Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Uçqun olan binanın sakini: “Burada donuz da yaşamaz, amma biz yaşayırıq” – REPORTAJ – FOTOLAR – VİDEO

Uçqun olan binanın sakini: “Burada donuz da yaşamaz, amma biz yaşayırıq” – REPORTAJ – FOTOLAR – VİDEO

96 ailənin yaşadığı yataqxananın mətbəxində uçqun olub

Martın 28-də Bakının Xətai rayonu, Cavanşir küçəsi 10 ünvanında yerləşən yataqxanada uçqun baş verib. Musavat.com-un məlumatına görə, hadisə beşmərtəbəli binanın 3-cü və 4-cü mərtəbəsində olub. Bu səbəbdən binanın qəza baş verən hissəsində giriş və çıxış məhdudlaşdırılıb, ərazi  xəbərdaredici lentlərlə mühasirəyə alınıb. Polislər gecə saatlarından etibarən növbəli şəkildə ərazini mühafizə edirlər. 
Xoşbəxtlikdən, uçqun zamanı xəsarət alan olmayıb. Çünki hadisə saat 16:00 radələrində baş verib və həmin saatlarda mətbəxdə heç kim olmayıb.
Sakinlərin sözlərinə görə, bina uzun illərdir qəzalı vəziyyətdədir, lakin heç bir rəsmi qurum onlarla maraqlanmayıb: “Azı 6 ildir ki, müraciət etmədiyim yer qalmayıb. Hamısı bizi yola verib, ya da ümumiyyətlə dinləməyib. Bu binada 96 ailə yaşayır. Onlardan sadəcə biri qaçqındır. Qalanları isə vaxtilə Hacı Zeynalabdin Tağıyev adına toxuculuq kombinatında işləmiş, orada ev növbəsinə dayanıb, sonda burada yaşayanlardır. Bina 1957-ci ildə tikilib. Tamamilə yararsız vəziyyətdədir. Bu günə qədər kim bu binaya baxıbsa, eyni sözü deyib: “Burada yaşamaq təhlükəlidir”.
Hətta illər öncə bu binanı alıb, yerində normal yaşayış binası çəkmək istəyən xarici vətəndaş var idi. Camaata da normal kompensasiya və ya ev veriləcəkdi. Amma yerli məmurlar onun başına elə oyun açdılar ki, fikrini dəyişdi. Həmin şəxs binaya baxmağa gələndə dediyi sözlər hələ də yadımdadır. O demişdi ki, burada donuz da yaşamaz. Amma biz yaşayırıq”.
Hadisə baş verən 4-cü mərtəbədə 10 ilə yaşayır. Ailələr deyirlər ki, döşəməsi çökən mətbəxdən istifadə edərkən hər zaman ehtiyat ediblər: “Çünki qəzalı vəziyyətdə idi. Hər dəfə mətbəxə daxil olanda çökəcəyini düşünürdük. Ümumiyyətlə, bina ömrünü başa vurub, yaşamağa yararsızdır. Hər tərəfi uçulub-tökülür. Zirzəmi su içindədir. Bünövrələr çürüyüb. Burada yaşamaq hər an ölümü, uçqunun altında qalmağı gözə almaq deməkdir. Qonşu qadının oğlu Ağdamda qulluq edir. Onun hadisədən xəbəri olsa nə düşünər? O vətəni qoruyur, anası burada ölüm təhlükəsi yaşayır. Biz səhər saat 9-dan etibarən Abid Şərifovun yolunu gözləyirik. Amma nə gələn var, nə gedən”.
Nazirlər Kabineti Bakının Xətai rayonunda uçqun baş verən yataqxana binası ilə bağlı bu gün müvafiq qərar verəcək. Bunu Xətai rayon İcra Hakimiyyətinin (İH) əməkdaşı Nizaməddin Əkbərov deyib. Lakin hazırda binadakı ailələr heç bir yerə köçürülməyib.
 














Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın