Bazar , Fevral 25 2024
Ana səhifə / Media / Tanınmış psixoloq telekanalları sərt tənqid etdi: “Bayağı, vulqar, qeyri-etik ifadələr…”

Tanınmış psixoloq telekanalları sərt tənqid etdi: “Bayağı, vulqar, qeyri-etik ifadələr…”

“Efirdə yayımlanan serialların 90 faizi insanların formalaşmasına mənfi təsir göstərir”.

Bunu psixoloq Gülnar Sadiq “Cebhe.info”-ya açıqlamasında deyib.

O qeyd edib ki, bəzi seriallar və filmlər gələcəyimizin formalaşmasına çox pis təsir edir:

“Hətta bu gün uşaqlar belə izlədikləri seriallardan mənfi misallar göstərirlər. Onlar bəzən serialların vulqar, qeyri-etik ifadələrindən də gündəlik olaraq istifadə edirlər. 

Soruşanda da bunu seriallardan və filmlərdən öyrəndiklərini deyirlər. Hansı ki, bunlar uşaqların gələcəyinə müsbət təsir edəcək misallar deyil. Ümumiyyətlə, insan nəyi görürsə, şüuraltı da o formada inkişaf edir.

Nəzərə almaq lazımdır ki, bizim inkişafımız sadəcə ailəmizlə ünsiyyət qurmaqla olmur. Televiziya ekranı vasitəsilə də nələrisə öyrəndiyimizi unutmaq olmaz. 

Bəzən televiziyada səsləndirilən sözləri uşaqların eşitmədiyini düşünürük. Amma uşaqlar o qədər enerjili olurlar ki, bütün söhbətləri eşidirlər. Üstəlik, evdəki böyüklər baxdığı üçün sözügedən seriallar uşaqların da diqqətini çəkir”.

Psixoloqun sözlərinə görə, bəzi seriallar insanların düşüncə tərzinin aşağı düşməsinə səbəb olur:

“Sözügedən seriallar insanlara və cəmiyyətə qarşı düşüncələrimizə də təsir edir. Bu isə təbii ki, iş və sosial həyatımıza da təsir göstərir. Hətta iş yoldaşları və tələbələr də serialları müzakirə edirlər. Bu da insan potensialının aşağı düşməsi deməkdir. 

Məsələn, 5 insan bir araya gələndə öz işlərindən deyil, yararsız seriallardan danışırlar. Bu isə bizə heç bir yeni bilgi qazandırmır. Üstəlik, seriallarda mövzuların standart olduğunu da hamı əzbər bilir.

Təəssüflər olsun ki, ailə, cəmiyyət və məişət mövzuları çox mənfi istiqamətdə göstərilir. Düşünürəm ki, bu gün televiziyada yayımlanan serialları müzakirə etməklə heç nə öyrənə bilmərik. Bunu təkcə valideynlər deyil, həmin serialları ərsəyə gətirənlər də düşünməlidirlər. Çünki biz bu seriallarla qidalanırıq”.

Gülnar Sadiq efirdə yayımlanan aşağı səviyyəli verilişləri də tənqid edib:

“İzləyicini ekran qarşısına toplamağı bacaran, onlara yeni məlumatlar verən verilişlər hazırlanmalıdır. Belə verişilər olsa da, çox süni formada hazırlayırlar. 

Ona görə də tamaşaçılar efiri izləməkdən qaçırlar. Bəzi aşağı səviyyəli verilişlər əfsuslar olsun ki, insanların diqqətini daha çox cəlb edir. Onların hansı formada etdiklərini də hər kəs bilir. Amma aşağı səviyyəli verilişlər insanların düşüncə tərzini adiləşdirib, ucuzlaşdırıb. 

Əvvəl ailə-məişət mövzularını qonşuya belə demirdilər ki, ayıbdır. Hətta qonşu bizim evin səsin eşidəndə utanırdıq. Amma indi ailə içərisində olan mövzularını çıxıb efirdə danışırlar. Üstəlik, bunu utanmadan, çəkinmədən deyirlər. İnsanların düşüncəsi bu qədərmi ucuzlaşıb? 

Xüsusən də bəylərin cəmiyyət qarşısına çıxaraq öz ailə problemlərini danışmasını qeyd etmək lazımdır. Övlad belə atadan hansı nümunəni götürə bilər? Həmin övladlar gələcəkdə özü necə ata olacaq? Efirdən bizə təqdim edilən səviyyəsiz seriallar və verilişlər şüurlatımıza təsir edir. 

Artıq biz cəmiyyət olaraq düşünürük ki, həyat tərzimiz bundan ibarətdir. Təəssüflər olsun ki, efirlər bunu bizə sanki peyvənd kimi aşılayırlar”. 

Həmçinin oxuyun

Jurnalist Nərgiz Absalamovanın həbs müddəti daha 3 ay artırıldı

“AbzasMedia” ilə bağlı cinayət işi üzrə həbsdə olan jurnalistlərdən biri – Nərgiz Absalamova haqqında həbs …