Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Valideynlərin nəzərinə: “İnternet asılılığı uşaqlarda sağalmaz bəlaya çevrilə bilər”

Valideynlərin nəzərinə: “İnternet asılılığı uşaqlarda sağalmaz bəlaya çevrilə bilər”

Müasir dövrün yeni bəlalarından biri də kompüter, telefon, internet asılılığı kimi tanınan psixoloji xəstəlikdir. Dünyanın ən inkişaf etmiş ölkələrində bu problem internet asılılığı termini ilə ümumiləşdirilib və artıq xəstəlik statusu alıb. Hətta internet asılılığından əziyyət çəkənlər üçün xüsusi müalicə dispanserləri də fəaliyyət göstərir. 
Lakin təəssüflər olsun ki, Azərbaycanda da əhali, xüsusən gənc nəsil arasında internet asılılığından əziyyət çəkənlərin sayı yetərincə çoxdur. Halbuki buna nəinki xəstəlik, hətta bir problem kimi yanaşanlar da azlıq təşkil edir. Əgər hansısa gəncə gün ərzində telefonu əlindən yerə qoymadığına görə internet asılılığından əziyyət çəkdiyi bildirilsə, bu, ilk növbədə gülüş doğurar.
Lakin bu, bir faktdır ki, telefon-internet asılılığı nəinki, gənclər və yeniyetmələr, hətta azyaşlı uşaqlar arasında da yayılıb. Valideynlər arasında keçirdiyimiz sorğudan da məlum oldu ki, onlar da ən az bir övladının internet asılılığından əziyyət çəkdiyini etiraf edir.
Bəs, görəsən hansı əlamətlər insanda belə bir asılılığın olmasını sübut edir? İnternet asılılığının müalicəsi varmı və bununla hansı sahənin peşəkarları məşğul olur? Valideyn övladında internet asılılığının olmasını necə bilə bilər?
Musavat.com-un suallarını cavablandıran psixoloq Azad İsazadə deyir ki, bu problem hələlik Azərbaycanda psixoloji xəstəlik kimi status almayıb: “Xəstəlik deyərkən biz daha çox tibbi, fizioloji, bioloji bir problem nəzərdə tuturuq. Telefon, komputer asılılığı isə psixoloji bir asılılıqdır. Ona görə də, biz xəstəlikdən yox, psixoloji asılılıqdan və ya neqativ vərdişdən danışa bilərik. Aydındır ki, bədəndəki psixoloji dəyişikliklər bədəndə baş vermir. Ona görə də, bu problemi sırf bir dərmanla həll etmək olmur. Buraya kazinolardakı oyun azarkeşlərini aid etmək olar. Bunlar sırf psixoloji problemlərdir və bununla psixoloqlar məşğul olmalıdır. Xüsusilə də, yeniyetmə və gənclər daha çox kompüter asılılığına məruz qalırlar. Amma daha böyük yaşda olan insanlar da bəzən bu problemlə üzləşirlər.
Kompüter, internet, telefon asılılığına düşən insanların maraq çərçivəsi dəyişir, darlaşır. Onların əsas vərdişləri kompüter olur və gündəlik fəaliyyətində birinci yeri tutur. Qalan nə varsa, ikinci, üçüncü, dördüncü dərəcəli olur. Bəzi məsələlər ümumiyyətlə, maraq çərçivəsindən çıxır. Əgər söhbət kompüter asılılığından gedirsə, insan kompüterin qabağından saatlarlar durmur, yeməyini də orada yeyir, çayını da orada içir və s… Bu zaman işə də getmir, dərslə də məşğul olmur, ailəsi ilə də maraqlanmır. Burada söhbət təkcə kompüter oyunlarından yox, həm də sosial şəbəkələrdən, hansısa elektron vasitədən asılılıqdan  gedir”.
İnternet asılılığının müalicəsinin necə aparılmasına gəlincə, A.İsazadə bildirdi ki, ilk növbədə həmin şəxsə maksimum tez qadağalar qoyulmalıdır: “Həmin şəxslərə ilk dəfə qadağa qoyarkən biz aqressiya ilə qarşılaşa bilərik. Qadağa nə qədər tez qoyulsa, bir o qədər effektli ola bilər. Söhbət tam qadağadan yox, saatlardan gedir ki, nə qədər bu işlə məşğul olmaq olar, nə qədər yox… Ancaq asılılıq təhlükəli həddə çatıbsa, bununla valideyn təkbaşına bacara bilməyəcək, bununla peşəkar, yəni psixoloq məşğul olmalıdır. Əgər biz artıq psixoloji yox, artıq psixiatrik pozuntu ilə qarşılaşırıqsa, yəqin ki, müəyyən dərmanlar da istifadə oluna bilər. Ancaq biz problemin ilk əlamətlərinin görünməsini gözləmədən müdaxilə etməli və asılılığın yaranmasını önləməliyik”.
Ekspertin sözlərinə görə, ilkin mərhələdə uşaqların kompüter önündə saatlarla oturması valideynləri narahat etməsə də, elə problem də buradan başlayır: “Problemlərdən biri də ondan ibarətdir ki, uşaq kompüterin qarşısında olanda valideynlərə mane olmur,  səs-küy salmır, otağı dağıtmır, zibilləmir və sair. Bəzən biz özümüz də düşünürük ki, uşaq həyətdə naməlum uşaqlarla oynamaqdansa, elə evdə kompüter qabağında otursun, gözümüzün qabağında olsun. Çünki uşaq həyətdə daha pis vərdişlərə yiyələnə bilər, burada isə gözümüzün qabağında oturub. İlk mərhələdə bu, bizim xoşumuza gəlir. İlk siqnal gələndə isə artıq gec olur və onunla peşəkar psixoloq məşğul olmalıdır”.
 İnternet asılılığının yaratdığı fizioloji problemlərə gəlincə, tibb elmləri doktoru Adil Qeybulla bildirdi ki, ünsiyyətin elektron vasitələrlə həyata keçirilməsinin artması insanların daha asan olan bu vasitələrə meylini artırır və bu da neqativ nəticələrə səbəb olur: “Xüsusilə də, nəzərə alsaq ki, hazırda multimedianın imkanları genişlənir və yeni-yeni proqramlar, imkanlar açılır, insanlar burada sanki bir təsəlli tapırlar. Əslində isə multimedianın inkişafına, sosial şəbəkələrə, bu tip ünsiyyət vasitələrinin təkmilləşməsinə qədər insanlar daha çox canlı ünsiyyətə meyl edirdilər, bir-biriləri ilə görüşürdülər. Hazırki dövrdə isə internet üzərindən ünsiyyət artsa da, insanlarda sanki özünəqapanma prosesi gedir, ünsiyyətdə olmurlar, problemlərini, istəklərini bölüşmürlər. Bu zaman enerji daha çox sosial şəbəkələrə və digər ünsiyyət vasitələrinə sərf olunur, kompüterlər, mobil telefonlar, və digər elektronik vasitələr canlı ünsiyyətin yerinə keçir. Uşaqdan böyüyə qədər hər kəs texnologiyadan asılı vəziyyətdədir. Təsəvvür edin ki, bu gün hətta kənd yerlərində belə, insanlar mobil telefonların, planşetlərin imkanlarından istifadə edərək əyləncələrini, ünsiyyətlərini bu vasitələr üzərindən qururlar. Bu vasitələrin zərərli təsirlərinə gəlincə, əlbəttə ki, azhərəkətlilik hipodinamiyanı artırır, insanların görmə qabiliyyətinə, beyninə, nevrotik sistemə, sinir sisteminin tarazılığına müəyyən neqativ təsirlər göstərir”.
Ekspert telefondan istifadənin insan orqanizminə zərərli təsirlərindən də danışdı: “Düzdür, hazırda istifadə olunan monitorlar daha zərərsizdir. Çünki, əvvəlllər elektron monitorlar işlənirdi, ancaq indi onlar işlənmir. Bunlardan fərqli olaraq maye-kristal monitorlar daha təhlükəsizdir. Ancaq bütün bunlara baxmayaraq, hesab edirəm ki, bu, çox ciddi və aktual bir məsələdir. Mobil telefonları bir kənara çıxarmaq, mümkün qədər aralı məsafədə saxlamaq lazımdır. Çünki, telefonlar aşağı tezlikli radiodalğalarla işləyir və bu da orqanizmin bioritminə, orada gedən kimyəvi proseslərə neqativ təsir göstərir. Ona görə də, böyüməkdə olan orqanizmin, xüsusən də uşaqların bu mobil telefonlardan həddindən artq çox istifadə etməsi düzgün deyil. Fikrimcə, bu məsələlər təbliğat məsələləridir. Yaxşı olar ki, kütləvi informasiya vasitələrində bu cür maarifləndirici proqramlar təşkil edilsin və əhali bu istiqamətdə maarifləndirilsin”.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın