Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Villaların kölgəsindəki məcburi köçkün daxmaları: “Hər gün baxıb, ağlayırıq” – FOTOLAR, VİDEO

Villaların kölgəsindəki məcburi köçkün daxmaları: “Hər gün baxıb, ağlayırıq” – FOTOLAR, VİDEO

Ön plandakı daxmalarda məcburi köçkün ailələri məskunlaşıb. Arxa planda dəbdəbəli villalar… Bu mənzərə Azərbaycandakı kəskin təbəqələşmənin göstəricisidir. 
Sizə təqdim etdiyimiz kadrlar, bu acınacaqlı mənzərə Bakının Nizami rayonundadır. Köhnə tikinti materiallarından tikilmiş alçaq qaçqın komalarının dəbdəbəli villaların əhatəsində salınması isə bu acı mənzərənin rəngini bir az da artırır.
Uçuq-sökük, tikintisi yarımçıq qalan binalarda məskunlaşan qaçqın ailələri hədsiz dərəcədə çətin durumda yaşayırlar. Yüzlərlə ailənin həyatı kommunal problemlərin olduğu şəraitsiz və qəzalı binada cəhənnəmə dönüb. Bundan daha dəhşətlisi isə binaların həyətində taxtadan, kartondan düzəldilən daxmalarda yaşayanların vəziyyətidir. Vətəndaşlarımızın bu acınacaqlı durumu ölkənin inkişaf göstəricilərinə uyğun gəlmir.
Ümumiyyətlə, bu məkanın Bakının bir parçası olduğuna inanmaq istəmirsən. Bir tərəfdə milyonlar hesabına başa gələn dəbdəbəli villalar, digər tərəfdə isə qaçqın daxmaları… Müqayisə nə qədər kobud səslənsə də, özləri etiraf edir ki, bu daxmada heyvan belə, yaşamaz. Ən pis məqam isə, bütün bunların varlı villa sahiblərinin gözü önündə baş verməsidir. Bu məqamda insanı bir sual maraqlandırır: İnsanlıq bu qədərmi ölüb?
Daha öncə bu məkandan yazmışdıq. “Bir Azərbaycan mənzərəsi” başlıqlı məqalə və fotolar musavat.com saytında yayımlanmışdı. Bu dəfə isə əməkdaşımız sözügedən ərazini videolentə alıb.
23 ildir ki, yarımtikili binalarda və taxta komalarda yaşayan məcburi köçkün ailələrinin həyat şəraiti dözülməzdir. Binalarda qaz xətti olmadığı üçün otaqlar çox soyuqdur. Onlar evlərini yalnız elektrik qızdırıcıları ilə isidirlər. Binanın tavanı olmadığından yağan qar, yağış evlərin içinə dolur. Hətta elə vəziyyət yaranır ki, tutacaqsız pilləkənləri enmək mümkünsüz olmur. Hündür qar topalarını yarıb keçmək çətinləşir.
Adının çəkilməsini istəməyən məcburi köçkün hər gün o villalara baxıb, öz halına ağladığını dedi: “Hər gün əsəb keçirirəm. Düşünürəm ki, mənim elə də olmasa, normal şəraitli bir evim olsun ki, yağış suları altında qalmayaq. Nə vaxta kimi zülmlə yaşamalıyıq. 25 ildir ki, zülmlə yaşayırıq, bəs deyil? Belə milyonçular hərəsi bir ailəyə kömək eləyə bilməz?”
Ümid edək ki, bu məsələ dövlət qurumlarının da diqqətini çəkər və bu ailələri yaşamaq üçün minimum şərait olmayan yarımçıq tikililərdən çıxarıb, normal mənzillərlə təmin edərlər.










Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın