə olub. Sonradan baxımsızlıqdan dağılıb.
Ətrafda parkda istirahət edənlər üçün oturacaqlar olub. Amma artıq onlar da dağılıb, daşlar sağa-sola səpələnib. Vaxtı ilə metlaxların üzərinə oturmaq üçün quraşdırılmış taxtadan ibarət oturacaqlardan əsər-əlamət qalmayıb. Qısaca desək, ətraf bərbad gündədir.
Səftər Hacızadə adlı rayon sakini parkla bağlı bunları dedi: “Ümumilikdə park sakitdir, təmizdir. Amma bu müsbət halların yanında bu mənzərə təbii ki, xoş görünmür. Parkın içində təzə oturacaqlar da var. Lakin bu hissəni niyə bu halda saxlayırlar, bilmirəm. Bu, indiki məsələ deyil. Mən 2 ildir buraya köçmüşəm. Köçdüyüm gündən bura belə haldadır”.
Raziyə Abdullayeva deyir ki, parkın bu hissəsinin baxımsız qalmasına səbəb, ərazinin satılmamasıdır:“Ətrafa baxın, kafe, uşaq əyləncə mərkəzi kimi obyektlər var. Həmin yerlər səliqəlidir. Amma bura yox. Çünki buranı alan olmayıb. Yəqin icra hakimiyyəti gözləyir ki, buranı kimsə alsın, obyekt tiksin. Olmasa buranı düzələn deyil. Uşaqlar sökülmüş metlaxlarla oynayırlar. Heç olmasa bunları yığışdırsınlar”.
Deyəsən, Raziyə xanım haqlıdır. Çünki Nəsimi rayon İcra Hakimiyyətinin rəsmi saytında bu parkla bağlı bir kəlimə də yoxdur. Görünür ki, həqiqətən də parkı unudublar. Yəqin ki, bu yazımızdan sonra belə bir parkın olması icra hakimiyyətinin də yadına düşər.
Məhəmməd Türkmən,
Fotolar müəllifindir.













Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın