Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Media / “Xaçmazın işğal olunmasını uşaqlara kim deyib?”- VİDEO

“Xaçmazın işğal olunmasını uşaqlara kim deyib?”- VİDEO

Qanlı yanvar günü “Yeni avaz” internet kanalının 20 yanvar hadisələri ilə bağlı apardığı sorğuda iştirak edən paytaxt sakinləri heyrətamiz cavablar səsləndirmişdi. 
Məsələyə təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev Moderator.az-a açıqlamasında münasibət bildirib:
“Yeni avaz” internet kanalının Bakıda 20 yanvar hadisələri ilə bağlı apardığı sorğu hamımızı düşündürməlidir. Uşaq və yeniyetmələrin tariximizin qanlı səhifələri barədə gülərək, zarafatlaşaraq danışmaları heç bir çərçivəyə sığmırdı.
Dərsliklərdə tariximizin qanlı səhifələri haqqında mövzular verilir. Son 27 ildə həm Kütləvi İnformasiya Vasitələrində, həm də müxtəlif səpgili mədəni tədbirlərdə bu istiqamətlərdə təbliğat işləri aparılır. Dünyada erməni işğalını, 20 yanvar faciəsini, Xocalı soyqırımının tanınması üçün tədbirlər həyata keçirilir. İctimai Televiziya və AzTV deyilən kanallarda hər gün mili mənəvi dəyərlərimizdən danışılır. Ancaq uşaqların danışığından görsəndi ki, onlar ya Azərbaycanda yaşamırlar, ya da ki, təhsildən kənarda qalıblar.
Əslində uşaqların istər faciələrimiz, istərsə də dəyərlərimiz barədə məlumatsızlığı, bilmədən danışmalarının əsas səbəbkarı müəllimlərdir. Müəllimlər belə mövzuları könülsüz (emosiyasız) tədris edirlər. İkinci dünya müharibəsi haqqında dərsliklərdəki mətnləri və müəllimlərin emosional tədrisini yaddan çıxarmaq mümkün deyil. Zəif oxyan uşaqlar da müharibə haqqında nəsə bilir və danışırdılar. Çörək tapılmayan illərdəki vətənpərvərlik, bolluq illərinin vətənpərvərliyindən qat-qat güclü idi.
İctimai Televiziyada səhər saat 8-dən yatana qədər bu məsələlər barədə verilişlər getsə belə, nə uşaq, nə də müəllim bundan bəhrələnməyəcək. Çünki sünilik, bayağılıq var. Ümid yenə məktəb mühitinə, yeni yetişən müəllimlərə qalır. Rusiyanın təhsil və elm naziri, professor Olqa Vasilyeva müsahibələrinin birində Amerika Birləşmiş Ştatlarında vətənpərvərlik tərbiyəsinin güçlü inkişafından danışır: “Bütün siniflər Vaşinqtondakı Veytnam müharibəsində həlak olmuş əsgər və zabitlərin Memorialını ziyarət etməlidirlər. Hər ştatın uşaqlarına həlak olanlar haqqında ətraflı məlumatlar verililir. Bir neçə il öncə mən də həmin Memorialı ziyarət etdim. Digər xarici vətəndaşlarla memoriala enərkən bir-birimizlə sakit danışığımızı 13-14 yaşlı bir uşaq gördü və avtomatik olaraq barmağını dodağına yapışdırıb, susmağı işarə etdi. Yəqin ki, mən ölkəmdə uzun illər Əbədi məşəlin qarşısında belə hərəkət edən uşağa rast gəlməyəcəm.” Gözəl nümunədəir. Haqlı sual olunur. Biz rast gələcəyikmi?
Məktəbdə təhsil və tərbiyə mühitinin korlandığı illərdə (Mərdanov dövrü) biz tələbə qəbulunun açınacaqlı nəticələrindən danışanda mərdanovçular bizə deyirdilər ki, məktəbin vəzifəsi ali məktəblərə abituriyent hazırlamaq deyil, vətəndaş yeytişdirməkdir. Vətəndaş yetişdirmək layihəsi artıq iflasa uğrayıb. İctimai yerlərdə yeniyetmə və gənclərin davranışları bizə utanc gətirir. 20 yanvarı xarakterizə edə bilməyən, Ağsu və Xaçmazın işğal olunmasından danışan uşaqlar Azərbaycan bölməsində təhsil alanlar idi. İngilis və rus dilində oxuyan uşaqların belə mövzularda cavablarının necə olmasını bəri başdan təsəvvür etmək çətin deyil. Yaqub Mahmudov isə Qarabağ tarixininin fakültativ məşğələ kimi tədrisinə qarşı çıxır.
Təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı təhsil naziri Mikayıl Cabbarov 2016-2017-ci tədris ilinə “Təhsildə dəyərlər” ili kimi yanaşmağı təklif edib.
Biz biliklərə qiymət veririk. Bəs ədalət, həqiqət, mərhəmət, vətənə sevgi, xeyirxahlıq, azadlıq, bərabərlik, düzgünlük kimi dəyərlər də qiymətləndirilməli deyilmi? Bütün bunlar uşaqlara testin “dili” ilə deyil, danışmaqla, izah etməklə, göstərməklə başa salınmaldır.
Əslində uşaqların dəyərlərə, faciələrimizə yanaşma tərzi müəllimlərlə identiklik təşkil edir. Belə mövzularda əzbərçilik yolverilməzdir. Müəllimlər keçdikləri fənnlər üzrə mütəmadi olaraq təkmilləşirlər. Məncə onlar, dəyərlər və vətənpərvərlik üzrə də təkmilləşməlidirlər. Bu onlara qəribə gəlməməlidir. Yeniyetmə və gəncin savadsızlığında müəllimin “əməyi” dərhal görünür. Öz fənnini yaxşı bilən, məktəbə bağlanan müəllim həm də vətənpərvərdir.
Vətənpərvərlik anadangəlmə keyfiyyət olmadığından, bu aşılanmalıdır. Vətənpərvərlik nəfəs almaq və hərəkət etmək qədər təbii olmalıdır.
Bunun aşılanması üçün isə təbii müəllimlərə ehtiyac var.
Müzakirələrə səbəb olan həmin videonu təqdim edirik:

Həmçinin oxuyun

Azərbaycanla bağlı qərəzli xəbər yayan “Amerikanın səsi” üzr istədi

“Amerikanın səsi” radiostansiyası rəsmi feysbuk səhifəsində və saytında Azərbaycana qarşı daima qərəzli mövqeyi ilə fərqlənən …

Bir cavab yazın