Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / VAHİD KART “REKET MEDİA”NIN QARŞISINI ALA BİLƏRMİ?

VAHİD KART “REKET MEDİA”NIN QARŞISINI ALA BİLƏRMİ?

Ekspert və baş redaktorlar ideyanı bəyənir, amma digər məqamlara da toxunurlar

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının binasında Azərbaycan jurnalistlərinin VII qurultayı keçirildi. Qurultayda Mətbuat Şurasının sədri vəzifəsinə və İdarə Heyətinə yeni üzvlər müəyyənləşdi. Səsvermə nəticəsində Əflatun Amaşov yenidən Şuranın sədri seçildi. Eyni zamanda Mətbuat Şurasının Nizamnaməsində dəyişiklik edildi. Nizamnamə dəyişikliyi ilə İdarə Heyətinin tərkibi genişlənərək, üzvlərin sayı 17-dən 23-ə qaldırıldı.

11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet portalından ibarət yeni İdarə Heyəti formalaşdı. Jurnalistlərin qurultayında diqqət çəkən mühüm məqamlardan biri çıxış edən baş redaktorların, media nümayəndələrinin “reket jurnalistika”ya və digər problemlərə qarşı mübarizə metodları təklif etmələri olub. Bəzi media nümayəndələri neqativ halların aradan qaldırılması üçün jurnalistlərə eyni qurum vasitəsi ilə vahid vəsiqələrin verilməsini təklif ediblər. “Gündəlik Teleqraf” media qrupunun rəhbəri Aynur Camalqızı deyib ki, “reket jurnalistlər”ə qarşı mübarizə daha da sərtləşdirilməlidir.

Onun sözlərinə görə, Mətbuat Şurasının “reket jurnalistika” ilə mübarizə məqsədilə vahid kart tətbiq etməsi effektiv olardı. Lakin baş redaktorun fikrincə, bundan əvvəl qanunvericilik bazası təkmilləşdirilməlidir: “Azərbaycanda domen alıb media yaratmaq çox asandır. İstənilən şəxs evində otura-otura, bir domeni qeydiyyatdan keçirib, media yarada bilər. Belə hallar ənənəvi medianı gözdən salmaqla bərabər, peşəkar jurnalistlərin əməyinə də kölgə salır. Onlayn medianın qeydiyyat məsələsi də sərtləşdirilməlidir. Bu gün telekanal açmaq üçün tələblər kifayət qədər sərtdir. Hesab edirəm ki, bu sərt tələblər onlayn media üçün də tətbiq edilməlidir. Belə olan halda “reket jurnalistika”ya qarşı daha səmərəli mübarizə aparmaq mümkün olardı”.

“Ədalət” qəzetinin baş redaktoru, millət vəkili Aqil Abbas da “reket jurnalistlər”inə qarşı mübarizənin gücləndirilməsinin zəruriliyini ifadə edib və vahid kart məsələsinin önəmindən danışıb: “Jurnalistlərə vəsiqə Mətbuat Şurası tərəfindən verilməlidir.

Bu, Türkiyədə də belədir. Hər qəzet, sayt vəsiqə paylayır. Bunun qarşısı ancaq vahid kartla alına bilər. Mətbuat Şurasının möhürü vurulmalıdır ki, vəsiqələrin saxtasını hazırlamaq mümkün olmasın. Bu barədə “ASAN Xidmət”ə də müraciət oluna bilər”. “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı da mediada vahid kart məsələsinə münasibət bildirib: “Hesab edirəm ki, Mətbuat Şurası bu məsələni ciddi şəkildə qoymalı, ciddi attestasiya şəklində bu iş həyata keçirilməlidir. Təbii ki, hər bir üzvə kartın verilməsi doğru olmaz. Bəzi ölkələrdə bu kartlar hər redaksiyadan müəyyən şəxslərə verilir. Bu məsələ mütləq həllini tapmalıdır. Mətbuat Şurasının verdiyi “sarı kartlar” yüksək akkreditasiya kartları hesab olunmalıdır”. Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli də öz çıxışında “reket jurnalistlər”ə qarşı mübarizənin vacibliyini vurğulayıb: “Cəbhə bölgəsində, raket zərbələrinin, pulemyot gülləsinin altında fəaliyyət göstərən məktəblərin direktorlarından pul tələb edən “reket jurnalistlər” var. Bu, hansı vicdana, hansı əxlaqa sığır?! Belə hallara son qoymaq lazımdır. “Reket jurnalistlər”ə qarşı mübarizə qanun çərçivəsində gücləndirilməlidir”.

Məsələ ilə bağlı “Şərq”ə danışan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib ki, o, hər zaman “reket jurnalistlər”ə qarşı sərt mübarizəyə çağırış edib:

“Jurnalistlərə vahid vəsiqənin verilməsini həll etmək lazımdır. Bir zamanlar bu prosesə başlamışdıq, amma nəyə görəsə yarı yolda qaldıq. Görünür, artıq bu məsələ mütləq həllini tələb edir. Mən qurultayda təklif etdim ki, reketlərlə mübarizədə məmurları da zərərsizləşdirmək vacibdir. Çünki o reketlərin arxasında məmurlar dayanır. Həmçinin, hesab edirəm ki, mövcud qanunları da sərtləşdirmək lazımdır. Elə etməliyik ki, hər təsadüfi adam jurnalistikaya gələ bilməsin”.

“Azadinform” informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev də “Şərq”ə bildirib ki, qurultayda səslənən bütün fikirlər və təkliflər medianın qüsursuz inkişafına, söz və mətbuat azadlığının daha da möhkəmləndirilməsinə xidmət edirdi:

“Toplantıda bir sıra ciddi təkliflər səsləndirildi ki, onlardan da biri “reket jurnalistika” ilə mübarizə məsələsidir. Bildiyiniz kimi, artıq bir neçə ildir MŞ-də yaradılan komissiyalar vasitəsi ilə reket jurnalistlərə qarşı mübarizə tədbirləri görülür. Təəssüf ki, bu tədbirlər həm sağlam jurnalistikamızın, həm də ictimaiyyətin, bir sözlə, maraqlı tərəflərin gözlədiyi effekti vermir. Görünür, bu problemin tamamilə həlli üçün zamana və digər tədbirlərə ehtiyac var. Onlardan da biri Aqil Abbasın və Aynur Camalqızının təklif kimi irəli sürdüyü vahid kart məsələsidir. Əlbəttə, vahid kart təklif kimi dəyərləndirilməlidir, lakin bunun əsaslı çıxış yolu olacağını düşünmürəm. Xatırlayırsınızsa, 2005-2006-cı illərdə Mətbuat Şurasının kartlarından istifadə etdik. Ancaq “reket jurnalistlər” ayıq tərpənib onun oxşarını və ya saxtasını düzəltdilər. Sözüm odur ki, vəsiqə-kart məsələsi zəruridir, amma problemdən çıxış yolu deyil. Buna baxmayaraq, həmkarlarımın təklifini həm baş redaktor, həm də MŞ İdarə Heyətinin üzvü kimi mən də dəstəkləyirəm. Kartı hazırlayaq, amma bununla işimizi bitmiş hesab etməyək”.

Baş redaktorun fikrincə, problemdən çıxış yolu “reket jurnalistlər”in idarə və müəssisələrə yolunu birdəfəlik bağlamaqdır:

“MŞ-nin hazırlayacağı kart nümunələri ilə bağlı Azərbaycan rayonlarında idarə, müəssisə və iaşə obyektləri, təhsil müəssisələri rəhbərləri və sahibkarların iştirakı ilə toplantılar keçirməli, onları “reket jurnalistlər”lə əməkdaşlıqdan çəkindirməli, şantajlarına boyun əyməməyə çağırmalıyıq. Bu proses həm də paytaxt rayonlarını əhatə etməlidir. Belə olan halda “reket jurnalistlər”in gedəcəyi ünvanların əhatə dairəsi daralacaq və bizim narahatçılığımıza da zaman-zaman son qoyulacaq”.

“Cümhuriyyət” qəzetinin redaktoru Elman Cəfərli də bəyan edib ki, millət vəkili Aqil Abbas və Aynur Camalqızı çox maraqlı təklif irəli sürüblər. Onun sözlərinə görə, bəlkə də bu yolla “reket jurnalistika”sına qarşı mübarizədə effektli nəticə alına bilər:

“Ancaq bir iş var ki, reket redaksiyalar o vəsiqəni də saxtalaşdıra bilərlər. Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının sədri Vüqar Rəhimzadə qurultayda dedi ki, hətta bir dəfə Şuranın vəsiqəsini belə saxtalaşdırıb “kopya”sını düzəldiblərmiş. Qurultayda Prezidentin köməkçisi cənab Əli Həsənov maraqlı bir məqama toxundu. Dedi ki, “reket jurnalistika”sı ilə məşğul olanlar çox istedadlı adamlardı. Mövzuya elə yanaşırlar, elə mətləblərə toxunurlar ki, məmur məcbur qalıb onları razı yola salır. Bu baxımdan vahid kartların verilməsi “reket jurnalistika” ilə mübarizənin sadəcə bir tərəfidir. Ümumilikdə isə vahid kart ideyası yaxşı təşəbbüsdür. Bu cür kartlar verilərsə, ciddi media orqanlarını təmsil edən jurnalistlər digərlərindən seçiləcək. Dövlət qurumları onlarla işləyəcək. Tədbirlərə də onları çağıracaqlar. Ancaq bir nüansı unutmayaq ki, “reket jurnalistlər” onsuz da Bakıda, bölgələrdə keçirilən ciddi tədbirlərdə, böyük konfranslarda iştirak etməkdə maraqlı olmurlar. Onlar orta və aşağı ranqlı məmurlarla və dövlət qurumları ilə “işləyirlər”. Mənə elə gəlir ki, reket qəzetlər və saytlarla mübarizənin daha təsirli yolları tapılmalıdır. “Reket jurnalistlər” əsasən bölgələrdə olduqlarına görə, onların vəsiqələrinə baxan olmayacaq. İndi heç kimdən hansı media orqanını təmsil etdiyini soruşmurlar. Ən yaxşısı “reket jurnalistika”nı yaradan səbəbləri aradan qaldırmaqdır”.

“Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli də qəzetimizə açıqlamasında bildirib ki, təklif olunan metod sayəsində “reket” qəzet və saytlarla mübarizə effektli ola bilər:

“O baxımdan ki, hansısa müəssisədən, iş adamından dilənməyə gedən, şantaj edən “jurnalist”dən vahid vəsiqə istənilməsi, bu olmadıqda onun oradan qovulması, barəsində müvafiq qurumlara təqdimat verilməsi üçün əsas ola bilər. Bunun mexanizmi hazırlanıb həyata keçirilərsə, “reket” media ilə mübarizədə daha bir önəmli addım atılar. Bu mexanizmin həyata keçirilməsində ciddi bir problemin ortaya çıxacağına inanmıram. Çünki reket nəşrlərin, saytların siyahısı əslində Mətbuat Şurasında var. Onların “qara siyahı”sı da mövcuddur. Bu “saytlar”, “qəzetlər” təbii olaraq vahid kart ala bilməyəcəklər. Sağlam qəzet və saytlarda çalışan əməkdaşlar isə asanlıqla bu kartı alacaqlar”.

Lakin E.Məmmədlinin sözlərinə görə, “reket media”nın kökünü bununla tam kəsmək mümkün olmayacaq:

“Reket sayt”ların meydana çıxmasının və kimlərdənsə pul qopara bilmələrinin kökündə o dayanır ki, onlara pul verən qurumların özləri qeyri-şəffafdır və rüşvətxorluğa meyillidir. “Reket”lər bundan istifadə edərək, onlardan “haqq” tələb edirlər. Şəffaf fəaliyyət göstərən qurumların qapısını “reketlər” döymür. Məsələn, indiyədək eşitmisiniz ki, ASAN Xidmətdən hansısa reket sayt pul tələb etsin? Mümkün deyil, çünki orada fəaliyyət şəffafdır. Bu baxımdan, hesab edirəm ki, məsələlər kompleks şəkildə həll olunmalıdır. Bütünlükdə ölkədəki qurumların fəaliyyəti şəffaf olarsa, “reket” media da avtomatik olaraq sıradan çıxacaq”.

İsmayıl Qocayev

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …