Ana səhifə / Media / ‘Xahiş edirəm, yalvarıram…’ – 3 uşaq anası olan qaçqın qadın kömək gözləyir – FOTOLAR

‘Xahiş edirəm, yalvarıram…’ – 3 uşaq anası olan qaçqın qadın kömək gözləyir – FOTOLAR

Bu ailə haqqında yanvar ayında reportaj hazırlamışdıq. Redaksiyamıza müraciət edən Bakı sakini yaşadığı çətin vəziyyətdən bəhs etmişdi. 
Yaşadıqları “evə” gedib, oradakı vəziyyətləri ilə tanış olandan sonra acınacaqlı şəraitdə yaşadıqlarını anlamışdıq. Çarəsiz və xəstə olan ana öz övladları üçün çırpınırdı.
Söhbət 3 azyaşlı övladı ilə birgə Bülbülə qəsəbəsi, Samir Əliyev 149 ünvanında yaşayan Elminaz Məmmədovadan gedir. E.Məmmədovanın atası rəhmətə getdiyi üçün arxasında dayanacaq bir kimsə də olmayıb.
Artıq kirayədə qalmağa maddi imkanı olmayan E.Məmmədova, qeyd etdiyimiz ünvanda yerləşən bu otaqda məskunlaşıb və uzun müddətdir ki, burada yaşayır.
Həm özü, həm də övladları xəstədir. Ailə haqqında məqalə yazdığımız günlərdə onlara yardım edənlər də oldu. Müxtəlif şəxslər, qurumlar, hətta həmkarlarımızdan da yardım edənlər oldu.
Amma görünən budur ki, bu yardımlar ailəni çətin vəziyyətdən çıxara bilməyib. Çünki onlar bu nəmli, şəraitsiz və qışda soyuq, yayda isə isti daxmadan qurtula bilməyiblər. Belə olduğu təqdirdə müalicələrin, yardımların də mənası qalmır.
Hazırda E.Məmmədova bu evdə 3 övladı – 9 yaşlı Günay, 6 yaşlı Fatimə və 3 yaşlı Yusif ilə birgə yaşayır. Hazırda Yusif asma-bronxit xəstəliyindən əziyyət çəkir. 6 yaşlı Fatimənin isə beynində problem var. Çarəsiz durumda olan əzabkeş ana, imkanlı şəxslərdən yardım umur.

Bu “ev”də yaşamaq onların ömürlərini qısaldır

Fizuli rayonundan olan Elminaz Məmmədovaya hazırda ən vacib olaraq, ev lazımdır. Çünki bu evdə yaşamaq onların geri qalan ömürlərini qısaldır: “Evin divarlarından su axır. Şəraitimiz yoxdur. Bu günə kimi elə vaxt olub ki, evdə yeməyə çörək olmayıb. Özüm 2 gün ac qalmışam, amma uşaqlarıma bir tikə də olsa, yeməyə bir şey tapmışam. Qarşıdan qış ayları gəlir. Yaşadığımız bu otaq qışda bizi öldürəcək. Çünki hər yerindən soyuq gəlir. Burada yaşamaq olmaz, amma biz çarəsizlikdən yaşayırıq. Həkimlər deyirlər ki, bu evdən təcili çıxmalıyıq. Çünki burada yaşadığımız müddətcə müalicələrin heç bir əhəmiyyəti yoxdur. Aylıq aldığım müavinətdən özümüzə heç nə qalmır. Çünki dərmanlar bahadır. Onları da bir dəfə ala bilirəm, bir dəfə yox…”

“Xahiş edirəm, yalvarıram, mənə kömək edin”

Çarəsiz ana aidiyyəti orqanlardan yardım umur: “Mənə yardım edənlər oldu. Hamıya təşəkkür edirəm. Allah köməkləri olsun. Amma bizim dərdimiz düzəlmir. Çünki xəstəyəm. Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə dəfələrlə getmişəm. Faydası yoxdur. Məni Əli müəllimlə görüşdürsələr, bəlkə də o, kömək edər. Mən qaçqınam, heç kimim də yoxdur. Nə edim? 3 övladımı küçəyə atım? Xahiş edirəm, yalvarıram, mənə kömək edin”.










Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın