Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Un ucuzlaşdı, bəs, un məmulatları niyə ucuzlaşmır? – FOTOLAR

Un ucuzlaşdı, bəs, un məmulatları niyə ucuzlaşmır? – FOTOLAR

Yanvarın 15-dən etibarən ölkədə çörək və unun qiyməti dövlət nəzarətinə götürülüb. Prezidentin tapşırığına əsasən buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən (ƏDV) azad olunub.
Devalvasiyadan sonra 32-34 manatdan baha satılan un indi bazarda 22-23 manata alıcılara təklif olunur. Unun ucuzlaşması ilə çörəyin qiyməti də enib. 500 qramlıq zavod çörəyinin satış qiyməti 30 qəpik, 700 qramlıq zavod çörəyinin satış qiyməti isə 40 qəpikdir. Əvvəl isə bu qiymətlər 40-50 qəpik arasında dəyişirdi.
Lakin müşahidə olunan maraqlı bir məqam ondan ibarətdir ki, unun ucuzlaşması yalnız çörəyin qiymətinə öz təsirini göstərib. Yəni, çörəyin qiyməti ucuzlaşsa da, digər un məmulatlarının qiyməti ucuzlaşmayıb. Təbii ki, unun kəskin şəkildə ucuzlaşması birbaşa un məmulatlarının da qiymətinə təsir etməli idi.
Musavat.com-un əməkdaşı paytaxın bir neçə mağazasında olaraq, un məmulatlarının qiyməti ilə maraqlanıb. Müşahidəmiz zamanı məlum oldu ki, ötən il dekabrın 21-də baş verən devalvasiyadan sonra bahalaşan un məmulatları indi də eyni qiymətə vitrinlərdə öz yerini tutur.
Əvvəlcə “Çudo Peçka” kafe-mağazalarından birinə yollandıq. Buradakı qiymətlər devalvasiyadan sonrakı qiymətlərin eynisidir. Manatın dollara nisbətən dəyər itirməsindən sonra ölkədə baş verən bahalaşma bu sahədə də özünü göstərib.
Məsələn, devalvasiyadan əvvəl 60 qəpiyə satılan “kruasan” şirniyyatı indi 70 qəpikdir. 70 qəpiklik “xaçapuri”nin isə devalvasiyadan sonrakı qiyməti 80 qəpikdir. Digər məhsulların da qiymətində minimum 10 qəpikdən başlayan qiymət artımı müşahidə olunur. Bu kafe-mağazalar ölkədə fəaliyyət göstərən ən iri şirniyyat istehsalı ilə məşğul olan şəbəkələrin sırasındadır.
Növbəti baş çəkdiyimiz ünvan isə “Rahat” marketlər şəbəkəsində şirniyyat və un məmulatlarının satışını həyata keçirən “AzCake” oldu.
Onu da qeyd edək ki, “AzCake” şirniyyat mağazaları şəbəkəsi də Azərbaycanda ən geniş yayılmış şirniyyat və un məmulatlarının satışı ilə məşğul olan şəbəkələrdən biridir. Bu mağazalar şəbəkəsində də qiymətlərin ucuzlaşmasını müşahidə etmək mümkün deyil. Unun qiymətinin ucuzlaşması devalvasiyadan sonra qalxan qiymətlərin enməsinə az da olsa, öz təsirini göstərməyib. “Azcake” özünün istehsal etdiyi çörəyin qiymətində də heç bir dəyişiklik etməyib. Bu mağazada devalvasiyadan əvvəl 30-35 qəpiyə satılan bulka indi 35-40 qəpikdir. 70 qəpiklik “xaçapuri”nin qiyməti isə 81 qəpik olub. Bütün şirniyyat məhsullarının qiymətində də artım var.
Diqqətimizi çəkən məqamlardan biri də mağazaların vitrinində olan “Naxçıvan lavaşı” idi. 50 qəpiyə satılan bu məhsulun qiyməti indi də 50 qəpikdir. Lakin dəyişən lavaşın sayıdır. Əvvəl 5 ədədi 50 qəpik olan lavaşın indi 4 ədədi 50 qəpikdir.
Qeyd etdiyimiz sonuncu fakt bir çox mallarda müşahidə olunur. Mağazalarda qiymət artımı olmayan əksər malların çəkisində dəyişiklik var. Təbii ki, azalmağa doğru…
Onu da qeyd edək ki, unun və çörəyin indiki qiyməti sahikarların ürəyincə olmasa da, qiymətlər məcburən endirilib. Əldə etdiyimiz məlumata görə, məcburən qiymətlərin endirilməsi ilə bağlı çörək zavodları ixtisarlara getməyi planlaşdırır. Həmçinin ixtisara getməyən zavodlarda işçilərin maaşı azaldılacaq.
Bakıda fəliyyət göstərən ən iri çörək zavodlarından olan “Bakıxanov Çörək Zavodu”nda artıq növbəti aydan etibarən işçilərin maaşlarının azaldılacağı haqda xəbərdarlıq edilib. Zavod əməkdaşları bildirirlər ki, unun qiymətinin ucuzlaşmasından sonra rəhbərlik itirilən qazancı maaşların kəsilməsi ilə kompensasiya etmək istəyir.
Adının çəkilməsini istəməyən sahibkar musavat.com-a bildirib ki, hökumət tərəfindən atılan bu addım heç də yaxşı nəticələr verməyəcək: “Azərbaycan taxılın əsas hissəsini idxal edir. Unun indi müəyyən edilən qiyməti un satana sərf eləmir. Bəzi topdan satış məntəqələri satışı dayandırıb. Yalan da olsa, unun olmadığını deyirlər. Çörəyin də qiymətini zorla ucuzlaşdırıblar. Bazarda bütün məhsullar bahalaşıb. Çörək istehsalı üçün alınan mallar, gətirilən avadanlıqlar bahalaşıb. Bu gedişlə çörək sexlərinin və zavodlarının fəaliyyəti dayana bilər. Hökumət belə qərar verirdisə, o zaman fermerə, sahibkara dəyən zərəri ödəməlidir. Təbii ki, unun və çörəyin ucuz satılması sahibkarın marağında deyil. Sahibkar burada itirir. O da nə edəcək? Əlbəttə ki, ya işçini ixtisar edəcək, ya da buna tab gətirə bilməyəcək və işi dayandıracaq”.








Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın