Cümə , Oktyabr 23 2020
Ana səhifə / Media / Universitetlərin həll olunmayan yataqxana düyünü

Universitetlərin həll olunmayan yataqxana düyünü

Yeni tədris ilinin başlamasına bir aydan da az vaxt qalıb. Bu isə o deməkdir ki, artıq universitetlərə yeni qəbul olan rayon qeydiyyatlı tələbələr Bakıya gəlib, özləri üçün müvəqqəti yaşayış yeri tapmalıdırlar.

Məlumdur ki, ölkədə tələbələrin əksəriyyəti müxtəlif yerlərdə kirayə mənzillərdə qalırlar. Səbəb isə əksər universitetlərimizin tələbələri yataqxana ilə təmin edə bilməməsidir. Hazırda kirayə bazarında ən ucuz mənzilin aylıq kirayə haqqı 200-250 manat arasında dəyişir. Xüsusilə də tələbələrin Bakıya qayıdışı (avqust ayında) dövründə kirayə mənzil bazarında da qiymətlər bahalaşır. Rayondan Bakıya oxumağa gələn tələbələri, onların valideynlərini də ən çox narahat edən məsələ evsizlik problemidir. Mətbuat səhifələrində də tez-tez görürük ki, tələbə adını qazanan şəxslər imkansızlıqdan, evsizlikdən təhsil almaqdan imtina edib, yenidən rayona qayıdırlar.

Bəs ölkədə hansı universitetlərin tələbə yataqxanası var?

18 mindən çox tələbənin təhsil aldığı Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov bu günlərdə 2017/2018-ci tədris ili üçün BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu prosesi ilə tanış olub. Valideynlərlə də görüşən rektor bildirib ki, universitetin 7 min tələbəsinin məskunlaşa biləcəyi böyük yataqxana kompleksi inşa ediləcək. Lakin o, yeni yataqxananın nə zaman inşa ediləcəyini isə söyləməyib.

Nəticə olaraq, bu gün bir əsrə yaxın yaşı olan Bakı Dövlət Universiteti də tələbələrini yataqxana ilə təmin edə bilməyən universitetlər siyahısındadır. Universitetin tələbə şəhərciyi hələ 2013-cü ildən etibarən tamamilə yararsız vəziyyətdədir. Şəhərciyin 3, 4, 5 saylı binaları tam sökülüb. Məqsəd isə universitetin 2019-cu ildə keçiriləcək 100 illik yubileyinə qədər, yeni yataqxananın inşa edilməsi olub. Lakin hələ də tikinti işlərinə başlanılmayıb. Universitetdən bildirirlər ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov onların layihə ilə bağlı müraciətlərinə cavab vermir. Qeyd olunur ki, Maliyyə Nazirliyi tərəfindən layihəyə vəsait ayrılması üçün icra hakimiyyəti tərəfindən inşaat sənədi verilməlidir. Lakin onlar bu sənədin verilməsini gecikdirirlər. Sənədin isə nə zaman veriləcəyi məlum deyil.

Digər universitetlərdə də vəziyyət ürəkaçan deyil. Məsələn, ölkənin ən bahalı ali təhsil ocağı olan ADA Universitetinin yataqxanasında yalnız əcnəbi tələbələr qala bilərlər. Universitet yerli tələbələrə bu lüksü tanımır.

Xarici Dillər Universitetinin nəzdində olan 2 yataqxanadan birində məcburi köçkünlər məskunlaşıblar. Digər yataqxananın da bir hissəsində məcburi köçkünlər yaşasalar da, orada təxminən 200-ə qədər tələbənin yaşaması üçün şəraitin olduğu bildirildi.

Həkim yetişdirən Azərbaycan Tibb Universitetinin tələbə yataqxanasında isə vəziyyət digərləri ilə müqayisədə qənaətbəxşdir. Bu universitetdə təhsil alan tələbələrin sözlərinə görə, hazırda universitetin 5 tələbə yataqxanası fəaliyyət göstərir. Bunlardan ikisi qızlar, ikisi oğlanlar üçündür. Digər yataqxanada isə xarici tələbələr qalırlar. Universitet ümumilikdə 1000 nəfərə yaxın tələbəni yataqxana ilə təmin edə bilib.

İqtisad və Pedaqoji univesitetləri isə bir nəfər də olsa tələbəsini yataqxana ilə təmin edə bilmir. Səbəb kimi də bildirirlər ki, bu yataqxanalarda məcburi köçkünlər məskunlaşıblar. Eləcə də Azərbaycan Texniki Universitetinin də cəmi bir yataqxana binasında tələbələr qala bilirlər. Digərlərində isə məcburi köçkünlər məskunlaşıblar.

Görünən budur ki, ölkədə kirayə bazarı elə tələbələrin hesabına qazanır. Universitetlər isə hər il təhsil haqqını artırsalar da, tələbələri yataqxana ilə təmin etmək barəsində düşünmürlər.

Image result for Etibar Əliyev

Təhsil üzrə ekspert Etibar Əliyev “Yeni Müsavat”a bildirdi ki, hələ sovet dönəmindən yataqxanalar tələbələrin sosiallaşması üçün önəmli məkan olub: “Yataqxanaların idman meydançaları, kitabxanaları var idi ki, tələbələr burada həm də bir-biri ilə ünsiyyət qururdular. Bu, normal təhsil üçün çox yaxşı effekt verirdi. Ali məktəblərin özlərinə yataqxana təşkil etmələri ilə bağlı problem çox uzandı. Bunu 10-15 il öncə düşünmək lazım idi. Ali məktəblərdə təhsilin təxminən 70 faizi ödənişlidir. Yüksək təhsil haqqı ilə bərabər, həm də tələbələrin yataqxanalarda qalmaları onların təhsillərinə, geyimlərinə, yeməklərinə də mənfi təsir göstərir. Yataqxanaların olması şübhəsiz ki, tələbələrin bir sıra problemlərini yüngülləşdirə bilər. Əslində universitetlərin köçürülməsi məsələsi də gündəmdə idi ki, artıq o da unudulub. Universitetlər şəhərdən kənara köçürülsəydi, onlar böyük kampuslara malik ola bilərdilər və yataqxana məsələsi də həll olardı. Şəhərin mərkəzində isə bu cür kampuslara yiyələnmək problemli məsələdir. İndi kirayə mənzil bazarında qiymətlər həddən artıq yüksəkdir. Eyni zamanda bir çox hallarda həmin evlər tələbələrin təhsil aldıqları universitetlərdən xeyli kənarda yerləşir. Bu da əlavə problemlərə yol açır. Universitetlər tələbələrin təhsil haqları hesabına müəyyən gəlirlər əldə edirlər ki, bu gəlirlər vasitəsilə kiçik də olsa yataqxanalar tikməli idilər. Hələ ki Bakı Dövlət Universitetindən başqa hansısa universitetin yataqxana inşa etməkdə meylli olduğunu eşitmirik. Bunun özü də problem olaraq qalır. Digər universitetlərin yataqxanaları isə çox köhnədir və müasir tələblərə qətiyyən cavab vermir. Dünyanın aparıcı universitetlərin bioqrafiyasına baxarsaq görərik ki, orada yaşayış məsələləri önə çəkilir və universitetlərin reytinqində kampuslar önəmli rol oynayır”.

Həmçinin oxuyun

Almaniyanın məşhur kanalında Gəncəyə hücumla bağlı reportaj yayımlandı

Almaniyanın “Deutsche Welle” telekanalında “Dağlıq Qarabağ münaqişəsi: Gəncədəki matəm və qəzəb” adı ilə reportaj yayımlanıb. …

Bir cavab yazın