Bazar , Oktyabr 25 2020
Ana səhifə / Media / Tiflis, yoxsa Tbilisi yazaq… – ŞƏRH

Tiflis, yoxsa Tbilisi yazaq… – ŞƏRH

Bir neçə gün öncə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı oldu, ilk yük qatarı yola salındı. İllərlə gözlənilən bu cür möhtəşəm layihənin həyata keçirilməsi ölkəmizdə böyük sevinclə qarşılandı.

Mətbuatda, mediada layihə bəzən “Bakı-Tbilisi-Qars” bəzən isə “Bakı-Tiflis-Qars” kimi qeyd olundu. Ümumiyyətlə, mətbuatda bəzən Tiflis, bəzən isə Tbilisi yazılmasının şahidi oluruq. Tbilisi, yoxsa Tiflis? Bundan əvvəl də bu məsələ bir neçə dəfə müzakirə olunsa da, son olaraq bir nəticə əldə edilməyib.

Bununla bağlı apardığımız qısa araşdırmadan məlum oldu ki, Gürcüstanın paytaxtı olan Tbilisi 1936-cı ilə qədər Tiflis adlanıb. Yəni, şəhərin qədim adı Tiflis olub. Sonradan ad gürcüləşdirilərək “isti bulaqlar” mənasına gətirilib.  Lakin bu gün də əksər azərbaycanlılar, o cümlədən mətbuat nümayəndələri şəhərin ilk adından istifadə edir.

Image result for Vüqar Əhməd

Filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Vüqar Əhməd mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı çox böyük tarixi hadisə oldu. Bununla da Azərbaycanın dünyaya çıxışı oldu, layihə Avropa ilə Asiyanı birləşdirdi. Həmçinin iqtisadi cəhətdən də ölkəmiz üçün çox böyük əhəmiyyətli olaydır. Gürcüstanın paytaxtının adına gəldikdə isə Tbilisi gürcü sözüdür. Ruslar da, biz də bəzən Tbilisi yazırıq. Amma uşaqlıqdan hamımız Tiflis eşitmişik. Hətta mahir klarnet ifaçısı Şəmsi İmanov “Tiflis” adında məşhur bir rəqs ifa edib. Mən şəxsən rəsmi yerlərdə Tbilisi işlətsəm də, əsasən Tiflis sözündən istifadə edirəm. Bunun üçün də Tiflis sözünün tərəfdarıyam. Tiflis daha doğmadır. Tarixən dövrü mətbuatımızda, əsərlərimizdə Tiflis deyə qeyd etmişik. Necə ki, Yerevan əslində İrəvandır, gürcülər Tbilisi desələr də, biz qədim adı ilə Tiflis deyirik”.

Image result for Qulu Məhərrəmli:

Filologiya elmləri doktoru, tanınmış jurnalist Qulu Məhərrəmli: “Burada heç bir mübahisə yoxdur. Yəni, şəhərin bu gün rəsmi adı Tbilisidir. Danişiqda Tiflis deyilə bilər. Amma qeyd etdiyim kimi rəsmi adı Tbilisidir. Ona görə də Tbilisi qeyd olunmalıdır.

Tiflis sözündən istifadə yanlışdır. Coğrafi  adlar olduğu kimi qeyd olunmalıdır. Hazırda həm gürcülər, həm də ruslar bu cür qeyd edirlər. Bəzən Yeravanı İrəvan, Stepanaketi Xankəndi kimi qeyd edirlər. Bu yanlışlıqdır. Anlamaq olmur ki, bunu niyə edirlər? Bu cür ucuz variantlar yolverilən deyil. Şəhərin adı necədirsə, o cür də qeyd olunmalıdır. Orfoqrafiyada da bu adlar dəqiq göstərilib. Çox arzu ediləndir ki, jurnalistlərimiz bu cür mənasız eksperimentlər etməsinlər. Lazımdırsa, adlarla bağlı yazılar yazsınlar. Lakin ölkənin, şəhərin, rayonun adı rəsmi şəkildə necədirsə, o cür də qeyd etsinlər”

Həmçinin oxuyun

Sosial şəbəkə istifadəçilərinə və KİV nümayəndələrinə XƏBƏRDARLIQ

2020-ci il sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək …