Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Üzeyir Cəfərov: “Eynulla Fətullayevə görə başım çox bəlalar çəkdi”- MÜSAHİBƏ

Üzeyir Cəfərov: “Eynulla Fətullayevə görə başım çox bəlalar çəkdi”- MÜSAHİBƏ

“Səfər Əbiyevə bir neçə dəfə demişdim ki…”

Bir müddət əvvəl bəyan etdi ki, ekspert kimi ona ünvanlanan suallara cavab verməyəcək. Şəxsilə bağlı yaranmış anlaşılmazlıqdan dolayı onun qərarını normal qəbul etsək də, ünvanladığım suallara tək ekspert kimi deyil, jurnalist, siyasi yazar, ümumilikdə isə ictimai fəal insan kimi cavab istədim. Sağ olsun, necə deyərlər, aramızdakı neçə illik xətri qırmadı. Müsahibim Üzeyir Cəfərovdur, suallarım isə xeyli geniş mövzuları əhatə edir:

– Hazırda harada işləyirsiz?

– Hörmətli AFN portalının suallarını cavablandırmazdan əvvəl bir vacib məqamı dostların və həmkarların diqqətinə çatdırmağı vacib sayıram. Bilirəm ki, bu müsahibədən sonra da mətbuatda mənim daha çox bağlı olduğum hərbi, hərbi-siyası mövzularla bağlı yenə çoxsaylı müraciətlər olacaq. Lakin sosial media üzərindən də 2017-ci ilin iyul ayından etibarən elan etdiyim kimi mətbuatla hər hansı təmas, açıqlama və şərh məsələləri qüvvəsində qalır. Yəni mən yalnız öz feyzbuk səhifəm vasitəsilə lazım bildiyim aktual mövzu və problemlərlə bağlı qeydlərimlə çıxışlar etməkdə davam edirəm. Sadəcə, AFN portalına və uzun illər şəxsən tanıdığım, qələminə və jurnalistika peşəsinə xüsusi hörmət bəslədiyim Həbibə xanım Abdullanın müraciətini istisna kimi qəbul edərək suallarını cavablandırıram. Beləliklə, keçirəm cavaba. 2004-cü ildə Müdafiə Nazirliyinin o vaxtkı rəhbərliyinin özbaşınalıqlarına və apardığı yanlış kadr siyasətinə etiraz olaraq, Silahlı Qüvvələr sırasından ehtiyata tərxis olunmaq müraciətlərim nəhayət ki, aprel ayında müsbət cavablandırıldı. Və yuxarıda göstərilən tarixdən bu günə kimi heç bir dövlət və hökumət strukturunda çalışmamışam və çalışmıram. Baxmayaraq ki, bu müddət ərzində mən qeyri-rəsmi olaraq hətta son üç ili Prezident Adminstrasiyasının (PA) ictimai-siyası şöbəsinin də əməkdaşı kimi vəzifələrdə “çalışmışam”. Bəli, bəli? məhz PA-nın əməkdaşı kimi. Bu məsələ son dərəcə gülməli və tragikomik olduğuna görə istəməzdim ətraflı danışım. Amma bu haqda istəsələr, hörmətli adı çəkilən qurumun rəsmiləri açıqlama verə bilərlər. Hal-hazırda isə kifayət qədər tanınmış, populyar gündəlik onlayn media orqanlarından biri olan “Moderator.az” saytının rus versiyasının redaktoru kimi çalışıram. Qısa bir zaman kəsiyində saytın bu versiyası da özünə həm ölkə daxilində, həm də ən əsası ölkədən kənarda xeyli oxucu kütləsi toplamağa müvəffəq olmuşdur. Hesab edirəm ki, bu gün bizim informasiya müharibəsi cəbhəsində çox ciddi işlərin görülməsinə ehtiyacımız var. Ona görə də son 3 ayda bu istiqamətdə ciddi addımlar atmaqdayıq. Baxmayaraq ki, hər şey yalnız və yalnız saytın baş redaktoru hörmətli dostum, qardaşım saydığım peşəkar jurnalistikada sözünü deməyi bacarmış Zülfüqar Hüseynzadənin şəxsi fədakarlığı və zəhnəti hesabına başa gəlir. Heç bir kənar maddi dəstək olmadan gecə-gündüz ölkəmizin maraqlarını qorumaq üçün əlimizdən gələni edirik. Necə deyərlər, Vətənimiz, Xalqımız və Dövlətimiz üçün xeyirli, uğurlu olsun.

– Ailənizi dolandıra bilirsinizmi?

– Bu suala qismən də olsa belə cavab verərdim. Mənim bu gün dövlətdən hər ay 25 ilə yaxın hərbi xidmət keçmiş şəxs kimi tam olmayan pensiya almaq imkanım var. Doğrudur, o pensiya bu gün mənimlə eyni rütbədə, eyni vəzifədə olmuş şəxslərin pensiyasından hardasa 400-500 manat az olsa da, necə deyərlər, buna da çox şükür. Ailəmiz böyük olsa da, şikayətlənmirəm. Ən azından, qızlarımın ikisi ailə həyatı qurublar, gözəl övladları, həyat yoldaşları vardır. Onlar da Azərbaycan dövləti və dövlətçiliyi üçün xidmət keçib və keçirlər. Bir sözlə, ailəmi öz halal pensiya məvacibimlə dolandırıram. Çətindir, amma şükürlər olsun ki, həyatda nəyi necə etməyi, necə qurub-yaratmağı da bacarırıq. Həm də ətrafımda olan gözəl dostlarım, yoldaşlarım sağ olsunlar. Onların arasında imkanlısı da var, kasıbı da. Hərə mənə və ya digər dostlara, onların ailələrinə bacardıqları maddi, mənəvi dəstəyi göstərib və göstərirlər.

– Necə oldu ki, hərbi ekspert kimi tanındınız?

– Həbibə xanım, sizə və hörmətli oxucularınıza, izləyicilərinizə tam səmimi olaraq demək istəyirəm ki, mən özüm də bu “hərbi ekspert” sözünə hələ də uyğunlaşa bilmirəm. Çünki mən sırf hərbi-siyasi jurnalist zabit kadrı ixtisası üzrə ali hərbi təhsil almış ilk azərbaycanlıyam. Ukraynanın Lvov şəhərindəki o vaxtlar Varşava Müqaviləsinin üzvü olan sosialist ölkələrinin Silahlı Qüvvələri üçün məhz hərbi-siyasi jurnalist zabit kadrları hazırlayan məktəbin ilk azərbaycanlı hərbçisiyəm. Bu məktəbin digər ikinci peşə hazırlığı sayılan mədəni-maarif ixtisası üzrə bitirmiş çoxlu həmyerlilərimiz olduqları halda, Tanrı mənim taleyimə bu məktəbin ilk hərbçi siyasi jurnalist kadrı kimi tarixə düşməyimə şərait yaradıb. Buna görə də özümü çox şanslı sayıram və Yaradana da min dəfələrlə şükürlər edirəm. Qayıdıram bu hərbi ekspertlik məsələsinə. Doğrusu, mən heç vaxt belə iddiada olmamışam və bu gün də çox narazıyam ki, ölkəmizdə hər sahədə o qədər peşəkarlar var ki, nədənsə onlar cəmiyyət qarşısına çıxıb bildikləri işdən nə danışmaq istəmirlər, nə də maarifləndirmə işlərində iştirak etmirlər. Ən dəhşətlisi odur ki, başqa ölkələrin timsalında baxırsan hər sahənin öz peşəkarları mütəmadi olaraq həm cəmiyyətdə aparılan maarifləndirmə, elə hərbi sahəyə daha çox yaxın olan hərbi-vətənpərvərlik işində çox fəal iştrak edirlər. Azərbaycanda isə adları olub, özləri isə yalnız küncdə-bucaqda vaxt keçirən o qədər “peşəkarlar” var ki, onlar ancaq “hazırın naziridirlər”. Özü də bəzi vəzifəli şəxslər onlarla çox sıcaq işbirliyində, müəyyən formal layihə, müəyyən “qlobal” işləri həyata keçirirlər. Mənim kimi peşəkarlar da məcburiyyət qarşısında qalıb həm yazılı, həm də elektron mediyaya açıqlama verəndə, bəzən sosial mediyada tənqidlər bir yana qalsın, təhqirlərə də tuş gəlirik. Ona görə və son dəfə özümə qarşı ən yüksək səviyyədə sayğısızlıq, hörmətsizlik və yalan gördüyümə görə, mətbuatla hərbi ekspert kimi əlaqələrimə son vermişəm. Özü də məni ailəm qarşısında çox pis vəziyyətə qoyduqlarına görə o yalançıları, əliəyriləri heç vaxt bağışlamayacağam. Qoy yalançı, pulsilən, psevdopatriot həmən yetkililər mətbuata ekspertlik etsinlər. Təki sağlıq olsun, zamanı-vaxtı gələndə həmin şəxslər etdikləri hərəkətlərə görə nəinkli utanacaq, həm də məsuliyyət daşımalı olacaqlar. Məni hərbi ekspert kimi cəmiyyətə tanıdan dostlarıma, mətbuatdakı bütün həmkarlarıma sonsuz minnətdaram. Baxmayaraq ki, mən 1981-ci ildən hərbi mətbuatdayam, keçmiş SSRİ, indi isə müstəqil Azərbaycan Jurnalistlər Birliyinin üzvüyəm, MN-in ilk mətbu orqanı olan “Xalq Ordusu”, indiki “Azərbaycan Ordusu” qəzetinin ilk baş redaktoru, həmçinin MN-in Mətbuat Xidmətinin İctimaiyyətlə Əlaqə, Məlumatın Yayılması Bölməsinin rəisi kimi də hər zaman Azərbaycan və xarici mətbuatla daim təmasda olmuşam və bu gün də bacardığım qədər bu imkanlardan yararlanaraq Azərbaycanımızım milli və dövlətçilik maraqlarını müdafiə etmək üçün nə lazımdırsa edirəm, edəcəyəm. Bu, istər hərbi ekspert qismində olsun, yaxud “Moderator.az” saytının rus versiyasının redaktoru kimi, fərq etməz. Onsuz da gündəlik həyatda sosial mediyada informasiya müharibəsində lazım olan nədirsə, onu keçmiş hərbçi dostlarımızla etməyə davam edirik. Bu, çox önəmli və vacibdir. Bunu genis izah etməyə məncə o qədər də ehtiyac yoxdur. XXI-ci əsr informasiya texnologiyaları əsridir və dövlətlər daha çox öz siyasətlərini məhz informasiya müharibələri vasitəsilə həyata keçirirlər. Azərbaycan da işğala məruz qalmış, dünyanın gözündə hər zaman maraq kəsb edən bir məkan olduğuna görə, biz günün bütün saatlarında ayıq-sayıq olmalıyıq.

– Jurnalistika, ekspertlik, yoxsa ordu?

– Maraqlı sualdır, ancaq mənim üçün bunların hər üçü uzaq 1981-ci ildən də bir qədər əvvəl başlayıb və bu gün də davam edir. Orta məktəbdə oxuyarkən rayon qəzetinə sosial xarakterli yazılar yazırdım. Sonradan isə bu həvəs məni Lənkəranın çox ziyalılar yetirmiş, hətta Qafqaz Müsəlmanları Dini İdarəsinin sədri Şeyxüislam Allahşükür Paşazadənin də bir vaxtlar təhsil aldığı kənd orta məktəbini azərbaycan dilində başa vurub uzaq Ukraynanın Lvov Ali Hərbi Siyasi Məktəbinin Hərbi Siyasi Jurnalistika fakültəsinə yerində rus dilində imtahan verərək qəbul olunmuş 1000 nəfər arasından ən yüksək nəticəni göstərən 90 kursantdan biri olmaq xoşbəxtliyi yaşatdı. Və həmən dövrdən bu günə kimi keçmiş SSRİ-nin müxtəlif şəhər və vilayətlərində hərbi jurnalist kimi müxbirdən tutmuş Zaqafqaziya Hərbi Dairəsinin Azərbaycan Respubikası üzrə müxbir məntəqəsinin rəhbəri vəzifəsinə kimi xidmət etmək nəsib olub. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə Müdafiə Nazirliyinin ilk mətbu orqanl olan qəzetin baş redaktoru, Qarabağ savaşında Füzuli döyüş briqadasının şəxsi heyət üzrə komandir müavini, H.Z.Tağıyev qəsəbəsində əvvəl təlim briqadasının, daha sonra isə döyüş briqadasının komandir müavini, Prezident Yanında İdarəçilik Akademiyasında humanitar silsilə rəisi kimi, daha sonra MN-in Mətbuat Xidmətində İctimaiyyətlə Əlaqə və Məlumatın Yayılması Bölməsinin rəisi, Hərbi Elmi Mərkəzdə Baş Elmi İşçi və Baş Zabit kimi uzun və çox zəngin bir hərbçi həyatını yaşamaq qismətim olub. 1999-cu ildə Türkiyə Respublikasının Ankara şəhərində NATO-nun Sülh Naminə Barış kurslarını bitirmək, 2001-ci ildə çoxlarının xəyalına belə gəlməyən xüsusi dövlət tapşırığı ilə Ermənistana ATƏT xətti ilə ezamiyyyət. Saymaqla qurtaran deyil digər məsələlər. Məhz bu qədər zəngin hərbçi jurnalist həyatı mənə bu gün də fəaliyyətimi aktiv şəkildə davam etdirməyə imkan verir. Bir sözlə, Azərbaycanın ilk diplomlu hərbi jurnalisti kimi, həm ekspertlik işlərini görür, eyni zamanda juranalistika ilə də məşğul oluram. Son vaxtlar daha çox “Moderator.az”-ın rus versiyasında müəllif yazılarla mütəmadi çıxışlar edirəm. Məncə, bunun necə alınmasını oxucular daha yaxşı deyə bilərlər.

– Mediamızın hazırkı durumu qaneedicidirmi?

– Şəxsi fikrim olsa da, deyəcəyəm ki, əlbəttə ki, qaneedici saymıram. Bunun da çoxlu obyektiv və subyektiv səbəbləri var. Çox təəssüflənirəm ki, bu gün Azərbaycanda xüsusən mətbuat sahəsində “yağ ilə şorun” yeri dəyişik düşüb. Bir qrup işbaz dövlət tərəfindən mətbuatın inkişafı üçün ayrılan maliyyə vəsaitini kefləri istəyən kimi sağa-sola dağıtmaqla məşğuldurlar. Heç bir ciddi iş əmsalı, effekti olmayan, yalnız adı olub, özü isə daha çox sarı mətbuat effekti verən saytlar və bəzi qəzetlərə il ərzində çox pul vəsaitləri ayrılır, həmən saytların ortaya qoyduqları fayda isə inanın ki, sıfırdan da aşağıdır. Amma siz həmən sarı mətbuatın zəli kimi dövlətin canına necə daraşdığına diqqət etsəniz, görərsiniz ki, bu adamları yalnız və yalnız öz şəxsi mənafeləri maraqlandırır. Bunlar yalnız və yalnız çoxlu pul qopartmaq, öz bizneslərini qorumaq və genişləndirmək üçün mətbuatdan maksimum yararlanmaqa çalışırlar. Hesab edirəm ki, KİV DF-nin hələlik sədri olan Vüqar Səfərli kimi mətbuata təsadüfi düşmüş bir adam və onun mətbuatımıza vurduğu zərər, ziyan onsuz da tezliklə ölkə rəhbərliyi tərəfindən ciddi şəkildə nəzarətə götürüləcək. Mətbuat Şurasının da rolu çox zəifdir. Baxmayaraq ki, qurumun rəhbəri Milli Məclisin üzvüdür, amma Əflatun Amaşovun da yaranmış vəziyyətə görə məsuliyyəti böyükdür.

– Son günlər ciddi müzakirə mövzusu avtoritetlərə, kriminal aləmin nümayəndələrinə mediada olan münasibətdir. Necə hesab edirsiz: jurnalist bu mövzularda yazmalıdır, ya yox?

– Bilirsiz, sualin özü həm maraqlıdır, həm də qəribədir. Maraqlıdır ona görə ki, cəmiyyətimizdə o qədər vacib məsələlər fonunda bu gün mətbuatın müraciət etdiyi bu mövzu nədənsə daha çox auditoriyanı özünə cəlb etməyi bacarır və insanlar daha çox bu mövzuya diqqət ayırırlar. Azərbaycanın sağında, solunda o qədər ciddi məsələlər, işlər var ki, bu gün mətbuat onları incələməklə, rəsmi və ya qeyri rəsmi şəxslərin iştirakı ilə o aktual məsələləri çözmək üçün yollar aranmalı, müzakirə edilməli və sairə işlər görülməlidir. Və bunlar yetərincə olmadığına görə, sözüzsüz ki, meydanı kimsə, nəsə tutmalıdır, necə ki, tutdu. İş o yerə çatdı ki, PA-nın rəsmiləri Mətbuat Şurası ilə birgə müzakirələr təşkil etdilər. Deməli, narahatçılıq var idi ki, bu məsələyə müzakirəyə çıxarıldı. Sualın qəribəliyi isə ondadır ki, necə yəni, mətbuat bundan yazmalı idi ya yox? Əlbəttə ki, mətbuat nə görürsə, onu dövlətin və dövlətçiliyin, cməiyyətin maraqları qorunmaq xətti ilə işıqlandırmalıdır və buna görə onun adı mətbuatdır. Hər şeyə işıq salan orqan. Rəsmi dillə desək, dördüncü hakimiyyət. Əgər ölkədə mətbuata cavabdehlik daşıyan şəxslər səhər işə gəlib işlərini kompüter arxasında daha çox başqa işlərə sərf edirlərsə, sözsüz ki, vacib işlər axsıyacaq, onlara diqqət lazımı şəkildə həyata keçirilməyəcək. Biz çox hallarda hadisələrin arxasıycan sürünürük. Əslində isə hamılıqla biz hadisələri qabaqlayan, onların profilaktikası ilə məşğul olan aktual məsələlərlə məşğul olmalıyıq. Bilirsiniz necədir, kağız üzərində hər şey bəlkə də ideal şəkildə tərtib edilib. Amma praktik şəkildə isə ortalıqda sovetlər dönəminin o zəhlətökən formalizmi üstünlük təşkil edir. Bax bu formalizmlə hamı mübarizə aparılmalıdır. Saxta, boğazdan yuxarı, reallığa söykənməyən fəaliyyətə son verilməlidir. Baxın, televiziyalarımızın vəziyyəti hansı səviyyədədir. MTRŞ-nin özünü və rəhbərliyini çevik hala gətirmək lazımdır. İnanın ki, əgər adını sadaladığım və sadalamadığım qurumlar öz vəzifə borclarına yetərincə ciddi yanaşsalar, vallah cəmiyyətimiz sanki dirçələr. Hələliksə, mətbuata cavabdehlik daşıyanların düşüncələrində, növbəti maliyyə vəsaitini necə, hara və kimlərin adına bölüşdürülməsi kimi daha vacib “işlər” maraqlandırır. Onsuz da gec-tez ölkə rəhbərliyi bu vəziyyətin əslində necə olmasından xəbərdar olacaq. Onda vay olacaq o bəzi işbazların halına. Hələliksə, onlar “bulanıq suda balıq tutmaqla” məşğuldurlar.

– Siyasətlə maraqlanırsızmı?

– Müsahibəmin əvvəlində qeyd etdiyim kimi, mənim ixtisasımda hərbi-siyasi jurnalistika fakültəsini bitirməyim qeyd edilmişdi. Bu isə o deməkdir ki, istəsəm də, istəməsəm də həyatım bütövlükdə siyasətlə bağlı olub və bağlıdır. Əlbəttə ki, siyasətlə maraqlanıram və bunsuz mümkün deyil. Baxmayaraq ki, keçmiş SSRİ zamanında hamının daha çox can atdığı Kommunist Partiyasının üzvü olmuşam. Bunsuz heç kim ali hərbi siyasi savad ala bilməzdi. Bu bir etalon idi. Ölkəmiz müstəqil olduqdan sonra isə mən müstəqil şəkildə iki dəfə millət vəkili olmaq üçün mübarizə aparmışam. Özü də hər ikisində əgər kənar süni müdaxilələr olmasaydı, öz halal haqqıma çatacaqdım. İlk dəfə, 2005-ci ildə 73 saylı Lənkəran Şəhər Seçki dairəsindən, 2015-ci ildə isə 33 saylı Xətai Birinci Seçki Dairəsindən Milli Məclisə deputatlığa namizəd kimi öz gücümü sınadım. İndi detallara çox da varmaq istəməzdim. Birinci halda indi MM-də kimlərinsə hesabına oturdulmuş siqaret baronlarının yaxın tərəfdarı olan Rüfət Quliyev, 2015-ci ildə isə YAP Xətai rayon təşkilatının sədri, yaşı 70-i keçmiş, indi də səhhəti aktiv fəaliyyətlə məşğul olmağa imkan verməyən, yazıçı, dramaturq kimi özünü təqdim edən Hüseynbala Mirələmov deputat mandatına yiyələndilər. Hər iki halda öz xeyir-duamı vermədim və inşallah gec-tez hər şey bəlli olacaq ki, yüz minlərlə Azərbaycan vətəndaşlarının səsini kimlər saxtalaşdırdılar və məqsədləri nə idi. Dəfələrlə müxtəlif siyasi partiyalardan və qurumlardan dəvət alsam da, heç bir siyasi quruma üzv olmamışam və üzvü də deyiləm. Mən ölkəmin və xalqımın əsgəriyəm və heç kimi fərqləndirmirəm ki, ay bu filan təşkilatdılr, ya bu başqasıdır. Ümumilikdə isə siyasət çox qəliz və hər kəsin girə biləcəyi sahə deyil axı. Yaxşı siyasətçi olmaq üçün sən bütün incəliklərdən, dünyada və ölkəndə gedən bütün proseslərdən ən azından məlumatlı olmalısan.

– Hansı siyasi qüvvəni dəstəkləyirsiz?

– Mənim üçün Azərbaycan dövləti və dövlətçiliyi üçün, xalqının rifahı naminə təmənnasız səy göstərən təmiz qəlbli, saf ürəkli çalışan istənilən siyasi qüvvə əziz və dəyərlidir. Ona görə də mən hesab edirəm ki, bu gün müharibə vəziyyətində olan ölkənin bütün qüvvələri maksimum çalışmalıdırlar ki, ölkəmiz tez bir zamanda erməni kimi yaramaz bəladan qurtulsun. Qarabağdan işğalçı qüvvələr təmizlənsin. Qarabağ savaşının birbaşa iştrakçısı kimi çox istəyirəm ki, bizimlə döyüşlərdə vaxtsız dünyasını dəyişmiş qardaş və bacılarımızın narahat ruhları nəhayət ki, sakit, rahat olsunlar. Bu istiqamətdə kimlər reklam xatirinə deyil, real fəaliyyət göstərirlərsə, onlar mənim dostlarım, həmfikirlərimdir. Bu, istər iqtidar partiyası olsun, yaxud da müxalifəti təmsil edən hansısa ən zəif belə qüvvə. Yetər ki, onlar Azərbaycan dövlətinin, xalqının gələcəyi üçün lazım olan bütün işlərdə faydalı iş görmüş olsunlar.

– Azərbaycanda indiki hakimiyyəti əvəz edə biləcək siyasi komanda, lider görürsüzmü?

– Bu tip suallar adətən daha çox siyasilərə verilən suallar sırasında olur. Amma mənim şəxsi fikrimi soruşmaq istəyirsinizsə, əlbəttə ki, cavabım müsbətdir. Bunu ona görə deyirəm ki, həyat yerində saymır. İllər ötdükcə siyasilər də, siyasi qüvvələr də təkmilləşirlər, inkişafa doğru addımlar atırlar. Mən iki əsrin müxtəlif illərində yaşamış insanlardan biri kimi demək istəyirəm ki, əgər kimsə ötən əsrin 80-ci, 90-cı illərində desəydi ki, SSRİ kimi nəhəng dövlət nə vaxtsa yox olacaq, bəlkə də ona dəli kimi baxardılar. Yaxud, bir zamanlar SSRİ dönəmində bizə rəhbərlik edən şəxslərdən sonra aqibətimizin necə olacağını deyən şəxslər sonradan əmin oldular ki, onlardan da daha cavan, daha çevik siyasətçilər, hərbçilər idarəetmə sisteminə gəldilər. Onların necə idarəetmədə səriştəli olması tamam başqa söhbətin mövzusudur. Bu haqda çox da geniş danışmaq istəməzdim.

– Eynulla Fətullayevlə münasibətləriniz necədir?

– Vallah, mən Eynulla Fətullayevlə hər zaman sırf xidməti münasibətdə olmuşam. Yəni, ordudan tərxis olunduqdan sonra bir vaxtlar çox populyar və tirajlı, oxunaqlı “Gündəlik Azərbaycan” qəzetində redaktor vəzifəsində çalışmışam. Məşhur “Realniy Azerbaydan” qəzetində də sırf ordu mövzularında çıxan yazılarda imkan daxilində köməklik göstərmişəm. Hətta bir dəfə, 2007-ci ilin 20 aprel tarixində Eynulla Fətullayev Yasamal Rayon Məhkəməsində həbs olunanda gecə saat 23.45-də İnşaatçılar prospektində yerləşən redaksiyanın ofisindən çıxanda mənə sui-qəsd olunmuşdu. Biri Yasamal polisinin əməkdaşı indi artıq mayor Nəbi Nəcəfov və digəri isə o vaxt MN-in Hərbi polisində xidmət keçən zabit idilər. Onların hər ikisini mən özüm ifşa etdim və bu gün də Avropa Məhkəməsinin o işlə bağlı mənim xeyrimə olan qərarı Baş Prokurorluq tərəfindən sona qədər axıra çatdırılmayıb. İnanıram ki, bu iş də nəhayət ki, sona çatdırılacaq. Eynulla Fətullayevə görə mənim başım çox bəlalar çəkdi. Amma mənə ən çox pis təsir edən onun sonradan ona və ailəsinə dəstək olan ən yaxın dostlarından müəmmalı şəkildə üz döndərməsi oldu. Rəhmətlik atası Emin kişi də, anası Gülşən xanım da şahiddilər ki, mən ən ağır vaxtlarda bu ailəyə bacardığım mənəvi dəstəyi göstərmişəm. Sonradan o məhbəsdən çıxandan sonra indiki çox oxunaqlı və populyar haqqın.az və virtualaz.org saytlarını yaradanda da mən onunla redaktor kimi bir ay müddətində çalışdım. Və bir sıra məsələlər görə kollektivlə sağollaşıb ordan uzaqlaşdım. Daha dəqiqi, Eynulla öz sözü üstündə durmadığı üçün biz yollarımızı ayırdıq. Amma ədalət naminə onu deyim ki, Eynulla istedadlı jurnalist olmaqla yanaşı, öz bəzi insani keyfiyyətlərinə də diqqət etsə, pis olmaz. Bunu mən ona bir böyük kimi məsləhət edirəm. O unutmamalıdır ki, həyat çox amansızdır. Onun öz sərt şərtləri və qaydaları mövcuddur. Hələlik isə gördüyüm ondan ibarətdir ki, Eynullada bir qədər eyforiya əhval-ruhiyyəsi önə çıxıb. Belə isə, münasibətlərimiz qalır və biz biri birimizə nə dostuq, nə də düşmən.

– Səfər Əbiyev, yoxsa Zakir Həsənov?

– Bu, elə bir sualdır ki, ona cavab həm asandır, həm də çətin. Asandır ona görə ki, mən sabiq müdafiə naziri Səfər Əbiyevlə keçmiş SSRİ SQ sıralarında eyni hərbi dairədən müstəqil Azərbaycan müdafiə nazirliyinə transfer olmuşuq. Və onun rəhbərliyi altında xidmət keçmişəm. Yaxşı keyfiyyətləri də olub, sözsüz pisi də. Mən onun özünə dəfələrlə demişdim ki, cənab nazir, siz sizə verilən hər məlumata dərhal inanmayın. Yoxlayın qərar verin. Amma bəzi tələsik və yerində olmayan qərarları olub. Tale elə gətirib ki, mən bütün müdafiə nazirlərinin dönəmində xidmət keçmişəm. Mərhum general-leytenant Valeh Bərşadlı, general-mayor Tacəddin Mehtiyev, general-mayor Tahir Əliyev, Rəhim Qazıyev, general-leytenant Məmmədrəfi Məmmədov, general-polkovnik Səfər Əbiyev. Yalnız general-polkovnik Zakir Həsənovla bərabər xidmət keçmək nəsib olmadı. Ona görə də sonuncu hörmətli generalın fəaliyyəti barəsində mən geniş məlumata malik deyiləm. Və nə isə deməyim düzgün olmaz. Hər nazirin öz xidmətləri olub. Onlardan hər biri Azərbaycan Silahlı Qüvvələrinin tarixinə daxil olmuş şəxslərdir artıq. Onların necə nazir olmalarına isə yəqin ki, hərb tariximizi araşdıran gələcək tarixçilər, araşdırmaçılar qiymət verəcəklər. Çox istərdim ki, tez bir zamanda işğal altında olan torpaqlarımız geri alınsın. O missiyanı həyata keçirən kim olursa-olsun, ona bütöv elliklə həm heykəl qoyulacaq, həm də şərəfinə dastanlar yazılacaq. Ədalət naminə demək lazımdır ki, sabiq nazir Səfər Əbiyevin dövrü daha çox başqa iqtisadi amillərlə müşayiət olunan vaxta təsadüf etmişdi. Amma hazırkı müdafiə naziri general-polkovnik Zakir Həsənovun 4 il ərzində ortaya qoyduğu geniş tikinti-quruculuq işləri, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün hərbi şəhərçiklərin, qarnizonların yenidən qurulması danılmaz fakdır. Sözsüz ki, hələ xeyli görüləsi işlər var. Və sonda onu qeyd etmək istərdim ki, Silahlı Qüvvələrimiz hər birimizin güvənc yeri olduğuna görə, biz bu mövzuda son dərəcə diqqətli və ehtiyatlı olmalıyıq. Məni tanıyan həmkarlarım və dostlarım yaxşı xatırlıyırlar ki, biz hər zaman ordumuzun daha güclü, daha müasir olması üçün zaman-zaman fikirlərimizi açıq və ya qapalı tədbirlərdə açıqlayan şəxslər olmuşuq. Bu gün isə vəziyyət onu tələb edir ki, dünyada və regionda baş verən hadisələr fonunda biz ordu mövzusunda son dərəcə həssas yanaşma ortaya qoymalıyıq. Azərbaycan Silahlı Qüvvələri bizim qürür yerimiz olmalıdır və mən belə qəbul edirəm.

Həbibə ABDULLA

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …