Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Media / “Xocahəsən yolundan bələdiyyə sədri də, icra hakimiyyətinin nümayəndələri də…”

“Xocahəsən yolundan bələdiyyə sədri də, icra hakimiyyətinin nümayəndələri də…”

Məşhur ingilis yazıçısı Daniel Defonun misilsiz qəhrəmanı – gəmisi qəzaya uğrayandan sonra kimsəsiz adada məskunlaşıb tənha həyat sürməyə başlayan və bu yolda ən müxtəlif macəralarla qarşılaşan Robinzon haqda yəqin ki, eşitməyən yoxdur. Ancaq kimin ağlına gələ bilərdi ki, XXI əsrdə Bakıda, çoxmilyonlu meqapolisə çevrilən şəhərdə də bu cür kimsəsiz, ucqar yer və orada təkbaşına məskunlaşan ailə ilə qarşılaşmaq olar…

Bu, Bakının Xocahəsən gölünün (ötən buraxılışımızda bu çirkab gölü barədə reportajımız dərc olunub) sahilində, heç kimin yaşamadığı ərazidə məskunlaşan Həsənovlar  ailəsidir. Lakin Daniel Defonun qəhrəmanından fərqli olaraq, Həsənovlar ailəsini bu kimsəsiz əraziyə varlanmaq arzusu gətirib çıxarmayıb.

Həsənovlar ailəsi 25 ildir ki, Xocahəsən gölünün yaxınlığında yaşayır. Suvağı yağışdan yuyulmuş daş daxmada hər şey daş dövrünü xatırladır: odun sobası ilə qızdırılan, neft lampası ilə işıqlanan, həm mətbəx, həm yataq otağı, həm də qonaq otağı rolunu oynayan ümumi otaqdan başqa daxmaya sonradan yamanmış iki kiçik otaq da var.

Tənha evdə 25 il

Uzaqdan baxanda kiçik qaraltını xatırladan bu tikilidə insanların yaşadığını ağla gətirmək çətindir. Bu qaraltının əslində ev olduğunu ora yaxınlaşarkən həyətdə ipdən asılmış paltarları görəndə başa düşdük.

“Axı bu nə evdir? Burada ki, qəsəbə-filan yoxdur, heç yaxınlıqda da yaşayış gözə dəymir. Bəlkə, gölə nəzarət edənlərin istifadə etdiyi tikilidir?” İnsan istər-istəməz öz-özünə bu sualları verməli olur. Və maraq bizi bürüyür, tikiliyə yaxınlaşıb onun sakinləri ilə ünsiyyət qurmaq istəyirik.

Darvazası, hasarı olmayan daxmanın qarşısında bizi qazlar qarşılayır.  Vaxtilə Romanı xilas edən bu qanadlılar səs-küy salıb fısıldaya-fısıldaya üstümüzə şığıyır. Səs-küyə ev sahibi özünü tələsik bayıra atır. Vaxtında özünü yetirən yaşlı kişi bizi küncə sıxan qazları uzaqlaşdırır…

“Gəlin, qorxmayın. Onlar evin qoruyucularıdır. Düzdür, küçüyümüz də var, amma qazlar ondan daha etibarlıdır”– ev sahibi bizi mehribalıqla qarşılayır.

Ev sahibinin səsini eşidən kimi qazlar sakitcə dağılışdılar. Həmsöhbətimiz isə o qədər də söhbətcil adama oxşamırdı. Əslində onu qınamalı deyil, axı yaxınlıqda nə qonşu var, nə küçədən keçən. Ünsiyyətcilliyi necə qoruyub saxlayasan…

Ev sahibi Səyyad Həsənov deyir ki, o və ailəsi 25 ildir bu ərazidə məksunlaşıb.

– 25 il burada – kimsəsiz qəsəbədə necə yaşamısınız, çətin deyil?

– Əlbəttə, çətindir, çox çətindir. Qaz yox, işıq yox, qohum-qonşu, söhbətləşməyə bir bəni-adəm yox…

Səyyad kişi bu kiçik daxmada həyat yoldaşı, iki qızı, hərəsinin iki uşağı olan iki oğlunun ailəsi ilə birlikdə cəmi 12 nəfərlə yaşayır.

 

Fırıldaqçılar evimizi satdılar, qaldıq küçədə…

Bəs Həsənovlar ailəsini bu kimsəsiz əraziyə hansı dalğalar atıb? Necə olub ki, onlar burada məskunaşmalı olublar?

Məlum olur ki, Səyyad Həsənovun ailəsi vaxtilə Bakının Nizami rayonunda yaşayırmış, ancaq üzləşdikləri dələduzluq nəticəsində evləri əllərindən çıxıb, onlar da bu kimsəsiz əraziyə sığınmalı olublar.

Xocahəsən “Robinzonu” nəql edir: “Bizim şəhərin içində evimiz var idi, gül kimi yaşayışımız var idi. Bir də xəbər tutduq ki, qaynımın yoldaşı bizdən xəbərsiz saxta sənədlə evimizi satıb. Onu məhkəməyə verdik, məhkəmə evin bizə qaytarılması ilə bağlı qərar çıxardı. Amma qərara məhəl qoyan, icra edən olmadı. Qaldıq küçədə, elə ona görə 1992-ci ildə məcbur olub bura gəldik. Düzdür, bir az özümüzə güzəran qurmuşuq, amma hələ də əziyyət çəkirik. Qaz, işıq yoxdur. İşığı yaxınlıqdakı zavoddan götürürük. O da gah olur, gah da kəsirlər. Sürünə-sürünə yaşayırıq”.

“Başqa gedəsi yerimiz yoxdur…”

Ailə başçısının dediyinə görə, külfəti onun aldığı pensiyanın ümidinə qalıb. Əvəllər oğlanları işləsələr də, indi işlədikləri yerdə ixtisara düşüblər. Elə S. Həsənov özü də son vaxtlara qədər “Azərişıq” ASC-də işləyib, təzəlikcə pensiyaya çıxıb.

Səsimizə Səyyad kişinin gəlini də həyətə çıxdı. Bizi içəri dəvət edib nəmişlikdən cənglənmiş divarları, şəraitsiz daxmanı çəkməyimizi xahiş etdi. Onun sözlərinə görə, yağış yağanda evin damı damır və içəri gölməçə olur.

“Çox çətindir, amma nə edək, başqa gedəsi yerimiz yoxdur. Burada yaşamağa məcburuq. Ordan-burdan tapıb odun yandırırıq, evi odun sobası ilə qızdırırıq. Qışda otaqların divarları su olur. Nəmdən hər yer iy verir. Yağış yağanda da başımıza tökülür. Bir otaqda odun peçini yandırırıq, o biri otaqların da qapısını açıq qoyuruq ki, isinsin. Soba sönən kimi ev də olur buz kimi”.

 

Həm qonaq otağı, həm yataq otağı, həm də mətbəx…

Ev sahibi qucağında gətirdiyi odunları sobaya atır. Evin nisbətən böyük otağı həm qonaq otağı, həm də mətbəx olduğundan daxmanı sobanın üzərində bişən yeməyin qoxusu bürüyüb. Amma daxmadan rütubət iyi də gəlir. Məlum olur ki, ailə bu cür şəraitsiz evdə həm də 4 uşaq böyüdür.

Ev sahibi ona indiyə qədər heç bir kömək edilməməsindən gileylənir. Onun sözlərinə görə, ailəsinin bu dözülməz şəraitdə yaşamasından hər kəs xəbərdardır.

“Bizim burada yaşamağımızdan hamının xəbəri var, Xocahəsən yolundan bələdiyyə sədri də, icra hakimiyyətinin nümayəndələri də keçirlər. Hələ heç kim indiyə kimi kömək üçün qapımızı açmayıb. Əksinə, evin qabağında bir kiçik daldalanacaq tikmək istyirdik, gəlib dağıtdılar, qoymadılar tikək. Qapının ağzındakı divarı da yağışa görə çəkmişik ki, uşaqların ayaqqabıları islanmasın. Onu gecə ilə çəkdik, xəbər tutmadılar. Həyətdə toyuq-cücə üçün dəmirdən balaca tövlə tikmişik. Hətta onu da qoymurlar, gəlib sökürlər. Deyirik onda yer verin köçək, onu da edən yoxdur”, – deyə S. Həsənov deyir.

-Kim uçurur evinizi?

-Xocahəsən gölünə nəzarət edənlər. Deyirlər burada heç bir tikili olmaz. Bir də, deyirlər burada park olacaq. Çox əziyyət çəkirik, istəyərdik ki, normal insanlar kimi biz də normal evdə yaşayaq.

-Bəs uşaqlarınız haradadır, görünmürlər?

-Məktəbə gediblər. Hər gün 4 uşağı avtobusla səhər buradan şəhərə aparırıq, axşam da gətiririk. İstəyirik heç olmasa onlar oxuyub bu səfalətdən uzaqlaşsınlar.

Həsənovlar ailəsi radiasiyalı gölün ətrafında yaşamağın təhlükəli olmasından da xəbərsizdir.

 

 “Radiasiya-filan yoxdur, göldür də…”

“Göldə radiasiya-filan yoxdur, göldür də. Düzdür, Xocahəsən qəsəbəsinin, elə bizim özümüzün də kanalizasiyamız bura tökülür. Təzəlikcə ali məktəb müəllimləri gəlmişdilər, nəsə araşdırma apardılar, dərinliyini ölçdülər. Deyirlər göl təmizlənib yanında park salınacaq. Biz də gözləyirik, bəlkə, onda bir gün görərik. Amma inanmıram bu gölü qurutsunlar. Qanlı gölü də qurutdular da, axırı necə oldu? İndi yenə su dolub”, – deyə ailə başçısı son sözlərini deyir.

Beləcə Xocahəsən robinzonları ilə sağollaşıb ayrılırıq. Səyyad kişinin qazları bizi necə qarşılamışdılarsa eləcə də yola saldılar. Üstəlik bu dəfə onlara qaraqulaq ağ küçük də qoşulmuşdu…

Həmçinin oxuyun

Azərbaycan və Türkiyə bundan uğurla yararlanıb – “Qardian”

Azərbaycanın Ermənistana qarşı qazandığı uğurlarda “Bayraqdar” dronlarının əhəmiyyəti bütün dünyanın gündəmindədir. Axar.az xəbər verir ki, …

Bir cavab yazın