Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Media / Xəzər TV-dən jurnalistlə bağlı – Açıqlama

Xəzər TV-dən jurnalistlə bağlı – Açıqlama

Lənkəranda polis tərəfindən ötən gün saxlanılan “Xəzər” televiziyasının Cənub bölgə müxbiri Əkbərov Elvin Habil oğlu sərbəst buraxılıb.

” Azinforum.az ” Lent.az-a istinadən xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəis müavini Faiq İlyasovun göstərişi ilə Mərkəzi Xəstəxanada əri tərəfindən döyülərək öldürülən qadınla bağlı çəkiliş edərkən saxlanılan jurnalist bu gün buraxılıb.

Qeyd edək ki, ötən gün rayonun Rvo kənd sakini 1967-ci il təvəllüdlü Qafarova Marifə Vəli qızı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstənin yaxınları M.Qafarovanın yıxılaraq xəsarət aldığını bildirsələr də, sonradan qadının həyat yoldaşı tərəfindən döyüldüyü məlum olub. Bir neçə gün ev şəraitində müalicə olunan qadın daha sonra tibbi müəssisəsinə gətirilib və orada ölüb.

***

Xəzər TV baş verən hadisəylə bağlı məlumat yayıb. Bildirilir ki, telekanalın cənub bölgəsi üzrə müxbiri Elvin Əkbərovun Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılması barədə məlumat yayılıb.

Bu məlumat sonradan digər informasiya resurslarında və sosial şəbəkələrdə tirajlanıb. “Xəzər” televiziyası olaraq bəyan edirik ki, qeyd olunduğu kimi əməkdaşımızın həbs olunmasından və ya saxlanılmasından söhbət getmir. Sadəcə olaraq, Elvin Əkbərov səhər saatlarında əri tərəfindən döyüldükdən sonra öldüyü iddia olunan qadınla bağlı Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında çəkiliş aparıb. Bu vaxt polis əməkdaşları ona yaxınlaşıb və çəkilişin mövzusu ilə bağlı məlumat verməsi üçün əməkdaşımız şöbəyə dəvət olunub. Bu zaman Elvin Əkbərov polis şöbəsinin rəisi, polis-polkovniki İslam Ümbətov ilə görüşüb və hadisə ilə bağlı ona məlumat verib. Daha sonra Elvin Əkbərov polis şöbəsini tərk edib.

Bir daha qeyd edirik ki, əməkdaşımız Elvin Əkbərovun saxlanılması və ya həbs olunması barədə məlumatlar tamamilə əsassızdır. Həmkarlarımızdan xahiş edirik ki, informasiya yayarkən peşə etikasının tələblərinə riayət etsinlər.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …