Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Ünvanlı sosial yardım kimlərə və hansı şərtlərlə veriləcək? – QAYDALAR

Ünvanlı sosial yardım kimlərə və hansı şərtlərlə veriləcək? – QAYDALAR

“Ünvanlı sosial yardım üçün elektron müraciət qaydaları vətəndaş-məmur ünsiyyəti zamanı yaranan neqativ halların və bürokratik əngəllərin aradan qalxmasına səbəb olacaq”…

“Vətəndaşlar evdən, poçt şöbələrindən və internet klublardan ünvanlı sosial yardım üçün müraciət edə bilərlər”…

“Müraciətlər 15 iş günü ərzində araşdırılır”…

“Müraciət zamanı vətəndaş hər hansı məlumatı yanlış yerləşdirilərsə, ən azı 1 il müddətində ünvanlı sosial yardım üçün müraciət şansını itirmiş olur”…

“Ünvanlı  dövlət sosial yardımı ilə təmin olunan ailələrin 80-85 faizdən çoxu həssas qruplara aid kateqoriyalardandır”…

“Ailədə nəqliyyat vasitəsinin olması isə az təminatlılıq, gəlirin ehtiyac meyarından aşağı olması ilə bir az ziddiyyət təşkil edir”…

“Ünvanlı  dövlət yardımı həqiqətən insanlarda ələbaxımlıq, arxayınlıq yaradır və dövlətdən daim asılılığını davam etdirir”…

Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat siyasəti şöbəsinin müdiri Fuad Hüseynov deyib.

Fuad Hüseynov ünvanlı sosial yardım üçün elektron müraciət formasının tətbiqini neqativ halların qarşısının alınmasında mütərəqqi addım olduğunu deyib: “Ünvanlı sosial yardımın alınması prosesində son illərin təhlili onu göstərir ki, müraciət zamanı bürokratik hallara tez-tez rast gəlirdik. Prosesin ilkin mərhələsindən son təyinatın aparılmasına, qərarın çıxarılması prosesinə qədər daim vətəndaş-məmur ünsiyyəti yaranırdı. Yardım təyin olunarkən də subyektiv amillərin təsiri də aşkar görünürdü. Artıq Nazirlər Kabineti tərəfindən tərtib edilmiş yeni qaydalar əsasən, bürokratik əngəllərin, vətəndaş-məmur ünsiyyətinin, neqativ halların qarşısının alınması nəzərdə tutulur”.

Qonaq elektron müraciət prosesinin mərhələləri barədə geniş məlumat verib: “Artıq sənədlərin toplanması üçün hər hansı bir zərurət yaranmır. Vətəndaş sadəcə yaşayış yeri üzrə yerli icra hakimiyyətinə müraciət edərək, ailənin tərkibi haqqında arayışı alır və həmin arayış əsasında yetkinlik yaşına çatmış ailə üzvlərinin könüllü şəkildə ailənin ünvanlı sosial yardım alınmasında təmsilçilik üzvünü seçirlər. Ailənin bütün yetkinlik yaşına çatmış üzvləri ünvanlı sosial yardım alınmasında təmsilçini notarial qaydada təsdiqləyirlər və müvafiq olaraq notarial orqanında təsdiqlənmiş təmsilçilik vərəqəsi həmin ailəyə təqdim olunur. Təmsilçilik vərəqəsində təmsilçinin ştrix kodu qeyd olunur. Vətəndaş bu təmsilçilik vərəqəsi ilə onlayn qaydada həm  evdən, həm də heç bir ödəniş etmədən poçt şöbələrindən, yaxud internet klublardan elektron qaydada müraciət edə bilərlər. Bunun üçün öncə vətəndaş ştrix kodunu sistemə daxil edir. Nazirliyin elektron ana səhifəsində ayrılmış bölməyə də müraciət etmək olar. Kodu daxil edəndən sonra vətəndaşın qarşısında xüsusi yaradılmış bir bəyannamə forması çıxır, burada ailən tərkibi, ailənin gəlirləri və digər tələb olunan zəruri məlumatlar öz əksini tapır. Vətəndaş ardıcıl olaraq öz məlumatlarını ardıcıl olaraq daxil edir. Daxil etdiyi hər bir məlumatın düzgün olub-olmaması haqqında qrafa yaranır ki, həmin vətəndaş öz məsuliyyətini qəbul edir və  təsdiq etdikdən sonra məlumatlar Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi, yəni  VEMTAS adlanan sistemə ötürülür”.

Nazirlik rəsmisi ünvanlı sosial yardım üçün müraciətlərin qısa müddətə cavablandırıldığını bildirib: “Məlumatlar 15 iş günü ərzində sistemdə emal edilir, məlumatların düzgünlüyü və dolğunluğu 22 dövlət qurumunun informasiya ehtiyatları vasitəsilə elektron hökumət portalı üzərindən məlumatlar əldə edilir. Bu məlumatlar qarşılaşdırılaraq yoxlanılır, uyğunluq və yaxud hər hansı məlumatın yanlış verildiyi təqdirdə, həmin ailəyə dərhal sms vasitəsilə imtina barədə məlumat verilir və səbəbi də göstərilir. Əgər hər hansı imtina halı yoxdursa, bütün şərtlərə əməl olunubsa, vətəndaş növbəti mərhələyə keçid alır. Bununla da bağlı ona sms göndərilir.  Həmçinin Əhalinin Sosial Müdafiəsi Fondu Mərkəzindən təyin olunmuş nümayəndənin vətəndaşın maddi məişət şəraiti ilə tanışlığı üçün vaxt müəyyənləşir.  Artıq 217 nəfərə, yəni ölkənin bütün rayonlarında yerləşən  ƏSMFM işçilərinə yoxlamanın həyata keçirilməsi üçün planşetlər verilib, müvafiq təlimlər keçirilib. Planşetlərdə də xüsusi bəyannamə forması yerləşdirilib. ƏSMFM işçisi sistem tərəfindən müəyyənləşdirilmiş vaxtda vətəndaşın evində bəyannamədə əks olunan zəruri məlumatları bir-bir doldurur. Bunlar onlayn rejimdə həyata keçirilir, məlumatların düzgünlüyü elektron imza ilə təsdiq edilir və VEMTAS-a ötürülür, sistemdə vətəndaşın məlumatları ilə tutuşdurulur. Ailənin gəlirləri, şəraiti, kommunal xərcləri ştrix kod vasitəsilə müqayisə olunur. Bütün bunlar avtomatlaşdırılmış xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir, insan faktorundan söhbət gedə bilməz. Əgər heç bir ziddiyyət yaranmırsa, növbəti mərhələ təyinat prosesinə keçirilir. Gəlirlərinə uyğun olaraq həmin ailənin ünvanlı sosial yardımın alınması ilə bağlı sms göndərilir, təyin olunan məbləğ və hansı bankdan kartın alınması ilə bağlı məlumat verilir”.

Fuad Hüseynov sosial yardımdan imtina səbəblərindən də danışıb: “Yeni qaydalara əsasən vətəndaşın müraciətinin günündən, ərizə bəyannaməsi formasını  doldurub və məsuliyyətini təsdiq edib sistemə ötürüləndən sonra 15 iş günü ərzində bütün yoxlamalardan sonra həmin vətəndaşa təyinat aparılır. Əgər məlumatlarda uyğunsuzluq olarsa, 3-5 gün ərzində imtina halı vətəndaşa sms vasitəsilə göndərilir. Vətəndaş öz məsuliyyətini dərk etməlidir, bütün məlumatlar dəqiqləşdirilir. Hər hansı məlumatı yanlış yerləşdirilərsə, vətəndaş ən azı 1 il müddətində ünvanlı sosial yardım ünvanına müraciət şansını itirmiş olur. Notarial qaydada təmsilçilik vərəqəsi 90 günlük verilir, bu vaxt ərzində ailə tərkibində, ailənin gəlirlərində hər hansı dəyişiklik baş verirsə, vətəndaş dərhal öz yeni müraciətində, yeni ərizə bəyannamə formasında dəyişikliyi əks etdirməlidir. Sistem mütəmadi olaraq dəyişikliyi 22 dövlət qurumundan əldə edir. Dəyişiklik sistem tərəfindən aşkar edilərsə, ünvanlı sosial yardımın alınması dayandırılacaq”.

Qonaq təkrar müraciətlərin şərtlərinə də aydınlıq gətirib: “Ünvanlı dövlət sosial yardımı haqqında qanuna görə iki il müddətində təyinat aparılır. Yəni həmin vətəndaş ünvanlı  dövlət sosial yardımı aldıqdan sonra da, təkrar müraciət hüququnu itirmir. Təkrar ehtiyac olarsa,  vətəndaş eyni qayda ilə müraciət edərək mövcud olan şərtlərə uyğun şəkildə, eyni ardıcıllıqla prosesi yerinə yetirəcək və təyinat aparılacaq”.

ƏƏSMN-nin şöbə müdiri sosial yardım üçün şərtlərin çoxluğuna və nəqliyyat vasitəsi olan ailəyə yardım verilməməsinin səbəblərindən danışıb: “2015-ci ildə 120  minə yaxın ailə ünvanlı dövlət sosial yardımdan bəhrələnib. Bu il ərzində təxminən 470-480 min nəfər deməkdir. Hər ailəyə orta hesabla 145 manat yaxın aylıq ödəniş edilmişdir. Ünvanlı  dövlət sosial yardımı ilə təmin olunan ailələrin 80-85 faizdən çoxu həssas qruplara aid kateqoriyalardandır. Həmin ailələrin tərkibində sağlamlıq imkanları məhdud olan bir və ya iki uşaq ola bilər. Belə ailələr yardımla yanaşı müavinət də alırlar. Biz daha yoxsul kateqoriyanı təmin etməyi nəzərdə tuturuq. Ailədə nəqliyyat vasitəsinin olması isə az təminatlılıq, gəlirin ehtiyac meyarından aşağı olması ilə bir az ziddiyyət təşkil edir”.

Fuad Hüseynov ünvanlı sosial yardımın ələbaxımlıq yaratması ilə bağlı səslənən fikirlərə və maddi yardımın başqa forma ilə əvəz olunmasına münasibət bildirib: “Nazirlikdə islahatlar ardıcıl şəkildə davam edir. Ünvanlı  dövlət yardımı həqiqətən insanlarda ələbaxımlıq yaradır. Bu həm də arxayınlıq yaradır və dövlətdən daim asılılığını davam etdirir. Dünya təcrübəsində də passiv yardımlardan aktiv yardımlara keçid araşdırılır. Gələcəkdə həmin ailələrin potensial imkanları müqabilində hər hansı bir şərait yaradıla bilər. Potensial imkanlar dedikdə həssas qrupa düşənləri aktiv qazanc əldə etməsinə şərait yaratmaq nəzərdə tutulur. Bu isə gələcəkdə ünvanlı  dövlət sosial yardımının alınmasında asılılığı azaltmış olar”.

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın