Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Media / Xəzər 14 və 16 yaşlı iki bacını necə uddu? – PROBLEM

Xəzər 14 və 16 yaşlı iki bacını necə uddu? – PROBLEM

Xəbər verildiyi kimi ötən gün axşam saatlarında Novxanı istiqamətində dənizdə iki azyaşlı bacı batıb. DİN-in yaydığı məlumatda deyilirdi ki, Göyçay sakinləri, Bakıya qohumlarına qonaq gəlmiş 16 yaşlı Səmayə Əliyeva və onun bacısı, 14 yaşlı Aytac dənizdə çimərkən boğularaq ölüblər.

Hadisə yerinə gələn FHN-in dalğıc-xilasediciləri S. Əliyevanın meyitini taparaq çıxarsalar da, digər qız tapılmayıb. Bu dəhşətli faciənin təfərrüatlarını öyrənmək üçün qızların qaldıqları ünvanı polis bölməsindən öyrəndik, ora yollandıq. Çünki çimərlik mövsümü başlayandan dənizdə boğulanlar haqda xəbərlərin adiləşdiyi bir vaxtda yetkinlik yaşına çatmayan iki bacının Xəzərdə, rəsmi məlumatda deyildiyi kimi çimərlik olmayan nəzarətsiz ərazidə boğulması dəhşətli faciə olmaqla bərabər həm də böyüklərin bu faciəyə yol açan səhlənkarlığından xəbər verə bilər.

Qızlar niyə nəzarətsiz ərazidə dənizə giriblər? Yanlarında böyüklər olubmu və olubsa onları niyə nəzarətsiz buraxıblar?

Bu kimi suallara cavab tapmaq ümidi ilə Xəzərin sularında faciəli şəkildə can verən, ömürlərinin ilk baharını yaşadıqları bir vaxtda həyatları sönən bu iki nakam bacının qonaq qaldığı 9-cu mikrorayon, Mir Cəlal Paşayev küçəsində çoxmərtəbəli binada yerləşən mənzilə üz tutduq. Mənzili çətinliklə tapsaq da qapını açan olmadı. Qonşuluqda yaşayanlardan da heç bir məlumat almaq mümkün olmadı. Məlum oldu ki, qonşular heç bu faciə haqda eşitməyiblər də…

Yalnız onu öyrənə bildik ki, bacılar çimərliyə valideynləri ilə gediblər. Üzməyi bacarmayan qızları valideynləri yarıya qədər suya girənədək nəzarətdə saxlayıblar. Amma ata-ananın bir anlıq uşaqlardan gözlərini çəkməsi onların suda boğulması ilə nəticələnib. Valideynlər ətrafdakıları kömək çağırsalar da, uşaqları xilas etmək mümkün olmayıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən günün birinci yarısında virtualaz.org-a verilən məlumata görə, suda batan qızlardan digərinin meyiti hələ də axtarılırdı:“Hadisə Goradil ərazisində baş verib. Qızlar nəzarətdən yayınaraq qayalıq ərazidə çimməyə gediblər. Amma qayalıq sahə elədir ki, orada suyun dibi hamar deyil,uçurumlar var. Hazırda ikinci qızın axtarışları dalğıc-xilasedicilər tərəfindən həmin ərazidə davam etdirilir. Amma ərazi qayalıq olduğundan bu xiasedicilərin işini bir qədər çətinləşdirir”.

Günün sonuna yaxın isə FHN-in mətbuat xidməti Xəzər dalğalarının udduğu ikinci bacının da cəsədinin tapıldığı haqda məlumat verdi.

Qeyd edək ki, hər il olduğu kimi bu il də çimərlik mövsümü başlayandan Xəzər dənizində, Kür çayında, digər su hövzələrində, süni göllərdə çimərkən boğulub ölənlərin statistikası dəhşət doğurur. Az qala hər gün 3-4 nəfər suda boğularaq ölür.  Elə bu gün daha iki nəfərin Samur-Apşeron su kanalına boğulduğu haqda xəbər yayıldı.

Təkcə iyun ayının statistikasına görə, 50 nəfər suda boğulmaq üzrə olan şəxs xilas edilib ki, bunlardan 33 nəfəri nəzarət olunan zonalarda, 17 nəfəri isə qeyri-çimərliklərdə çimənlərdir. Mütəxəssislər hesab edirlər ki, batan şəxslər daha çox qadağan olunmuş qeyri-çimərlik zonalarında çimənlərdir. Əslində isə hansı zonada olursa olsun, üzə bilməyən şəxsin ümumiyyətlə, dənizə ayaq basması, xüsusən də dərinliyi bilinməyən, suyun dibi haqqında məlumatsız olduğu yerlərdə üzməsi təhlükəlidir.

Suda boğulmalarla bağlı faciələrin bir əsas səbəbini də mütəxəssislər Xəzərin hasarlanması, çimərliklərin pullu olması ilə əlaqələndirirlər. Çünki dənizin çimərlik zonalarının böyük əksəriyyəti hasarlanaraq tutulduğundan, çimərliklərə daxil olmaq üçün ödəniş tələb edildiyindən sərinlənmək arzusu ilə Xəzərə baş vuranların bir çoxu  qeyri-çimərlik zonalarını seçməli olur…

 

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın