Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Media / “Validə görə köhnə evə köçdüm ki, ruhu hər zaman mənimlə olsun, darıxmasın…”

“Validə görə köhnə evə köçdüm ki, ruhu hər zaman mənimlə olsun, darıxmasın…”

“Bütün radio və televiziya işçilərini bu gün münasibəti ilə ürəkdən təbrik edirəm. Bizdə ilk radio yaranıb, daha sonra isə televiziya. Məni televiziya və radioya seçəndə məktəbdə oxuyurdum. Radioda veriliş apara-apara dərslərimi də həll edirdim. Fürsətdən istifadə edirdim. Hər dəfə də Aydın Qaradağlı gəlib o şəffaf şüşədən mənə baxırdı. Niyə vaxtımı boşuna sərf etməli idim ki? Bu fəaliyyətim, çətinliklər bir növ mənə həyat dərsi verdi, həyatda mübariz, möhkəm olmağı öyrətdi, məni zəhmətə alışdırdı. Ona görə də o illərimi hər zaman qiymətləndirirəm”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, əfsanəvi diktor Ofeliya Sənani deyib. Ofeliya Sənani peşə günündə ömür-gün yoldaşı Valid Sənanini də xatırlayıb.

“Bilirsiniz ki, mən də öz taleyimi, ömür yolumu radiodan, televiziyadan tapmışam. Bizim evdə söhbət ancaq verilişlərdən gedirdi. Radioda 2 il işləyəndən sonra biz Validlə ailə həyatı qurduq. Valid həmişə məndən soruşurdu ki, yorulmursan? Deyirdim ki, niyə yorulum ki? Axı bu işi sevirəm. Deyirdi ki, canına da fikir ver. Mən hər an, hər saniyə onunla danışıram, söhbət edirəm. Mən onu yuxuda da görəndə deyir ki, “Ofa, mən səni görürəm”. Arada evimi dəyişdim, başqa evə köçdüm. Bir gün yuxuda Valehi gördüm, dedi ki, “Ofa, səndən gözləməzdim, niyə evi dəyişdin?”.Dedim axı necə gəlməyə bilməzdim, bu evi mənə bağışlayırlar. Dedi ki, xahiş edirəm, köç köhnə evə, mən bu evi tanımıram, mənim ruhum o evdədir, mən səni orda görürəm. Köhnə evimə keçdim ki, o darıxmasın. Onsuz çox darıxıram. Çox qayğıkeş, zəhmətkeş insan idi” deyə diktor bildirib.

Ofeliya Sənani televiziyadan məhz gənclərə görə uzaqlaşdığını etiraf edib.

“Yerimi gənclərə verdim. Mənim yaşım artıq çatıb, bu gənc universitetin filalogiya fakültəsini bitirib, mən niyə yerimi gəncə verməyim?! Axı o da işləmək istəyir, maaşa ehtiyacı olur, ailə saxlayır. Özümü məcburi televiziyadan uzaqlaşdırdım. Mən hələ də işləyə bilərdim, səsim batmayıb, hər şey yerindədir. Gəncləri sevirəm, onları hər zaman dəstəkləyirəm. Gənc diktorlara hər zaman məsləhət verirəm, kim sözümü eşidirsə sağ olsun, kim də eşitmirsə o da sağ olsun. İstərdim ki, televiziya, radio onların həyatlarının bir parçası olsun. Amma məsuliyyətsizləri də, sözümüzü dinləməyənlər də az deyil. Ən çox vurğulardan və aparıcıların geyimindən narazıyam. Mütləq şəkildə açıq-saçıq geyinmək məcburiyyətində deyilsən. Düzdü bu hallar xəbər aparıcılarında çox azdır, amma tok-şou, maqazin verilişi aparan aparıcılar da yaxşı olar ki, geyimlərinə fikir versinlər” deyə sənətkar bildirib.

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …