Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Toya hazırlıq xərcləri: 655 manata pencək, 1500 manata libas… – REPORTAJ

Toya hazırlıq xərcləri: 655 manata pencək, 1500 manata libas… – REPORTAJ

Məhərrəmlik bitib, toy mövsümü başlayıb. Toy ərəfəsində tək mərasim sahibinin deyil, toya gedən qonaqların da xərcləri artır. Söhbət toya salınan puldan getmir, qonağın mərasimə hazırlıq xərclərindən gedir. 
Kişilər bir kostyumu 2-3 məclisə geyinirlər və bunu heç kim söz etmir. Qadınlarda isə durum bir az fərqlidir. Onlar daha kaprizlidir, bir mərasimə geyinilən libası ikinci dəfə geyinmirlər.
Yəqin ki, hamınız qadınların dilindən tez-tez “O paltarı filankəsin qızının toyuna geyinmişəm, iş yoldaşımın doğum günü məclisinə geyinə bilmərəm”, “Filankəs  Asyanın oğlunun toyuna geyindiyi libası Fatmanın qızının toyuna da geyinmişdi” kimi ifadələri eşidirsiniz.
Yəni, bir qadının toya hazırlaşması daha məsrəflidir. Ayda ən azı 1 dəfə toya dəvət olunduğumuzu nəzərə alsaq, deməli, bir xanım hər ay müəyyən büdcəni yalnız dəvətlər üçün alacağı geyimlərə ayırmalıdır.
Musavat.com saytının əməkdaşları bu xərclərin nə qədər olduğunu öyrənmək üçün öncə bazara, sonra şəhərin sayılıb seçilən mağazalarına üz tutublar. Bunun səbəbi oxşar geyimlərə xərclənən pulların miqdar fərqini bilmək idi ki, bunu da reportaj zamanı öyrənmiş olduq.

Kişi kostyumu 65 manat, ayaqqabısı 25 manat… Təbii ki, endirim də olacaq

İlk dayanacağımız “8-ci kilometr” bazarıdır. Öncə kişi kostyumlarının qiyməti ilə maraqlandıq. Bir neçə dükana baş vurduq. Qiymətlər demək olar ki, eynidir, 60 manatdan başlayır, 150 manata kimi davam edir.
Satıcı israrla əməkdaşımızın kostyumu geyinməsini istəyir: “Geyinin baxın, endirim edəcəyik. Onsuz da satış azalıb. 65 manatdır, 55 manata verərəm”.
Bir neçə mağazaya da baxacağımızı deyib, oradan uzaqlaşmaq istəyəndə satıcı deyinməyə başlayır: “Bu malı başqa yerdə sizə 70 manata verəcəklər”. 
Növbəti maraqlanacağımız köynəklərdir. Buradan 13 manata toy üçün özünüzə köynək ala bilərsiniz. Ayaqqabılarda isə qiymətlər müxtəlifdir. Çöldə piştaxtaya düzülən ayaqqabılar daha ucuzdur. 20-25 manatdan başlayır və getdikcə qiyməti qalxır. Buradakı ayaqqabılar yerli istehsaldır.
Ən azından satıcı bunu dedi: “Hamısı öz istehsalımızdır. Sexdə tikilir. Bir mövsüm rahat geyinmək olar”.
Bazarın içərisində yerləşən şöbələrdə isə qiymətlər daha bahadır. Burada istəyinizə uyğun ayaqqabının ən ucuzu 35-40 manatdan başlayır. Satıcılar da müştərini əmin etməyə çalışır ki, ayaqqabılar Türkiyədən gətirilib və daşa-kəsəyə davamlıdır.

Qadının toya hazırlaşması üçün 80 manat kifayətdir

Kişi şöbələrindən uzaqlaşıb, qadınlar üçün nəzərdə tutulan mağazaları gəzirik. Demək olar ki, bazarda qadınların toya geyinə biləcəyi libaslar çox azdır. Bir neçə şöbə gəzdikdən sonra axtardığımız libaslara rast gəlirik.
Burada qiymətlər o qədər də baha deyil, 30 manata bərli-bəzəkli geyim tapmasanız da, adi, bir gün toya, gündəlik işə, gəzintiyə geyinə biləcəyiniz geyimlər tapa bilərsiniz. Ayaqqabı və çantaların qiymətləri də bir-birinə çox yaxındır. Ayaqqabılar 30 manatdan, çantalar isə 15 manatdan başlayır.
Deməli, toya gedən kişi alış-verişi bazardan edərsə, hazırlıq ona 98 manata, qadına isə 80 manata başa gələr. Təbii ki, qadının saç və makiyaj xərclərini bura aid etmirik.

Par-par parıldayan libaslar, 655 manatlıq pencək…

Bazardan çıxıb, şəhərin sayılıb-seçilən mağazalarının yerləşdiyi alış-veriş mərkəzlərindən birinə yollanırıq. Burada qiymətlər bazardakından qat-qat bahadır. Daxil olduğumuz ilk mağaza xanımlar üçün nəzərdə tutulub.
Geyimlər  par-par parıldayan qaşları, rəngbərəng parçaları ilə bir-birindən seçilir. Kənardan baxanda artıq geyimlər özü qiymətlərindən xəbər verir. Burada geyimlərin qiyməti 150 manatdan başlayır, 1500 manata kimi davam edir. Ayaqqabılar 55 manatdan, çantalar isə 110 manatdan başlayır.
Digər mağazada qiymətlər daha münasibdir: 65 manata libas, 44 manata ayaqqabı, 35 manata çanta… Satıcı ilə söhbət zamanı bildirir ki, hazırda mağazada endirimdir. Ona görə də qiymətlər digərlərinə nisbətən daha ucuzdur. Əgər, brend mağazalar üçün nəzərdə tutulan endirim kartımız olsa, alış-veriş bizə daha ucuz başa gələr.
Qadın mağazalarından çıxıb, kişilər üçün nəzərdə tutulan dükanları gəzirik. Bu dəfə üz tutduğumuz mağaza adı ilə bir çox ölkələrdə məşhurdur. Burada şalvar və pencəklər ayrılıqda satılır.
Satıcı əlimizi uzatdığımız pencəyin qiymətinin 655 manata olduğunu deyir: “O pencəklər 655 manatadır. Onun parçasından hazırlanmış şalvarlarımız da var. Şalvarı isə 250 manatadır. İstəsəniz, bu pencəyə uyğun qara və ya başqa rəngdə şalvar da təklif edə bilərik”.
Satıcıya təşəkkür edib, daha bir fantastik rəqəm eşitməmək üçün ayaqqabının qiymətini soruşmadan mağazanı tərk edirik.
Növbəti mağazada pencəklər 110 manat, şalvarlar 44 manat, ayaqqabılar isə 70 manatdan başlayır. Bir az da axtarsaq, 40-55 manata da kişi ayaqqabıları tapmaq olar. Kişi köynəklərinin qiyməti isə 65 manat civarındadır.
Deməli, toya gedən kişi alış-verişi AVM-dən edərsə, hazırlıq ona 290 manata, qadına isə 144 manata başa gələcək.
Təbii ki, bizim yazdıqlarımız minimum qiymətlərdir. Əlbəttə, buraya toya salacağımız minimum 50 manatı da əlavə etsək, bir toy üçün ən azı 200 manatımızdan keçməliyik.













Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın