Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Media / “Ukrayna dairəsi”ndə qanunsuz tikinti dayandı, fəsadları isə aradan qalxmadı

“Ukrayna dairəsi”ndə qanunsuz tikinti dayandı, fəsadları isə aradan qalxmadı

Xarabalığa çevrilən ərazi hər an can ala bilər

Bakıda tikinti sahəsində ciddi şəkildə özbaşınalığın olması məlumdur. Təəssüflər olsun ki, elə bir vəziyyət yaranıb ki, sanki paytaxtın istənilən yerində “pulunu ver, tik getsin” prosesi gedir. Bunun əsas zərəri isə təbii ki, paytaxt sakinlərinə və yaşıllıqlara dəyir. Bəzən ictimai qınaq, bu cür qanunsuzluqların mətbuatda işıqlandırılması belə halların qarşısını alır.

Qeyd etdiyimiz vəziyyət təxminən 3 il əvvəl Xətai rayonu, Məhəmməd Hadi küçəsində (Ukrayna dairəsinin yanı) hökm sürürdü. Bu küçənin sağ və sol tərəflərində yerləşən yaşıllıqların əksəriyyəti illər öncə məhv edilmişdi. Ancaq ağacların bir hissəsi sakinlərin etirazları sayəsində xilas edildi. Yerli icra hakimiyyəti ərazini qanunsuz olaraq sahibkarlara satsa da məsələ ictimailəşdirildikdən sonra geri addım atmaq məcburiyyətində qaldılar.

Ərazidə aparılan tikinti ilə bağlı rəsmi icazələrinin olduğunu deyən “Səfalı” MTK-nın iddiası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təkzib edildi və tikilinin qanunsuz olduğu məlum oldu. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov da tikintinin qanunsuz olduğunu və yaşıllığın məhv edilməsinə icazə verməyəcəyini bildirmişdi. Hətta sonradan sözügedən ərazidə BŞİH tərəfindən abadlıq işləri aparılacağı, sakinlərin istirahət etməsi üçün şərait yaradılacağı deyildi. Lakin…

Tikintinin qarşısı sonradan alınsa da təəssüflər olsun ki, onlarla ağac bu “qətliamın” qurbanı oldu, ərazi daha da xarabalığa çevrildi. İndi orada yarımçıq qalan tikili sürücülər və sakinlər üçün təhlükə mənbəyinə çevrilib.

Tikinti başlayan zaman magistral yolun bir hissəsi zəbt edilib. Ukrayna dairəsi ilə hərəkət edən avtomobillər anidən yolun zəbt edilmiş hissəsinə çıxırlar. Bu da öz növbəsində qəza vəziyyəti yaradır. Xarabalığa çevrilən tiklinin hasara alınan ərazisində tikinti materialları yol kənarında qalıb. Nəzarətsiz qalan zəbt edilmiş ərazi axşamlar “bomj”ların, küçə itlərinin məskəni olur. Ərazidən yüksələn üfunət iyi isə baş çatladır.

Məhəmməd Hadi küçəsinin sakini Ərşad Əliyev ərazidə çəkiliş apardığımızı görüb yaranan vəziyyətlə bağlı bizi məlumatlandırır. Onun sözlərinə görə, ərazinin sahibsiz qalması görüntüsü yaransa da əslində bu belə deyil: “Bu ərazini bütöv şəkildə məhv etmək istəyirdilər. Camaat şikayət etdi, mətbuatda yazıldı. Qarşısını almaq mümkün oldu. Sonradan bura belə xarabalığa çevrildi. Ancaq tez-tez bu əraziyə baxana kostyumlu kişilər gəlir. Şəkil çəkirlər, əraziyə baxış keçirib gedirlər. Onsuz da burada yaşıllıq məhv edilib. Nə vaxt olsa, buranı tikəcəklər. Bizimkilər istəsələr gecə ilə burda 5 mərtəbə tikərlər”.


95 DƏFƏ OXUNUB

Həmçinin oxuyun

Sosial şəbəkə istifadəçilərinə və KİV nümayəndələrinə XƏBƏRDARLIQ

2020-ci il sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək …

Bir cavab yazın