Çərşənbə axşamı , Aprel 23 2019
Ana səhifə / Media / TV-lərimiz niyə tamaşaçıya hörmət etmir? – ŞƏRH

TV-lərimiz niyə tamaşaçıya hörmət etmir? – ŞƏRH

Televiziya kanallarımızda yayımlanan verilişlər çox vaxt izləyicilərin qınağına səbəb olur, tez-tez lağ obyektinə çevrilirlər. Proqramlarda formatın düzgün seçilməməsi, efirə çıxan qonaqların mənasız və şit zarafatları, şou verilişlərdə baş alıb gedən bayağılıq birbaşa cəmiyyətin mənəviyyatına zərbə vurur.
İzləyici şou verilişlərə əylənmək məqsədilə baxır. Lakin bəzi aparıcılarının ədəbsiz danışığı, qoyulan mövzuların primitivliyi tamaşaçını efirdən “küsdürür”, əsəbiləşdirir. 
Efirlərimizdə baş verən neqativ halları aradan qaldırmaq məqsədilə Milli Televiziya və Radio Şurası (MTRŞ) xəbərdarlıq və cərimələr tədbiq edir. Bütün bunlara rəğmən, bəzi telekanallar bu kimi məqamlarla bağlı ölçü götürməkdən boyun qaçırır və bayağılığın həcmini daha da çoxaldır. 
“Space” TV-nin canlı efirində müğənni Rüfət Axundovun etikadan kənar ifadələr işlətməsi isə kasanı daşırdı. Nəticədə, Milli Televiziya və Radio Şurası (MTRŞ) TV-ni 5000 manat cərimələdi, Tv rəhbərliyi iki nəfəri işdən çıxardı. R. Axundova isə efir qadağası tətbiq edildi.
Bu kimi xoşagəlməz məqamlarla üzləşməmək üçün kanallarda Bədii Şuranın yaradılması və nəzarətin gücləndirilməsi isə artıq zərurətə çevrilib. 
Gündəmi zəbt edən məsələ və ondan irəli gələn problemlərin həlli yolu ilə bağlı Oxu.Az-ın əməkdaşı Milli Televiziya və Radio Şurasının Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşova və teletənqidçi, Əməkdar jurnalist Qulu Məhərrəmliyə müraciət edib.
T.Dadaşov deyib ki, təkcə “Space” TV deyil, bütün televiziya kanallarımız bərbad vəziyyətdədir:

“Təkcə “Space” TV və tək o müğənni deyil ki… Ümumiyyətlə, televiziyalarımız bərbad vəziyyətdədir. Müəyyən yüksək intellektə malik ifaçılarımız var. 
Yerdə qalan müğənnilərin geyim-kecimi, davranışları son dərəcə aşağı səviyyədədir. Hesab edirəm ki, bütün bunlarla bağlı ciddi addımlar atılmalıdır. İllərdir bu məsələlərin qarşısının alınmaması, yəni cəzasızlıq hər şeyi bu həddə çatdırıb.
Müğənnilər millətin əxlaqını və səviyyəsini pozmaqla məşğuldur. Cəmiyyətin üz qaralarıdır, düşüblər ortalığa. Bədənlərini, olmayan səslərini nümayiş etdirirlər. Səsləri yoxdur, fonoqramla mahnılar ifa edirlər. Bütün bunlara qarşı bir cəza metodu olmalıdır”. 
Qurum rəsmisi “TV-lərimizdə senzura olmalıdırmı” sualına isə belə cavab verib:
“Kanallarımızda Bədii Şuraya ehtiyac var. Televiziyaların sayı çoxalır və onların nəzarət mexanizmi olmalıdır. Xüsusən oradakı bədii parçalara və səhnəciklərə, eləcə də, mahnılara nəzarət edilməlidir. 
Hər televiziyanın öz Bədii Şurası olsa, daha yaxşı olar. MTRŞ gərək bu işlərlə məşğul olsun. İndi bunlara yetərincə nəzarət yoxdur. Kim necə istəyirsə, işləyir, o cür qurur öz işini. Nəticə etibarilə ortalığa yüzlərlə səhv çıxır”.

Əməkdar jurnalist Qulu Məhərrəmli baş vermiş hadisədə birbaşa telekanalları günahlandıraraq, onların fəaliyyətini pisləyib:
“Çox təəssüf hissi ilə bildirmək istəyirəm ki, bu gün Azərbaycan cəmiyyəti orta və aşağı səviyyəli şou əhlinin təsiri altındadır. Bu, xüsusilə gənclərin davranışında çox aydın şəkildə görünür. “Space” TV-də baş verən hadisə də bunun bariz nümunəsidir. 
Bu hadisə niyə baş verib? Mənim düşüncəmə görə, bu, birinci növbədə ona görə baş verir ki, televiziya işçiləri öz peşələrinə, öz işlərinə və vəzifələrinə laqeyd və məsuliyyətsiz yanaşırlar.
Məsələn, necə ola bilir ki, ifaçının fonoqramı buraxılır, lakin səs rejissoru səs kanalını bağlamır?
İkincisi, necə ola bilir ki, studiyada oturan müğənni o cür qeyri-etik, jarqon ifadələrlə danışır?
Tutalım ki, heç kəs duymur və ya görmür. Amma iki müğənninin bir yerdə bu səviyyədə danışması özü də, həqiqətən, çox məyusedicidir. 
Üçüncüsü, MRTŞ-nin müdaxiləsi və cəriməsi, hesab edirəm ki, düzgün və yerindədir. İllər ərzində “Space” TV-də və digər özəl telekanallarda məsuliyyətsizlik, tamaşaçıya hörmətsizlik bu şəkildə özünü büruzə verir”. 
Q.Məhərrəmli TV aparıcılarından da söz açıb:
“Televiziyalarda aparıcıları kanalın rəhbəri seçir, bu, onun boynuna düşən işdir. Bizdə aparıcıları az qala küçədən tutub efirə gətirirlər. Kimsə qonaqlıqda görür, xoşuna gəlir, təsirlənərək deyir ki, bundan yaxşı aparıcı olar. Bu yollarla onlar efirə yol açır. Çünki bizdə çox şey televiziya sədrinin bəzən bəsit olan zövqü ilə müəyyənləşir”. (oxu.az)

Həmçinin oxuyun

AzTV-dəki Bədii Şura üzvləri hərəkətə keçdi – TV-lərdəki vəziyyətlə bağlı

Bu gün Azərbaycan teleməkanında olan vəziyyət hər birimizi narahat edir və etməlidir.Oxu.Az xəbər verir ki, bunu …