Cümə , Aprel 19 2024
Ana səhifə / Media / WhatsApp vasitəsilə zənglərə qadağanın MTN-lə əlaqəsi varmı?

WhatsApp vasitəsilə zənglərə qadağanın MTN-lə əlaqəsi varmı?

Məlum olduğu kimi, ötən həftə Xeberler.az WhatsApp-dan edilən zənglərə qoyulan məhdudiyyətin səbəblərini araşdırıb.
Qeyd edək ki, bu araşdırma ciddi müzakirələrə səbəb olub. Təbii ki, bu gözlənilən idi.
Çünki Azərbaycanda yüz minlərlə istifadəçisi olan WhatsApp-ın səsli zəng funksiyasına qadağa qoyulub.
Ancaq araşdrımanın özündə də zənglərə qarşı qadağanın konkret hansı səviyyədə – mobil operator, Delta Telecom, yoxsa adi provayderlər səviyyəsində qoyulması haqqında sual açıq saxlanılıb.
Bu da müzakirələrin müxtəlif istiqamətlərə şaxələnməsinə səbəb olub.
Araşdırmadan sonra ictimaiyyətdə yaranan geniş müzakirələri nəzərə alaraq WhatsApp zənglərinə qarşı konkret hansı şəbəkədə blok qoyulması məsələsinə bir daha qayıtmaq qərarına gəldik. Bu məqsədlə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzlə söhbət etdik.

– Osman müəllim, WhatsApp-la zəng etməyin mümkünsüz olması ilə bağlı ötən araşdırmamız, həmçinin də bu problemə əlaqəli qurumların hələlik susqunluğu ciddi müzakirələrə səbəb olub. Oxucularımız maraqlanırlar ki, əslində nə baş verir? Nə üçün bir müddətədək aktiv olan bu imkan indi əlçatan deyil ?

-Həqiqətən də Xeberler.az-da gedən araşdırma bu problemi yenidən gündəmə gətirib. Araşdırmadan sonra bu məsələ ictimaiyyətin geniş təbəqələri tərəfindən müzakirələrə səbəb olub. Sosial mediada bununla bağlı hazırda ciddi müzakirələr gedir. Bütün toplantılarda bu məsələ gündəmə gəlir.

Aparılan araşdırmalar onu göstərir ki, problem artıq kiminsə zəng edib-etməməsi səviyyəsində deyil.

Əvvəllər, bu xidmət yeni işə düşəndə və problemlər yarananda biz hətta belə güman edirdik ki, bu, WatsApp-la bağlı texniki xətalar ola bilər. RYTN də təxminən belə bir açıqlama vermişdi ki bu səviyyədə problemlər ola bilər. Lakin sonradan məlum oldu ki, situasiya tam fərqlidir. Artıq bunun Azərbaycan istifadəçiləri üçün tətbiq olunan bir qadağa olması şübhə doğurmur.

Faktiki olaraq bu qadağa ilə vətəndaşların informasiya əldə etmək və göndərmək hüququ pozulur. Belə ki, kimlərsə tərəfindən yüz minlərlə insanın informasiya münasibətlərinə qeyri-qanuni olaraq məhdudiyyət qoyulub. Bu qadağa artıq vətəndaşların mənafeyinə, informasiya əldə etmək hüquqlarının reallaşdırılmasına maneə yaratdığından düşünürəm ki, ictimai reaksiya da anlaşılandır və bu problemə hökumət səviyyəsində də diqqət yetirilib, münasibət bildirilməsi doğru olardı.

– Osman müəllim, sizə məlumdurmu ki, bu qadağa konkret kim tərəfindən, hansı qurum tərəfindən tətbiq olunub? Xeberler.az oxucuları üçün maraqlıdır ki, Azərbaycan İnternet Forumunda bu məsələ ilə bağlı müzakirələr olubmu?

-Biz qadağanın hansı səviyyədə tətbiq oluna biləcəyini artıq təxmini bilirik. Adını çəkdiyiniz araşdırma da bizə müəyyən bir fikrə gəlmək üçün xeyli kömək etdi. Araşdırmadakı faktların çoxusu, xüsusilə də qadağanın mobil operatorların kommersiya marağında olması, yəni qadağanın davam etməsinin mobil operatorlara xeyli gəlir gətirməklə bağlı hissəsi, şəbəkədə hansı halda zənglərin mümkün olub – olmaması, digər ölkələrdəki vəziyyətlə bağlı hissələr tam doğrudur.
Amma mobil operatorların da bəziləri rəsmi olaraq açıqlayıblar ki, bu qadağa onlar tərəfindən qoyulmayıb. Rəsmi açıqlama varsa, bu münasibəti ciddi qəbul etmək olar. Eyni zamanda, ölkəyə əsas internet trafikini gətirən, bakbone provayder olan Delta Telecom da deyir ki, qadağanı onlar tətbiq etməyib. Həm də artıq araşdırmadan o da məlumdur ki, problemin WhatsApp-la da əlaqəsi yoxdur. O da məlum olub ki, eyni Wi-Fi şəbəkəsi daxilində zənglər mümkündür.
Həmçinin mobil şəbəkəni söndürəndə də zənglər mümkünsüzdür. Deməli, bütün bunları təhlil edərkən ilk öncə belə qənaətə gəlmək olur ki, bu qadağa Azərbaycanın daxilindədir, yəni ki, trafik Delta Telecom-a çatmamış baş verir.

-Əgər bu qadağa Azərbaycan daxilindədirsə, o zaman bu qadağanı kim tətbiq edə bilər? Maraqlıdır ki, biz şübhələndiyimiz provayderlər, bakbone provayder, mobil operatorlar və hətta da WhatsApp rəsmi açıqlamasında deyir ki, problemin onlarla əlaqəsi yoxdur. Bəs onda bu problem haradan qaynaqlanır?

-Biz Azərbaycan İnternet Forumunun mütəxəssisləri ilə bu məsələni bir daha müzakirə etmişik. Artıq bizdə bununla bağlı müəyyən rəylər formalaşıb. Nə qədər qəribə səslənsə də, bu, daha çox elə MTN-lə bağlı məsələyə oxşayır.

Güman edirik ki, bu problem Telekommunikasiya haqqında Qanunun 39-cu maddəsinə uyğun olaraq məhz MTN tərəfindən qurulan dinləmə və izləmə şəbəkəsi ilə bağlıdır.

Bildiyiniz kimi, biz artıq dəfələrlə demişik ki, ölkədə qanunvericilikdə nəzərdə tutulduğu qaydada, əməliyyat-axtarış tədbirlərinin gerçəkləşdirilməsi məqsədilə telekommunikasiya operatorlarının ümumi şəbəkəsinə, belə demək mümkünsə, paralel olaraq belə bir telekommunikasiya şəbəkəsi və informasiya sistemi qurulub.

Bu qurulan telekommunikasiya infrastrukturunun, informasiya sisteminin bütün şərtləri və istismarı qısa müddət öncəyədək yalnız MTN-də olub. Ölkənin bütöv informasiya trafiki, o cümlədən də WhatsApp-la bağlı trafik əvvəlcə bu şəbəkədən keçir, sonra Delta Telecom-a daxil olur.

Artıq bildiyimiz kimi MTN-in bu şəbəkədən qeyri-qanuni istifadəsi ilə bağlı şübhələr, faktlar, həbslər var və istintaq araşdırmaları aparılır.
Deməli güman etmək olar ki, WhatsApp -dan gələn zənglərə qarşı məhz burada blok tətbiq edilib. Texniki olaraq bunu etmək elə də çətin bir iş deyil. Əgər belədirsə, o zaman Delta Telecom və mobil operatorlar açıqlamalarında haqlıdırlar ki, onlar bu funksiyanı bloklamayıb.

Bir daha vurğulamaq istərdim ki, ölkədən çıxan həm mobil trafik və həm də internet trafik əvvəlcədən məhz MTN-ə məxsus həmin şəbəkədən keçdiyi üçün WhatsApp –la bağlı zəngləri, həmçinin çoxlu sayda digər internet xidmətlərini də burada bloklamaq mümkündür.

– Siz necə düşünürsünüz? Əgər belədirsə, yəni sistemin əslində qanuna əsasən qurulması, lakin həm də blok qoyulması qanunidirmi? Digər tərəfdən də, MTN bunu nə məqsədlə edə bilərdi ?

-Maraqlı sualdır, dərhal bildirmək istəyirəm ki, bu, qanunsuzdur. Yəni, trafikin oradan keçməsi qanuni ola bilər, amma trafikə qeyri-qanuni müdaxilə və blok qoymaq yolverilməzdir. Bu kimi hallarda məhkəmənin qərarı olmadan yüz minlərlə vətəndaşların konstitusiya hüquqlarının pozulmasına səbəb olan belə bir addımın atılması çox ciddi qanun pozuntusudur. Güman ki, bunu MTN ya maddi maraqlar baxımından, ya nəzarəti-dinləməni daha da asanlaşdırmaq üçün, yaxud da guya informasiya təhlüksəziliyini qorumaq üçün, WhatsApp trafikinə nəzarətin çətin olması səbəbindən edib.

Sonuncu arqument bizə elə də ciddi görünmür. Çünki informasiya münasibətləri üçün o qədər alternativlər var ki, WhatsApp-ın zənginə blok qoymaqla təhlükəsizlik baxımından nəyəsə nail olmaq bir qədər qeyri-ciddi səslənir. Yəni, ən azı Skype var və onu bloklamaq elə də asan deyil.
İstənilən halda söhbət Azərbaycanda internetə, informasiya mübadiləsinə qarşı qeyri-qanuni bloklamadan, hakimiyyətin siyasi iradəsinin əleyhinə olan, məhkəmə qərarı olmadan edilən bir müdaxilədən söhbət gedir.
Dövlət başçısı səviyyəsində dəfələrlə səslənib ki, ölkəmizdə internet azad və sərbəstdir. Bütün bunlardan sonra, hansısa qurum tərəfindən internet üzərindən informasiya münasibətlərinə özbaşına qadağa qoyulması sadəcə özbaşınalıq kimi qiymətləndirilə bilər.

– Xeberler.az oxucuları maraqlanır ki, bu problemin həlli istiqamətində hansı addımları atmağı nəzərdə tutursunuz ?

-Biz artıq məsələnin həlli istiqamətində Delta Telecom, RYTN, XDMX səviyyəsində müraciətlər etməyi nəzərdə tuturuq. Ola bilər ki, XDMX hələlik bu sistemin yeni istismarına başlaması səbəbindən problemlə elə də ciddi maraqlanmağa imkanı olmayıb. Ümid edirk ki, ən yuxarı səviyyələrdə də bu problemin həllinə diqqət yetiriləcək. Etiraf edim ki, AİF-də biz həm də o qənatə gəlmişik ki, WhatsApp zənglərinə qoyulan qadağanı texnoloji olaraq çox asan həll etmək və elə həmin mobil tətbiqlə zəng etmək mümkündür. Bu məqsədlə telefonda sadəcə əlavə bir tənzimləmə edilməlidir.

Düşünürəm ki, bu funksiyadan faydalanmaq üçün istifadəçilərimiz telefonlarında hansısa bir əlavə tənzimləmələr etmək məcburiyyətində qalmayacaqlar.

Eyni zamanda, bu qadağa həm də Azərbaycanın beynəlxalq imicinə də zərbə vuran bir addımdır. Məlumdur ki, bu problem Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyən beynəlxalq təşkilatların hesabatları üçün Azərbaycana xeyir gətirməyən əlavə bir faktdır.

Ölkə başçısı tərəfindən son dövrlərdə birbaşa vətəndaşların, sahibkarların marağına yönələn addımların atıldığını, indiki iqtisadi sıxıntıları nəzərə alsaq, bu cür qadağanın aradan qaldırılması cəmiyyətin hər bir üzvünün xeyrinə, ölkənin müsbət imicinin möhkəmlənməsinə səbəb olardı.

Məltəm Talıbzadə

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın