Ana səhifə / Media / «Xarı Bülbül» restoranında yaşananlar sakinlərin narazılığına səbəb olur

«Xarı Bülbül» restoranında yaşananlar sakinlərin narazılığına səbəb olur

Tahir adlı şəxsin sahibi olduğu obyektdə qadınların çığır-bağırı insanların əsəblərini tarıma çəkib Hüquq-mühafizə orqanları nədən restorandakı xoşagəlməz olayların qarşısını ala bilmir? Paytaxtın Nərimanov rayonu, Dərnəgül qəsəbəsində yerləşən «Xarı Bülbül» restoranı ilə bağlı redaksiyamıza bir sıra maraqlı məlumatlar daxil olub. Belə ki, adıçəkilən obyektin əvvəllər elmlə məşğul olan Tahir adlı şəxsin rəhbərliyi altında fəaliyyət göstərdiyini iddia edən mənbənin Gundelik-Baku.com-a verdiyi məlumatlarda deyilir ki, «Xarı Bülbül» restoranında yaşanan bir sıra xoşagəlməz olaylar yaxınlıqda yaşayan sakinlərin ciddi narazılığına səbəb olur. Sözügedən obyektdə saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq mallarının mövcud olduğunu vurğulayan məlumatlı şəxsin iddiasına görə, sakinlər adıçəkilən obyektin fəaliyyətindən, daha doğrusu mütəmadi olaraq orada baş verən dava-dalaşdan, səs-küydən narahatlıq keçirirlər:

«Deyilənlərə görə, Tahir adlı şəxsin nəzarəti altında fəaliyyət göstərən «Xarı Bülbül» restoranında əsasən axşam və gecə saatlarında spirtli içkilər qəbul edən müştərilərin səs-küyü, bəzi sərxoş şəxslərin nalayiq ifadələr səsləndirməsi, normal həyat tərzi keçirməyən qadınların çığır-bağırı insanların əsəblərini tarıma çəkib. Restoranda əylənənlərin hərəkətlərinə fikir verilmir. Sərxoş şəxslərin nalayiq ifadələri əlindən buradan keçmək mümkün deyil. Hələ bu, harasıdır. Bir də görürsən ki, gecə saatlarında kriminal aləmin bir sıra nümayəndələri bura toplaşaraq hansısa məsələni həll etməyə çalışır, nəticədə isə kütləvi dava-dalaş baş verir. Aydındır ki, bu gün istənilən inzibati ərazi vahidinin hüdudları daxilində hər hansı müəmmalı və ya ciddi narazılığa səbəb olan fəaliyyət növü ilə məşğul olmaq və eyni zamanda bu fəaliyyəti həmin ərazinin hüquq-mühafizə orqanlarından gizlin saxlaya bilmək prinsip etibarı ilə mümkün deyil. Əgər belə bir obyekt davamlı fəaliyyət göstərirsə deməli, istənilən halda əraziyə nəzarət edən hər hansı polis orqanının bu işdən xəbəri var və çox güman ki, bu fəaliyyət üçün həmin orqanın rəhbərliyindən qeyri-rəsmi icazə də alınıb. Deyilənlərə görə, «Xarı Bülbül» restoranının sahibi Tahir adlı şəxs belə bir icazəni çoxdan alıb. Elə bu səbəbdən də adıçəkilən obyektdə yaşanan xoşagəlməz olaylara göz yumulur, sakinləri narazat edən məqamlar görməzdən gəlinir».

Beləliklə, Dərnəgül qəsəbəsində yerləşən «Xarı Bülbül» restoranının bəzi səlahiyyət sahiblərinin razılığı ilə açıq-aşkar fəaliyyət göstərdiyini və bu elə bu səbəbdən də obyektə hüquq-mühafizə orqanlarının müdaxilə edə bilmədiklərini nəzərə çatdıran mənbə bildirir ki, həmin ərazidə yerləşən digər bir çox kafe və restoranlarda əhalinin narazılığına səbəb olan xoşagəlməz halların, əsasən də qadın ticarətinin qarşısı alınsa da, polislər «Xarı Bülbül» restoranına yaxın gələ bilmir: «Deyilənlərə görə, əgər restoranda iki nəfər yüngül nahar edirsə, sonda həmin müştərilərdən 2 qat artıq pul alınır. Narazılıq edən şəxs isə polislə hədələnir. Artıq bir neçə dəfə «Xarı Bülbül»də bahalığa narazılıq edən şəxslərin başı ağrımalı olub. Belə ki, restoranda narazılıq edənlər obyektdə saxladığı idmançılar tərəfindən qorxudulur və ya döyülür». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın