Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Xətai rayonunun bərbad yollarından – REPORTAJ

Xətai rayonunun bərbad yollarından – REPORTAJ

Xətai rayonu, Məhəmməd Hadi küçəsi boyunca yollar qəzalı vəziyyətdədir. İllərdir ki, bu problem həmin ətrafda yaşayan əhalini və yolu oradan düşən sürücüləri bezdirib. Yağış və kanalizasiya suları asfalt örtüyünü bərbad vəziyyətə salıb. Yaranan iri və dərin çalalar nəqliyyatın intensiv hərəkət etdiyi magistral yolda tez-tez tıxaclar yaradır.
 “Həzi Aslanov” metrostansiyası istiqamətindən başlayaraq, “Bizim Market” mağazasına kimi olan yol bərbad vəziyyətdədir.
 Musavat.com-un əməkdaşı adıçəkilən əraziyə baş çəkib və vəziyyətin şahidi olub. “Həzi Aslanov” metrostansiyasının yaxınlığındakı avtobus dayanacağında ciddi bir qarışıqlıq nəzərə çarpır. Nəqliyyatın hərəkəti məhdudlaşıb.
Bu problemin səbəbi isə sadaladığımız kimi yollarda yaranan çalalardır. Məhəmməd Hadi küçəsindən üzü “Nargilə kafesi” istiqamətinə gedən əsas yolda nəqliyyatın intensivliyi azalıb və nəticədə avtomobillər 100-150 metrlik məsafəni 7-8 dəqiqəyə getməli olurlar. Yoldakı tıxacda hərəkət edə bilməyən bir neçə taksi sürücüsünün də bu problemlə bağlı fikirlərini öyrəndik.
Anar Səlimov adlı sürücü illərdir ki, bu yollarda əziyyət çəkdiyini dedi: “Bu yoldan həm avtobus sürücüləri, həm də sadə vətəndaşlar istifadə edirlər. Bu, qəsəbələrə və şəhərə gedən əsas yoldur. Bir neçə il əvvəl icra nümayəndələri asfaltda bir qədər üzləmə işləri apardılar. Lakin yol yenidən bərbad vəziyyətə düşdü. Ümumiyyətlə, yola nəzarət yoxdur. Ağırtonnajlı yük maşınlarının hərəkəti  və yolda yığılıb, qalan yağış suları asfalt örtüyünü keçilməz hala salıb. Payız və qış aylarında isə çalalar daha da dərinləşir. Su gölməçə halında günlərlə çalalarda qalır və asfaltı daha da yararsız hala salır. Bu problemlə bağlı isə heç bir aidiyyatı orqan maraqlanmır”.
Bu yolla “Həzi Aslanov” metrostansiyasından müxtəlif istiqamətlərə onlarla marşrut hərəkət edir ki, yolda yaranan çalaların ucbatından avtobuslarda nasazlıq yaranır. 51,12, 96, 57 nömrəli marşrutlar hər gün bu çalalardan keçməli olurlar.
51 nömrəli marşrut avtobusunun sürücüsü Natiq Məmmədov deyir ki, asfalt örtüyünün bərbad vəziyyətdə olması onun büdcəsinə mənfi təsir edir: “Yolların bu vəziyyətdə olması təkcə sərnişinləri deyil, biz sürücüləri də maddi baxımdan ziyana salır. Sürücüsü olduğum 51 nömrəli marşrut avtobusunda tez-tez nasazlıq yaranır. Həftədə ən azı 1 dəfə usta baxışı keçməlidir. Bu isə o deməkdir ki, hər dəfə təmir pulu verirəm. Bütün xərcləri isə özüm qarşılayıram”.
Yollardakı problemlə bağlı ətrafda olan sərnişinlər ilə də həmsöhbət olduq. Sərnişinlər yolların qəzalı vəziyyətdə olmasının səbəbini Xətai Rayon İcra Hakimiyyətinin öz vəzifə borcunu yetərincə icra etməməsində görürlər: “Hər gün axşam saatlarında sərnişin çoxluğu yaranır. Nəticədə marşrutlarda sıxlıq yaranır. Sərnişinlər həmin çalalarda atlanıb-düşürlər. Yolda işığın olmaması isə qəza şəraiti yaradır. Dəfələrlə iri çalaları keçərkən sərnişinlə dolu avtobus aşma təhlükəsi ilə üzləşib. Bu problemləri icra nümayəndələri yaxşı bilirlər və görürlər. Lakin heç kim ən azından asfaltda yaranan dərin çalaları təmir etmir. Xətai Rayon İcra Hakimiyyətinin bir maşın daşı yoxdur ki, bu çalaları doldursun?”
Qeyd edək ki, Xətai Rayon İcra Hakimiyyəti ötən il Məhəmməd Hadi küçəsinin təqribən 4-5 kilometrlik yol örtüyünü, “Nobel” prospektinə kimi olan hissəsini təmir edib və bir neçə gün öncə istifadəyə verib.





















Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın