Bazar , Avqust 18 2019
Ana səhifə / Media / Xanım deputatdan toylarla bağlı ilginc təklif

Xanım deputatdan toylarla bağlı ilginc təklif

“Masası 500-600 manatdan toy olar?”

Millət vəkili Məlahət İbrahimqızı dünyada yaşanan və əsasını siyasi qərarlar təşkil edən qlobal iqtisadi böhranla bağlı fikirlərini bölüşüb. Deputat Teleqraf.com-a açıqlamasında bu prosesin artıq bütün dövlətlərdə müşahidə edildiyini ifadə edib. O bildirib ki, belə bir ərəfədə israfçılığa qətiyyən yol vermək olmaz. Onun sözlərinə görə, bəzi ölkələrdə “kəmərləri sıxma əməliyyatı” deyilən məfhum var: “İnsanlarımız bir qədər israfçılığa imkan verməməli, qənaətçil olmalıdır. Mən misal çəkə bilərəm. Baxın, toylarımızda nə qədər israfçılığa yol verilir. Şadlıq evlərində insanlar toy eləməyə çəkinirlər. Bu gün infilyasiya, dünyanın hər bir nöqtəsində krizis müşahidə olunur. Bu krizis Azərbaycanın yanından ötə bilməz. Allah millətimizin hər bir üzvünə xeyir iş qismət etsin. Sabah istənilən şadlıq evlərinə gedin. Fərqi yoxdur, yüksək səviyyəli şadlıq evi olsun və ya orta səviyyəli. Şadlıq evlərinin başçıları sanki mafiozlardır, bu obyektlər bir qrupun əlindədir. Gedirsən, deyir ki, mənim menyumdan çıxa bilmərsiniz. Çünki küllü miqdarda pul qazanırlar. Axı nəyə lazımdır, biz bəyəm ancaq mədəmizəmi xidmət edirik, mənəviyyatımızın təməli mədədirmi? Təbii ki, Azərbaycanın gözəl klunariyası var. Lakin insan nə qədər yeyib-içə bilər? Toy mərasimləri zamanı masanın üzərində nələr olmur və nə qədər azuqələr israf edilir? Bu azuqələrin bir qismi atılır, bir qismi köhnəlir, bəzən dünənki toy mərasimindən qalan ərzağı sabahkı toy mərasimində sırıyırlar və s. Yas mərasimlərimizi bir qədər tənzimləyə bildik. Ancaq toy mərasimlərimiz biabırçı və gülünc haldadır. Biz maliyyə istifadə etməyi öyrənməliyik. Şəxsən mənə insanlar dəfələrlə müraciət ediblər. Millət vəkili olduğum üçün açıq deyiblər ki, oğluma toy etmək istəyirəm, qızıma xeyir iş görmək niyyətim var. Lakin şadlıq evinə gedəndə deyirlər ki, bizim menyumuz və qiymətimiz budur, bundan kənara çıxa bilmərsiniz. Bu nəyə lazımdır? Saat 18.00-dan 00:00-a qədər toymu olar? Altı saat ərzində hansı insan fiziki baxımdan yeyə bilər? Hələ toy zamanı səs-küydən beynin az qala partlamasını demirəm. Üstəlik gəlinlə bəy bəzən saatlarla qapıda gözləyir, qonaqlar tam toplaşandan sonra şadlıq evinə daxil olurlar. Görürsünüzmü, xaricilər hər şeyin vaxtını və dəyərini bilirlər. Tədbirləri də olanda onun başlama saatını və yekun saatını yazırlar”. Deputat xalqın bu istiqamətdə maarifləndirilməsinin vacib olduğunu da bildirib: “Maarifləndirmənin özü də bir xidmətdir. Bu şadlıq evləri və toyxanalara ciddi nəzarət, monitorinq olmalıdır. Onlar konkret menyular təqdim etməli və reallığı bilməlidir. Baxın, ölkəmizdə ən yüksək səviyyəli tədbir Prezidentin keçirdiyi tədbir olur. Mən 28 May Respublika Gününü və digər əlamətdar tədbirləri nəzərdə tuturam. Və ya ölkənin birinci xanımının tədbirləri. Bu zaman tədbirdə iştirak edən hər bir qonağın qarşısına menyu qoyulur və yazılır: bir, iki, üç. Bununla da bitdi. Yaxı, bəs toyda nəyə lazımdır ki, masanın üzərinə çeşid-çeşid salatlar düzmək, heç bunu yeyən də olmur. Hesab edirəm ki, bu məsələlərin üzərinə getmək lazımdır. Bu, bizim millətimizdir, niyə ona kömək etməyək? Nəyə görə, gedib masası 500-600 manatdan toy etməlidirlər, buna kimin gücü çatar? Biz hər şeyə qənaət etməliyik ki, bunun ailə büdcəmizə ziyanı olmasın. Ailə büdcəmizi qoruyanda həm də dövlət büdcəsini qorumalı oluruq”. 

Həmçinin oxuyun

Dövlət qurumlarının saytlarında vəziyyət necədir – ŞƏRH

“Azərbaycanda dövlət qurumlarının saytlarında vəziyyət müsbətə doğru dəyişir”. Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz …

Bir cavab yazın