Ana səhifə / Media / TV-lər faciələr baş verəndə necə davranmalıdır? – ŞƏRH

TV-lər faciələr baş verəndə necə davranmalıdır? – ŞƏRH

Martın 2-də səhər saatlarında Bakının Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin korpusunda yanğın baş verdi. 2 saatdan çox davam edən yanğın nəticəsində 25 nəfər yanıb can verdi. Dəhşətli yanğınla bağlı ölkə başçısı İlham Əliyev və aidiyyəti qurumların rəhbərləri hadisə yerində olublar.

Baş verən faciə Azərbaycan xalqını sarsıtsa da, günorta saatlarınadək yerli televiziya kanallarında çal-çağırlı, əyləncəli proqramlar yayımlanıb. Bu da bir sıra mətbuat orqanlarında, sosial şəbəkələrdə haqlı olaraq tənqidlə qarşılanıb, televiziya kanalları qınaq obyektinə çevrilib.

Qeyd edək ki, bundan öncə də ölkəni sarsıdan hadisələr baş verən zaman yerli televiziya kanallarının məsələyə adekvat yanaşmadığının, ictimai rəyə biganəlik göstərdiyinin şahidi olmuşuq. Bəs ölkədə baş verən bu cür faciələr zamanı yerli televiziya kanallarında çal-çağırın davam etdirilməsi nə dərəcədə doğrudur? Bu, qanunla tənzimlənirmi?

Təvəkkül Dadaşov ile ilgili görsel sonucu

Təvəkkül Dadaşov: “Rəsmi olaraq irad bildirməmişik, lakin burada mənəvi məsuliyyət var… “

 

Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri  Təvəkkül Dadaşov “Yeni Müsavat”a danışaraq məsələ ilə bağlı şərh bildirib: “MTRŞ rəsmi şəkildə ölkədə matəm elan olunanda, televiziya kanalları həmin gün qanunvericiliyi pozaraq əyləncəli veriliş və ya reklam yayımlayarsa ona qarşı müvafiq tədbir görə bilir. Lakin Narkoloji Dispanserdə baş verən yanğın faciəsi ilə bağlı ölkədə rəsmi olaraq matəm elan olunmayıb. Ona görə də qurum olaraq televiziya kanallarına rəsmi şəkildə iradımızı bildirməmişik. Amma burada bir mənəvi məsələ var. Yayımçılar  ölkədə baş verən faciələrlə bağlı mənəvi məsuliyyətdən çıxış edərək proqramlarına dəyişiklik edə bilərlər. Günorta saatlarında isə efirlərdə hadisəyə adekvat şəkildə reaksiya verildi. Yəni, əyləncəli verilişlər demək olar ki, olmadı. Hətta radiolarda ritmik musiqilərdən uzaqlaşmağa, faciənin ruhuna uyğun musiqi verməyə çalışdılar. Yəni, bu hallar müşahidə edildi.

Bir məsələni də qeyd edim ki, bəzən xəbər saytları və sairə yayımçılardan dərhal reaksiya gözləyir. Lakin proqramda dəyişiklik etmək, dərhal hadisəyə uyğun verilişlər vermək çətin məsələdir. Televiziya kanallarında çalışanlar bunu bilirlər. Buna görə də  televiziya kanallarını həmən qınamaq doğru deyil.

Amma məsələn, Neft Daşlarında baş verən məlum hadisəyə görə qurumumuz tele-kanallara öz iradını bildirdi. Artıq yayımçılar bu cür məsələlərdə adekvat reaksiya verməyi bilirlər”.

Qulu Məhərrəmli ile ilgili görsel sonucu

Qulu Məhərrəmli: “Bu qeyri-peşəkarlıq, həm də ictimai rəyə biganəlikdir”

Jurnalist, tele-tənqidçi Qulu Məhərrəmlinin sözlərinə görə bu cür hadisələrdə tele-kanallar bu cür olaylara dərhal reaksiya verməlidir: ”Bu faciədir baş verib, insanlar həlak olub. Heç kəs bu cür faciənin baş verməyini istəməzdi. Təbii ki, bu cür olayda televiziya kanallarının yayımladıqları proqramlara baxması lazım idi. Yəni, bunun üçün xüsusi bir göstərişə  ehtiyac yoxdur. Bu bir təcrübə, vərdiş olmalıdır. Ölkədə ağır faciə baş veribsə, televiziya mütləq  öz proqramlarına diqqət etməli, əyləncələri azaltmalıdır. Belə eləməklə televiziya kanalları heç nə itirmir, əksinə auditoriyanın rəğbətini qazanmış olur. Yoxsa məlum şit, bayağı musiqilərin yayımlanması və sairə doğru deyil. Çox təəssüf ki, televiziya kanalları bu dəsti-xətti heç cür formalaşdıra bilmir. Bu, yalnız təəssüf doğurur. Bu qeyri-peşəkarlıqla bağlıdır, həm də ictimai rəyə biganəlikdir. Düşünürəm ki, televiziyanı idarə edənlər bundan bir nəticə çıxarmalıdırlar. Bu cür olmaz. Kədər, dərd hər kəs üçündür. Hamı bu hadisədə özünü narahat hiss edir. Ölkə televiziyaları da bu hissi yaşamalıdır, həm də göstərməlidirlər. Bir verilişdə hansısa mənasız bir müğənninin mənasız ifasını verməmək olar. Bu cür hallar tamaşaçının televiziya kanallarına olan rəğbətini zədələyir”.

Həmid Herisçi ile ilgili görsel sonucu

Həmid Herisçi: “Bu cür məsələlərlə bağlı təkcə jurnalistlərdən, ulduzlardan mövqe tələb etmək doğru deyil”

Tele-aparıcı Həmid Herisçi isə qeyd edib ki, bu cür məsələlərdə təkcə jurnalistlərdən məsuliyyət tələb etmək doğru deyil:  “Bu doğrudan da faciədir, cavabdehlik tələb edir. Lakin deməzdim ki, təkcə televiziya işçilərindən, həmçinin vətəndaşların özlərindən cavabdehlik məsuliyyət istəmək lazımdır. Bəli, biz televiziya işçiləri gərək bu cür məsələlərə çox diqqətli olaq. Görünür, bəziləri o qədər də diqqət etməyib. Lakin qeyd etdiyim ki, bu cür məsələlər ilə bağlı təkcə jurnalistlərdən, ulduzlardan  mövqe tələb etmək doğru deyil. Hər kəs buna öz mövqeyini bildirməlidir”.

Qeyd edək ki, yazı dərc edildiyi müddətdə “Lider TV” açıqlama yayaraq bəyan etdi ki, faciə ilə bağlı səhər saatlarında tele-kanal öz proqramında dəyişiklik edib. Qurumun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Sədan Bünyadovanın sözlərinə görə, baş verən hadisənin insan ölümü ilə nəticələnməsi hər kəs kimi TV rəhbərliyini və kollektivini də dərindən sarsıdıb.

Belə bir məqamda TV əyləncəli və şou xarakterli verilişlərdən imtina qərarı verib: “Məsələnin həssaslığını nəzərə alaraq bu gün Lider TV-nin efirində əyləncə və şou xarakterli heç bir veriliş yayımlanmayacaq. Yalnız sənədli və bədii filmlərə yer ayırmışıq”.

Habelə, SPACE də günortadan sonra efirində dəyişiklik edib.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …