Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Tikinti şirkətindən – ŞİKAYƏT

Tikinti şirkətindən – ŞİKAYƏT

Şeyx Məhəmməd Xiyabani küçəsi 5 ünvanındakı hələ tam hazır olmayan 16 mərtəbəli yaşayış binasından mənzil alan Nizami Eldarov, “Yeni Yasamal” Mənzil-Tikinti Kooperativindən (MTK) şikayətçidir.
Şikayətçi bildirib ki, “Yeni Yasamal” MTK-nın sədri Cahangir Alışovun qeyd olunan binasından 2 otaqlı mənzil alıb. Sonradan isə məlum olub ki, həmin mənzil ondan başqa digər bir şəxsə də satılıb.
N.Eldarov bildirib ki, məsələ ilə bağlı müvafiq instansiyalardan kömək ala bilməyincə, hadisəni ictimailəşdirmək qərarına gəlib.
Şikayətçi problemi aşağıdakı kimi anladıb: “10 may 2014-cü ildə “Yeni Yasamal” MTK tərəfindən tikilən 16 mərtəbəli binanın 10-cu mərtəbəsindən 62 nömrəli 2 otaqlı mənzil aldım. Mənzilin ümumi sahəsi 98.8 kvadrat metr idi. Baxmayaraq ki, müqavilədə 44 min 125 manat göstərilib, ancaq məndən mənzil üçün 50 min manat aldılar. Bundan əlavə 700 manat da sonradan qapıya vermişəm. Mənzil veriləndə məlum oldu ki, məndən başqa da adama satılıb. Bununla əlaqədar Cahangirin yanına getdim. Dedim bu, nə məsələdir. Cahangir mənə dedi ki, heç bir problem yoxdur, sənə 72-ci mənzili verirəm. Bir müddət sonra 72-ci mənzilə gedəndə mühafizəçi məni içəri buraxmadı. Sonradan öyrəndim ki, bu mənzil də digər bir adama satılıb. İndi də nə ödədiyim 50 min manatı qaytarırlar, nə də mənzilimi verirlər. Heç daha onlardan mənzil istəmirəm. İki dəfə məni aldadıblar. Pulumu versinlər, başqa yerdən ev alacam. Oğlum bir ildən çoxdur ki, nişanlıdır. Həmin mənzili almışdım ki, onu evləndirib, oraya köçürəm. Ancaq Cahangir Alışov başımıza bu cür oyun açdı. İndi də nə onun özü ilə əlaqə saxlaya bilirəm, nə də vəkili Habil Fətəliyevlə… Hara da müraciət etsək, elə deyirlər ki, araşdıracağıq. Ancaq faktiki olaraq, ortada heç nə yoxdur”.
Qeyd edək ki, “Yeni Yasamal” MTK ilə bağlı redaksiyamıza daha öncə də çoxsaylı şikayətlər daxil olub. Sakinlərin əksəriyyəti bu və ya digər formada MTK-nın rəhbərliyi tərəfindən aldadıldıqlarını bildiriblər.
Hələ ötən ilin noyabr ayında şikayət əsasında mövqeyini aldığımız Cahangir Alışovun vəkili Habil Fətəliyev bildirmişdi ki, mənzillərin ikinci adama satılması məsələsi yalandır: “Belə bir hal yoxdur. O binandan ev alanlar elə həmin sakinlərdir. Başqa adama ev satılmayıb. Sadəcə olaraq maddi imkansızlığa görə binanın tikintisində gecikmə oldu. Sakinlər də tələsirlər ki, evlərinə tez köçsünlər. Başqa heç bir problem yoxdur”.


Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın