Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Xətaidə qalmaqallı tikintilər: Yaşıllıqlar məhv edilir – FOTOLAR

Xətaidə qalmaqallı tikintilər: Yaşıllıqlar məhv edilir – FOTOLAR

Xətai rayonu, Məhəmməd Hadi küçəsi, Ukrayna dairəsi yaxınlığındakı binanın tikinti işləri nəqliyyatın hərəkətinə mane olur. Bu məsələ ilə bağlı dəfələrlə mətbuatda yazılsa da, tikinti işləri davam edib.
Bundan əlavə, tikinti aparılan ərazidə yaşıllığın məhv edilməsi də sakinlərin narazılığına səbəb olub. Tikintinin bünövrəsi artıq 1 ildən çoxdur ki, qoyulub və heç bir iş aparılmır. İctimai-iaşə obyekti kimi nəzərdə tutulan tikinti artıq dayandırılıb.
Hazırki durumu öyrənmək üçün tikinti aparılan əraziyə baş çəkdik. Binanın bünövrəsinin yolun bir neçə metrliyindən salınması həm sakinlərin, həm də Ukrayna dairəsindən hərəkət edən avtomobillərin hərəkətinə mane və yolda sıxlığın yaranmasına səbəb olur. Tikinti aparılan əraziyə kanalizasiya suları yığılıb, ətraf zibillik içərisindədir. Nəqliyyatın intensiv hərəkət etdiyi yolun asfalt örtüyü qəzalı vəziyyətdədir.
Məhəmməd Hadi küçəsində yaşayan Hüseyn Əliyev adlı şəxs deyir ki, bu ərazi əvvəllər park, sıx yaşıllıq olub: “Bu tikintiyə görə gecə ilə ağacları kəsdilər. Səhər ağaclardan əsər-əlamət də qalmamışdı. Bir ildən çoxdur ki, burada tikinti gedir. Lakin təxminən 3 ay olar ki, işlər dayanıb. Deyilənlərə görə, Fövqəladə Hallar Nazirliyi əraziyə baxış keçirib və bu ərazinin tikinti üçün uyğun olmadığına qərar verilib”.
Sakinlər arasında yayılan şayiələrə görə, tikinti müvəqqəti olaraq dayandırılıb və bu obyekt yüksək vəzifəli bir şəxsə aid olduğundan davam edəcək. Ötən dəfə qeyd etdiyimiz kimi, bu tikintiyə Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun icazə verdiyi və himayə etdiyi bildirilir.
Qeyd edək ki, bu tikinti ərazidəki yeganə qanunsuz tikili deyil. Məhəmməd Hadi küçəsində sözügedən obyektin yanında bir neçə tikinti işi də gedir.
Ən acınacaqlı məqam isə tikintinin yolun bir neçə metrliyində aparılmasıdır. Həmin tikintilərdən birinin şadlıq sarayı olacağı bildirilir. Sakinlər deyirlər ki, hazırda restoranın sahibi həbsdə olduğundan tikinti dayanıb.
Eyni zamanda həmin ərazidə ağacların əhatəsində bir neçə çoxmərtəbəli obyektin tikintisi də gedir.
Qeyd edək ki, ərazidə yaşıllığın qalan hissəsi də məhv edilir. Dəfələrlə bu barədə yazılsa da, heç bir tədbir görülmür. Heç kimə sirr deyil ki, Xətai rayonu Bakıda yaşıllığın ən çox məhv edildiyi rayondur.































Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın